Abdulla Abdullayevin məhkəməsində şok gəlişmə: İstintaq “zərərçəkən”lərin ifadəsini almayıb

abdulla virtual 

24.04.2015

Vəkil Osman Kazımov Abdulla Abdullayevə qarşı irəli sürülmüş leqallaşdırma ittihamı üzrə kimlərin dindiriləcəyini hakimdən soruşdu. Hakim “kim var ki, kimi dındirək” deyə cavab verdi…

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə AMAY Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə “Xudafərin” MMC epizodu üzrə istintaq tərəfindən zərərçəkmiş qismində tanınmış şəxslər dindirilib.

İlk ifadə verən Rəşad Quliyev bildirib ki, təqsirləndirilən şəxsləri tanımır. “Xudafərin” MMC-dən aldıqları mənzillə bağlı Korrupsiyaya qarşı Mübarizə idarəsində olmayıb və istintaqda ifadə verməyib.  O, təqsirləndirilənlərə qarşı heç bir şikayət və maddi tələbinin olmadığını deyib.

Rasim Cavadov da eyni məzmunlu ifadə evrib. O, istintaqda ifadə vermədiyini lakin bir neçə gün əvvəl Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırılıb. “Mənə dedilər ki, məhkəməyə get, orada sənən kompensasiya verəcəklər” – deyə Cavadov bildirdi. O, heç bir şikayət və maddi tələbinin olmadığını deyərək, özünü zərərçəkmiş hesab etmədiyini qeyd edib. Hakim isə bildirdi ki, burada cinayət işinə baxılır və heç kimə kompensasiya verilmir.

İsmayılova Marina bildirib ki, özü və qızı Nailə İsmayılova binadan ev alıb. “O evi alanda qızım məktəbdə oxuyurdu, indi iki ali məktəb bitirib, ailə qurub, iki uşağı var, ancaq hələ də bina tam təhvil verilməyib” – deyən M.İsmayılova da istintaqda ifadə vermədiyini bildirib. O, təqsirləndirilənlərə qarşı maddi tələbinin olmadığını, binanın bütün kommunal sistemi ilə birlikdə hazır təhvil verilməsini istədiyini deyib.

Vəkil Osman Kazımov cinayət işi üzrə aparılmış istintaq zamanı dindirilmədiklərinə baxmayaqraq, bu şəxslərin zərərçəkmiş qismində tanınmasını kobud prosessual pozuntu adlandırıb. O, buna etiraz edərək, bu şəxslərin məhkəmədə dindirilməsinə də etraz edib.

O.Kazımov: – Bu şəxslər istintada ifadə verməyibsə, biz onları necə dindirək? Nə sual verək onlara? Bu şəxslər zərərçəkmiş siyahısından çıxarılmalı və bu hissədə ittihama xitam verilməlidir. Axı bunlar özləri deyirlər ki, biz zərərçəkmiş deyilik.

Hakim: – Bİz də demirik ki, bunlar zərərçəkmişdir. İstintaq onları zərərçəkmiş şəxslər siyahısına salıb. Məhkəmədə onları dindirməliyik. Burada da deyirlər ki, istintaqda ifadə verməmişik. Hamısı da protokola yazılır. Məhkəmə sonda buna qiymət verəcək.

O.Kazımov: – Mən də təklif edirəm ki, indi qiymət verisin. Sonda prokuror çıxıb iki cümlə  deyəcək ki, ittihamlar sübuta yetirilib. Azərbaycan məhkəmələrini bilirik də…

Hakim: – Səhv bilirsiniz, prokurorun sonda nə deyəcəyini, məhkəmənin hansı qərarı verəcəyini indidən deyə bilməzsiniz. Burada “leksiya” demək lazım deyil.

Kazımov: – Hörmətli hakim, mən “leksiya” demirəm, amma görürəm ki, deməyə ehtiyac var. Siz burada tərəf deyilsiniz. Ona görə də ittiham tərəfini müdafiə edə bilməzsiniz. Siz sadəcə orbitr rolunu oynayırsınız. Bu məsələyə prokuror münasibətini bildirsin. İşi aparan müstəntiq də gəlib şahid qismində ifadə versin ki, istintaqda dindirilməmiş şəxslər nəyə əsasən zərərçəkmiş qismində tanınıb.

Vəkil Yavər Hüseyn: Biz müdafiə tərəfi olaraq, istintaqın qanunsuz hərəkətinə etiraz edirik və xahiş edirik, bu, protokolda qeyd edilsin.

Prokuror Fərid Nağıyev: Mən bu məsələlərə sonda münasibət bildirəcəm. Nə deyəcəyimi isə nə nə Osman Kazımov, nə də başqa vəkil bilə bilməz. Ona görə də, hamını ilk növbədə özünə hörmət etməyə çağırıram. Burada şou göstərməyə ehtiyac yoxdur.  Əvvəl də bu söhbətlər olub, mən münasibət bildirdim, siz susdunuz. İndi yenidən başlamısınız şouya.

