ABDULLAYEVUN YAYDIĞI VİDEOLAR SAXTA İMİŞ..

 

Zümrüd Yağmur

..təbii, Gülər Əhmədovaya görə

Əvəz Zeynallısa nə az, nə çox, düz 9 il azadlıqdan məhrum olundu. Bu hökmü sifariş edənin kim olduğunu hər kəs bilir. Düzünə qalsa Əvəz Zeynallının azad olunacağını, ya da məhkəmənin daha insaflı davranacağını kimsə də gözləmirdi. Sadəcə aylardı ki, məhkəmə məzhəkəsi qurulmuşdu və bunun sonunda da hakimiyyət bir daha öz maskasını yırtıb amansız üzünü hamıya göstərdi. Amma qəribəsi odur ki, indi Elşad Abdullayevin bəlli videolarına gərə həbs olunan Gülər Əhmədova istintaqa məhz o video ilə bağlı ifadə verməyəcəyini bəyan edib. Vəkili vasitəsi ilə mesaj göndərən keçmiş deputat həbs olunmadan öncə “ağzımı açdırmayın” deyib hədə gəlmişdi, indi də “ifadə verməyəcəyəm” deyə meydan oxuyur. Özü də bu meydan oxumanı da onunla əlaqələndirir ki, videolar saxtadır, montaj olunub. 

Gülər Əhmədovanın hakimiyyətin mandat alveri ilə məşğul olan qabiliyyətli kadrlarından biri olduğunu görüntülərdən də bilirik. Hətta onu da bilirik ki, Gülər Əhmədova belə qabiliyyət üzrə hakimiyyətdə tək olan kadrlardan deyil, orda belə istedad sahibləri çoxdur. Amma indi, Gülər Əhmədovanın Elşad Abdullayevin yaydığı videoları saxta elan etməsindən sonra öyrənmiş olduq ki, sən demə, o, həm də video üzrə ekspertmiş.
Qəribə bir mənzərədir. Bir tərəfdə Gülər Əhmədovanı guya ki, şantaj edib pul istəyən jurnalistin həbs olunması, digər tərəfdəsə az qala film kimi saatlarla sürən bir videoda mandat alış-verişi ilə məşğul olan keçmiş deputat… Əvəz Zeynallının məhkəməsində əsas sübut kimi götürülən səs qeydində jurnalistin Gülər Əhmədovadan pul istəməsi haqqında bir kəlimə belə olmadığı halda ona 9 il iş kəsilir, amma keçmiş deputat o boyda videoları saxta elan edib indi istintaqa ifadə vermək istəmir. Əslində başa düşüləndir, axı necə etiraf edib desinlər ki, düzdür, biz mandatı satırdıq, siyahını tərtib edirdik, ölkənin ikinci adamı olan Ramiz Mehdiyevin otağında “otvyorka” ilə çemodan ağzı açırdıq?!
Başqa bir cəhət… Gülər Əhmədova həbs olunandan bəri hər dəfə onun haqqında danışan vəkili keçmiş deputatın xəstə olduğunu deyir. Təbii, insan halı, hər kəs xəstə ola bilər. Amma daha bu qədər də yox, adam bu hadisə baş verənə qədər müxalifətə əhkam kəsirdi, yanında yer aldığı iqtidarın məhv etdiyi xalqın yetim qalmış balaları üçün guya ki, əməllicə hüquq müdafiəçisi qılığına girmişdi, gündə tv-lərdən düşmürdü. Amma indi nədənsə heç sağlam günü olmur. Kimsənin “xəstəyəm” deməsinə şübhə ilə yanaşmaq istəməzdim, amma məşhur bir misalda deyildiyi ki, “yalançının evi yandı, kimsə inanmadı”. Necə olsa Gülər Əhmədova da YAP-çıdır və 20 ildə hakimiyyətdə olan bir adamın dilinə düz söz gəlmədiyinə görə yəqin kimsə bu dəfə də inanmasaq, qınamaz. Hələ bəlkə o saxlanıldığı yerdə qara camaat sayılan dustaqlardan artıq şəraitdə saxlanılır?! Kim bilir, bəlkə həbsxanada belə qulluqçusu, aşbazı var… Varlığa nə darlıq?! Öz işləri, amma bu işin sonu heç yaxşı görünmür. Niyə? Çünki indiyə qədər sifarişli və amansız hökmləri ilə ad çıxarmış oyuncaq məhkəmələr deyəsən bu dəfə də sifarişlə mərhəmətli roluna girib Gülər Əhmədovanın səhhətindəki problemləri nəzərə alıb ona qayğı ilə yanaşacaqlar. Demədi deməyin, sonda biz bunu da görəcəyik. Müxalif olan birini ölümcül xəstə olsa belə həbsdən azad etməyən iqtidarın öz kadrına qayğıkeş yanaşmasında məncə heç heyrətedici cəhət də yoxdur. Necə olsa biz illərdir bu ölkədə “doğmalar” və “yadlar” deyə iki qisim insanların mövcudluğuna alışmışıq. İqtidar illərdir ki, özünə müxalif olan insanlara düşmən, sadə vətəndaşa saymazyana, yaltağa çevirdiklərinə əzik, yaramaz, öz sadiq tərəfdaşlarınasa qiymətli kimi yanaşıb. Bu üzdən də Gülər Əhmədova ilə Əvəz Zeynallı arasındakı fərqi görmək o qədər də çətin deyil. Bir də Gülər Əhmədovanın bu iqtidarın üzərində elə Əvəz Zeynallıya görə də haqqı var, çünki jurnalistin həbs olunmasında hakimiyyətə istisna yardımlar edib və yəqin ki, keçmiş deputata qayğı ilə yanaşanda bu da nəzərə alınacaq. İqtidarda olanlar necə unuda bilər ki, indi Əvəz Zeynallıya kəsilən 9 il iş Gülər Əhmədovanın necə deyərlər, səmərəli fəaliyyəti nəticəsində olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button