Abbas Lisani: “Azərbaycan Milli Hərəkatı göbələk kimi yerdən çıxmayıb”

Hərəkat lideri prokuror və məhkəmə sədrini ittiham edib

Cənubi Azərbaycan milli hərəkatının liderlərindən Abbas Lisani Ərdəbil şəhərində keçirilən apellyasiya məhkəməsində İrandakı milli ayrı-seçkilik siyasətinin 100 ildən bəri davam etdiyini gündəmə gətirərək, prokurora və məhkəmə sədrinə ağır ittihamlar yönəldib.

Məlumatı “Turan” İnformasiya Agentliyi yayıb.

A.Lisaninin vəkillərininin verdiyi şikayət ərizəsinə Ədəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində baxılarkən şəhərin yeni prokuroru Lisaniyə daha əvvəl verilən 8 illik həbs cəzasının artırılmasını tələb edib.

Məhkəmənin son söz verdiyi A.Lisani isə deyib: “Hökm ömür boyu və hətta edam da olsa, öz fikirlərimdən zərrə qədər də vaz keçmərəm. Əgər həqiqətən ədalətiniz varsa, bu qapıları açın, xalq və dünya bu məhkəməni görsün. Azərbaycan Milli Hərəkatı göbələk kimi yerdən çıxmayıb. Ən azı bir əsrdən çoxdur ki, türk millətinə qarşı həyata keçirilən zülmün və ayrı-seçkiliklərin nəticəsində meydana çıxıb. Buna görə hər bir Azərbaycan türkü bu ayrı-seçkiliyə öz reaksiyasını demokratik yollarla göstərməkdə tamamilə haqlıdır. Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaqdır”.

Apellyasiya məhkəməsi hökmün oxunacağı tarixi elan etməyib.

Abbas Lisani milli ideyaları müdafiə etdiyinə görə İran məhkəmələri tərəfindən dəfələrlə həbs cəzasına məhkum edilib. İndiki məhkəmə prosesindən öncə isə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button