Abidin Fərzəliyevin “gəzən kababxana”ları… FOTO

Nərimanov rayon İcra Hakimiyyətinin qərarını əlində əsas tutaraq Nərimanov parkı ətrafında “iaşə obyekti” adı altında kababxanaların sayı durmadan artır. 

Yeni bir obyekt isə Uşaq Stomatoloji Mərkəzinin qarşısında yerləşdirilib. Əvvəlcə avtobus kimi “gəzən obyekt” şəklində tibb müəssisəsinin qarşısında yerləşdirilən kababxana həm sakinlər, həm də Mərkəzin əməkdaşları tərəfindən narazılıqla qarşılanıb. Beləki əvvəlcə avtobus yerləşdiriləndən sonra arxasında olan “qazon” hissə də sonradan dəmir konstuksiya ilə qaynaqlanaraq ətrafı hasara alınıb, gediş gəlişin qarşısını bağlayır.

“Əgər sabah Uşaq Stomatoloji Mərkəzində yanğın hadisəsi baş verərsə, bunun qarşısını almaq mümkün olmayacaq, çünki ölkədə yeganə olan Uşaq Stomatoloji Mərkəzi hər tərəfdən Abidin Fərzəliyevin obyektləri ilə əhatə olunub. Digər tərəfdən qarşıdan yay gəlir və kabab iyindən, ucuz ərzaq məhsullarının qoxusundan pəncərələri açmaq mümkün deyil”, – deyə Mərkəzin əməkdaşları ürəkyanğısı ilə narazılıqlarını bildirirlər. 

Mərkəzin əməkdaşlarının sözlərinə görə, bu narazılıqları haqqında dəfələrlə İcra Hakimiyyətinin müvafiq şöbələrinə telefonla müraciət olunub. Lakin onlar heç bir tədbir görməyiblər. Bundan sonra Fövqəladə Hallar Nazirliyinin 112 saylı qaynar xəttinə zəng vurularaq, bu haqda xəbərdarlıq edilib. FHN polisə müraciət etməyi vətəndaşlara məsləhət görüb. “Polisə hansı səbəbdən zəng vuracağımızı belə anlamadıq. Bəyəm bu hadisələr polisin gözü qarşısında baş vermir ki? Burada tum satana belə qadağa qoyulur, bu boyda obyekt qurulur, polis, icra hakimiyyəti bundan xəbərsizdir? Hamısının da xəbəri var, çünki daha bir aylıq qazanc yerləri yaradılır. Vətəndaşı saya salan kimdir? Ona görə də ölkədə hakim qurumlara qarşı vətəndaşlarda narazılıq yaranır. Nəticədə də bütün qəbahətlər prezidentin ayağına yazılır. Bunlara bir “dur!” deyən tapılacaqmı?”, – deyən mənbəmiz onu da qeyd etdi ki, bu obyekt üçün elektrik cərəyanı Nərimanov metrostansiyasından götürüldüyü üçün heç bir təhlükəsizlik qaydalarına uyğun olmadan qalın məftillər vasitəsilə çəkilib. Yəni bu qanunsuzluğa Metropoliten də alət olub.

Xural.com-a daxil olan məlumatlara görə “gəzən kababxana” Nərimanov rayon icra hakimiyyətinin başçısı Abidin Fərzəliyevin növbəti obyektlərindəndir. Ona görə də kimsə “kababxana”ya gözün üstə qaşın var deyə bilmir.

Xural.com məlumatı araşdırmağa davam edəcək.

xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button