Abdulla Abdullayev: “Xudafərin” işinə burada niyə baxılır, başa düşmürəm”

abdulla 314.04.2015

“AMAY Abdulla”: “Xudafərin” işinə burada niyə baxılır, başa düşmürəm”

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə AMAY Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə keçirilən məhkəmə prosesi keçirilib. Bu günkü prosesdə “Xudafərin” MMC epizodu üzrə istintaq tərəfindən zərərçəkmiş qismində tanınmış şəxslər bir neçə nəfər dindirilib.

Elçin Əliyev “Xudafərin” MMC-dən mənzil aldığını, oranı təmir etdiyini və təqsirləndirilən şəxsdən heç bir şikayətinin olmadığını bildirdi.

Eldar Cəfərov da şikayətinin olmadığını bildirsə də indiyə qədər mənzilin tam təhvil verilmədiyini söylədi: “Bizim tələbimiz odur ki, mənzilimiz təhvil verilsin. 2005-ci ildə ora köçməli idim, amma 10 ildir köçə bilmirəm. Binanın komplektləşdirilməsini istəyirik. Mənzilimiz tam təmir olunmadığına görə bir dəfə Binəqədi, bir dəfə də Nərimanov Rayon məhkəmələrinə şikayət etmişik. Binada kanalizasiya xətti quraşdırılmayıb, lift işləmir”.

Abdulla Abdullayev sərt cavab verərək, zərərçəkənin düz danışmadığını deyib. “2 il əvvəl orada 8 blokda lift qoyulub. Həmin liftlərə yük vurub qaldırıblar. Deyirsiniz işıq yoxdur, bilmədiyiniz şeyi danışmayın. Oranın işığı da var, kanalizasiya xətti də. Korrupsiya İdarəsi cinayət işi başladığına görə işləri davam etdirə bilmədik. Bu adamlar nisyə söhbət danışır. Mən Azərbaycandan 2012-ci ilin noyabrında getmişəm. Liftləri qoyan şəxsin də pulu tam ödənilib. Özüm gedib binaya baxmışam. Əgər məsləhətdirsə, adam ayırın, gedib baxsınlar. Ümumiyyətlə, “Xudafərin” işinə burada niyə baxılır, başa düşmürəm” – deyə A.Abdullayev bildirdi.

Proses aprelin 16-da davam edəcək.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb və cinayət işi başlanıb.

Abdulla Abdullayev, Novruzov  Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib.

Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, Yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir. Digər təqsirləndirilənlər isə dələduzluq, mənimsəmə və ya israf etmədə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button