“A.M.A.Y” ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayev azadlığa buraxıldı

XuralTAC-ın məlumatına görə, məşhur iş adamı Abdulla Abdullayev bu gün Ali Məhkəmənin qərarı ilə azadlığa buraxılıb.

Ali Məhkəmədə AMAY ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə başa çatıb. Bu barədə məlumat verən vəkil Şahin Rəfiyev bildirib ki,  hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə elan edilən qərara görə, A.Abdullayevin cinayət işində Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddələri hissəsinə xitam verilib. Məcəllənin 70-ci maddəsi tətbiq edilərək, iş adamı 5 il sınaq müddəti olmaqla şərti azadlığa buraxılıb.
Qeyd edək ki, A.Abdullayev 2015-ci ilin aprel ayının 4-də həbs edilib.
Baş Prokurorluğun rəsmi məlumatına görə, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş A.Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu AMAY MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib.
O, Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində A.Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A.Abdullayev apellyasiya şikayəti verib.
Dekabrın 11-də Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Daha sonra A.Abdullayev kassasiya şikayəti verib. Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə A.Abdullayev kassasiya şikayətini geri götürdüyünü bildirib.

Abdulla Abdullayev məhkəmə prosesi zamanı üzərinə qoyulan bütün ittihamları rədd etmiş və həbs olunmasının səbəbində ona məxsus əmlakın mənimsənilməsi üçün vasitənin durduğunu bəyan etmişdi.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button