“Xural” qəzetinə qarşı məhkəmə qanunsuzluqla başladı

Adam Tlexuray

Bir proses iki dəfə keçirildi

 Dünən Nərimanov Rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə “Xırdalan Pivə” ASC-nin “Xural” qəzetinə qarşı qaldırdığı iddia əsasında hazırlıq iclası keçirilib.

Saat 10:30 təyin edilən məhkəməyə gəldikdə hakimin köməkçisi artıq prosesin başa çatdığını bildirdi: “Məhkəmə iclası saat 09:30-a təyin edilmişdi. İclas başa catıb”. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı məhkəmə başlamamışdan əvvəl qanunsuzluğa yol verildiyini bildirdi: “Mənə göndərilən çağırış vərəqəsində iclasın saat 10:30-a təyin edildiyi göstərilib. Necə ola bilər ki, məhkəmə bir saat əvvəl keçirilib? İddiaçı tərəf məhkəmədə iştirak edibmi?” Hakimin köməkçisi qarşı tərəfin iclasda iştirak etdiyini bildirdi. Daha sonra “Xural” qəzetinə göndərilən çağırış vərəqəsinə baxaraq yanlışlıq olduğunu söylədi: “Məhkəmə zalları azdır. O üzdən qrafikdə yanlışlıq olub”. Ə.Zeynallının etirazlarından sonra məhkəmə iclası yenidən keçirildi.

Məhkəmənin tərkibi elan edildikdən sonra Ə.Zeynallı bir prosesin artıq keçirildiyini bildirdi: “Bu gün saat 09:30-da proses keçirilib. Siz indidən qanunsuzluğa yol verirsiniz”. Hakim S.Quliyeva məhkəmənin keçirilməsini inkar etdi: “Məhkəməni mən keçirirəm. Köməkçim sizə yalan deyib”. Daha sonra Ə.Zeynallı hakimə etirazını bildirdi: “Siz “Xural” qəzetinə qarşı qərəzli mövqe nümayiş etdirirsiniz. Əvvəlki məhkəmələrdə ədalətsiz qərarlar qəbul etmisiniz. Buna görə sizin hakimliyinizdən imtina edirik”. Hakim etirazın növbəti iclaslarda yazılı şəkildə təqdim edilməsinin lazım gəldiyini bildirərək, vəsatəti baxılmamış saxladı. Vəkil Elçin Sadıqov məhkəmədə növbəti vəsatətlə çıxış etdi: “Mülki iddialarda iddiaçı tərəf mütləq məhkəmədə iştirak etməlidir. İddiaçı tərəf məhkəmədə iştirak etmədiyinə görə, iş xitam olunmalıdır. Tələb edirik ki, işə xitam verilsin”. Hakim S.Quliyeva iddianı təmin etmədi. Daha sonra vəkil növbəti vəsatətlə çıxış etdi. O, ərazi aidiyyatının dəyişdirilməsini tələb etdi: “Xahiş edirik, iddia aidiyyatı üzrə Yasamal məhkəməsinə göndərilsin”. Hakim “Xural” qəzetinin rəsmi ünvanı ilə bağlı məhkəməyə sənəd təqdim edilməsini xahiş etdi. Eyni zamanda məhkəmə prosesi dayandırıldı.

Məhkəmədən sonra vəkil E. Sadıqov prosesdə ciddi qanun pozuntularına yol verildiyini bildirdi: “Mülki Prosessual Məcəlləyə görə, iddiaçı məhkəməyə gəlmirsə, iddia baxılmamış saxlanılır. Hakim qanunu kobud şəkildə pozaraq vəsatətimizi təmin etmədi. Qərarlardan şikayət verəcəyik”.

 Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 053 (462), 07 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button