Vəkil Əkbər Bağırov: Hansı şoudan danışırsınız? İstintaqın bu kimi qanunsuz hərəkətlərinə görə bu adam bir ildir qanunsuz həbsdə saxlanılır. Ailəsindən, uşağından, evindən mərhum edilib. Siz isə deyirsiniz ki, sonda münasibət bildiriləcək. Məhkəmədə istintaqın qanunsuzluğu ortaya çıxıbsa və ittiham təsdiqini tapmırsa, prokuror bu ittihamdan imtina etməlidir.

Osman Kazımov: Hörmətli hakim, bizim savadımız yoxdur. Bizi yerində oturtduğunu deyən prokuror izah etsin görək, bu nə məsələdir? Bu şəxslər hansı qanunvericiliyə əsaslanıb zərərçəkmiş kimi tanınıb?

Prokuror: Prosessual qanunvericiliyə görə, sizin bunu məndən soruşmaq səlahiyyətiniz yoxdur. Deyişməyək burda…

O.Kazımov: – Siz mənimlə deyişə bilməzsiniz. Biz hazırlıq iclasında dəfələrlə xahiş etdik, vəsatət qaldırdıq ki, sübutlar siyahısı müdafiə tərəfinə təqdim edilsin. Məhkəmə bu işə belə baxa bilməz.

Hakim: Məhkəmə də hesab edir ki, belə baxıla bilər.

Əkbər Bağırov: Mən vəsatət verirəm ki, bu şəxslərin adı zərərçəkmişlər siyahısından çıxarılsın.

Hakim: İndi bu vəsatətin verilməsi vaxtı deyil. Bu səbəbdən də vəsatət müzakirə edilmir.

Osman Kazımov: – Prokuror bizi şou göstərməkdə ittiham edir. Azərbaycanın ən məşhur vəkllərindən olan Qarabəyovun bir sözü var: Vəkil məhkəməni şouya çevirə bilmirsə, o, vəkil deyil.

Abdulla Abdullayev: – Nə qədər deyirəm ki, danışmayacağam, dözə bilmirəm. 1918-ci ildə baş verən soyqırımla bağlı 36 cild cinayət işi olub, mənimlə bağlı 82 cild iş düzəldiblər, amma içərisində heç nə yoxdur. Mən illərlə bu dövlətə sədaqətlə xidmət etmişəm. Heç kimə xəyanət etməmişəm. Amma başıma xalta salıb meymun kimi qapı-qapı gəzdirirlər. Heyvan kimi salıblar dörd divarın arasına. Hamı deyir ki, bina tam hazır edilib təhvil verilməyib. 8 ildir ki, binanın tikilməməsinin səbəbi elə prokurorluqdur. 3 dəfə gəlib tikintini dayandırıblar..

Prosesdə ümumilikdə 13 nəfər dindirildi. Zərəçəkmiş qismində dindirilən digər şəxslər – Yelena Axundova, Allahşükür Qurbanov, Yalçın Muradov, İbrahim Novruzov, Leyla Həmidova, Akif Yusifov, Ülviyyə Nadirova, Səid Balayev və Həsən Nəbiyev də istintaqda dindirilmədiklərini bildirdilər.

Sonda vəkil Osman Kazımov Abdulla Abdullayevə qarşı irəli sürülmüş leqallaşdırma ittihamı üzrə kimlərin dindiriləcəyini hakimdən soruşdu. Hakim “kim var ki, kimi dındirək” deyə cavab verdi.

Prosesdə 27 aprel saat 10.00-dək fasilə elan edildi.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılaraq, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktına əsasən, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaitin özü tərəfindən müəyyən edilməklə ayrı-ayrı hüquqi şəxslərin müvəkkil edilmiş kredit təşkilatı olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməsinə nail olaraq həmin vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib. “Eləcə də Abdulla Abdullayev “Texnikabank” ASC-də bank tərəfindən ayrı-ayrı müəssisələrə kredit vəsaitlərinin ayrılmasını rəsmləşdirilməsinə nail olmaqla ümümilikdə 40.150.000(  qırx milyon yüz əlli min) manat pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib. A.Abdullayev 2003-2012-ci illərdə “Xudafərin” MMC-nin Bakı şəhəri, Atatürk prospekti 3078 “a” ünvanında inşa etdirdiyi binadan ümumilikdə 262 mənzil və 3146 kv metr qeyri yaşayış sahəsinin satışından 11.218.675 manat məbləğində pul vəsaiti alsa da, binanın tikinti-quraşdırma işlərinə 7.712.913 manat sərf edib və ümumilikdə 3.505.762 manat mənimsəyərək dələduzluq edib” – ittiham aktında qeyd edilir.

Abdulla Abdullayev, Novruzov  Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib.

Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, Yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir. Digər təqsirləndirilənlər isə dələduzluq, mənimsəmə və ya israf etmədə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

 A.Abdullayev özünə qarşı olan bu ittihamları qətiyyətlə rədd edir və həbsinin iş fəaliyyətinə ziyan vurmaq üçün sifarişli olduğunu iddia edir. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button