A.M.A.Y.-dan Texnikabanka sərt – Cavab

abdulla abdullayev - amay““Texnikabank” ASC-nin yaydığı açıqlama A.M.A.Y. MMC-nin çoxsaylı kollektivi tərəfindən hiddətlə qarşılanıb. Hər şeydən əvvəl «Texnikabank» ASC-nin məsuliyyətsiz, hər cür ciddilikdən uzaq açıqlamaları qeyri-ciddiliyi və savadsızlığı ilə seçilib. Birinci cümlədən sonuncu cümləyə qədər qeyri-dəqiq və ard-arda verilən yanlış açıqlamalar nə «Texnikabank»a yaraşır, nə də bizə” .

Bu açıqlamanı XuralTAC-a A.M.A.Y. MMC-nin mətbuat xidməti göndərib. Açıqlamanı olduğu kimi təqdim edirik:  “Hər şeydən əvvəl onu bildirək ki, mətbuat konfransını «Texnikabank»ın iddia etdiyi kimi Abdulla Abdullayev ofisində keçirməyib, tam tərsinə, «Texnikabank»ın qanunsuz icraatlarından zərər çəkən 34 şirkətin nümayəndə və rəhbərləri keçirib. Bu şirkətlərin nümayəndələri ciddi mətbuat orqanlarının əməkdaşlarının gözlərinin qarşısında baş verənlər haqqında ətraflı məlumat veriblər və başlarına «Texnikabank» tərəfindən açılan oyunlardan danışıblar.

Təminatlı resursların təyinat üzrə işlənməməsinə gəlincə, hələ indiyə qədər «Texnikabank» rəhbərliyi bilmir ki, bu, cinayət deyil. Əgər təminatlı kreditlər hər hansı bir işə yerləşdirilibsə, artıq bu, həmin sahənin inkişafıdır. Necə ki, «Texnikabank»ın özü qeyd edir ki, həmin kreditlərə yetərli qədər təminat qoyulub.
«Texnikabank»ın iddia etdiyi monitorinq keçirilmişdisə, nədən məhkəmədə monitorinq keçirən adam səkkizmərtəbəli binaya «onaltımərtəbəli bina» deyir? Vəsaitin məqsədinə uyğun istifadə olunub-olunmamasını isə, bank rəhbərliyi daha dəqiq bilir – vəsait nə üçün və kimə verilib? Əgər cəmi bir gün əvvəl açılan şirkətə bankın rəhbərliyi kredit verirsə, bu krediti verməkdə marağı və məqsədi nə idi?

«Texnikabank»ın açıqlamasında deyilir ki, vəsait AMAY və Abdulla Abdullayevə verilib. A.Abdullayev xəzinədar deyil və «Texnikabank»ın rəhbərliyi kimi kabinetində oturub xəzinədarlıq etmir. Normal insanlar da, qeyri-normal insanlar da, şəxsiyyəti olub-olmayanlar da, hər cür axmaqlar da hər hansı bir məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Amma bu, o demək deyil ki, bütün müraciətlərə cinayət işi qaldırılmalıdır. Bütün işlərin özünün öhdəliyi və həll olunma yeri var.
Son hadisələr göstərir ki, «Texnikabank» bir maliyyə qurumu olaraq, bəzi dövlət adamlarına təsir etmək gücündədir. Amma hansısa cinayət haqqında məhkəmə qərarı olmadan «Texnikabank»ın bizi cinayətkar elan etməsi, məhkəmə orqanlarına da təsir etmək məqsədi daşıyır. Bəlkə «Texnikabank» rəhbəri özünü qanunun və məhkəmə orqanlarının üstündə görür? Onu biz deyə bilmərik, amma biz dövlətimizə, onun qanunlarına güvənirik və məhkəmə orqanlarının ədalətli qərar çıxaracağına inanırıq.
Biz qanunun aliliyini istəyirik. Bizim cinayətkar olub-olmadığımız, krediti məqsədli və ya məqsədsiz götürüb-götürmədiyimiz işin əsası deyil, işin əsası, sırf mülki qaydada baxılmalı olan işin cinayət işinə çevrilməsidir.

Nə AMAY rəhbərliyi, nə də sözü gedən şirkətlər dövlətin heç bir təşkilatına şər-böhtan atmır. Biz hər şeyin qanun çərçivəsində həllinin tərəfdarıyıq. Əgər «Texnikabank» bizi ictimaiyyət və dövlət qarşısında ittiham etmək fikrindədirsə və yaxud cinayətkar adlandırırsa, bizim mövqeyimiz cəmiyyətə və dövlətə məlumdur. Biz həmişə dövlətimiz və dövlətçiliyimiz üçün çalışmışıq. Qoy «Texnikabank» rəhbərliyi mövqeyini müəyyənləşdirsin. Dünyada gedən bu böhran dövründə yüzlərlə şirkəti piramida quraraq bank sisteminə uyğun gəlməyən formada çökdürmək, qeyri-qanuni tədbirlərlə iş adamlarını təzyiqlərə məruz qoyub, onların mal-mülklərini əldə etmək dövlətçilikdirmi? Bu, insanları dövlətin əleyhinə qaldırmaq deyilmi?
AMAY-ın başqa banklar və şəxslər qarşısında öhdəliklərinə əməl edib-etməməsinə gəlincə, AMAY bütün öhdəliklərinə cavabdehdir və onları yerinə yetirməyə hazırdır.
«Texnikabank»ın məsləhətlərinə şirkətlərin cavabları da var. Şirkətlər bütün məsələləri Azərbaycan qanunvericiliyi çərçivəsində həll etməyə hazır olduqlarını bəyan edirlər».

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button