ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə hesabatı dərc olundu

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə 2016-cı il üçün Vətəndaş Cəmiyyətinin davamlılığna dair hesabatı dərc edilib. Xural.com həmin hesabatı təqdim edir.

 

AZƏRBAYCAN

 

VCT Davamlılığı: 5.9

 

Azərbaycanda siyasi azadlıqlar 2016-cı ildə olduqca məhdud qaldı. Hökumət fəalları həbs etməyə və hökuməti tənqid etmək və ya etiraz aksiyalarını təşkil etmək üçün sosial medianı istifadə edənləri hədəf almağa davam etdi. Hakimiyyət orqanları tez-tez dinc nümayişçilər də daxil olmaqla, siyasi fəalları saxlamaq üçün “ictimaiyyətdə söyüş söymək” və ya “xuliqanlıq” kimi ittihamlardan istifadə etdi. Saxlanılan bəzi şəxslər səlahiyyətlilər tərəfindən cəza və ya etirafa məcbur edilmək üçün döyülmək, təcavüz və ya yaxınlarına qarşı zorakılıqla və ya təcridcxanada saxlanılmaqla bağlı təhdidlərə məruz qaldılar. Həmçinin, hökumət fəalları, 2016-cı ilin iyul ayında Türkiyədə baş verən dövlət çevrilişi təşəbbüsünü təşkil etməkdə günahlandırılan ABŞ-da yaşayan din xadimi Fətullah Gülənlə əlaqələri olması iddialarına görə təqib etdi. 2016-cı ilin əvvəlində bir neçə insan hüquqları müdafiəçiləri və siyasi fəallar azadlığa buraxılsalar da, hökumət onların hökmlərini ləğv etmədi və bəziləri səyahət məhdudiyyətləri ilə üzləşməyə davam etdilər.

Bu cür təzyiq halları BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyətinə dair Xüsusi Məruzəçisi tərəfindən Azərbaycana 2016-cı ilin sentyabrda edilən səfərlər üzrə nəticələrdə geniş şəkildə öz əksini tapdı. O, VCT-lərin, bloggerlərin, medianın və hüquqşünasların vəziyyəti ilə bağlı narahatlığını ifadə etdi və beynəlxalq və regional təşkilatlar tərəfindən verilən tövsiyələri həyata keçirmək üçün fəaliyyət planı formalaşdırmaqda hökumətə dəstək olmaq üçün institusional mexanizmlər yaratmağı təklif etdi. Lakin Azərbaycan hökuməti onun nəticələrini və tövsiyələrini “qeyri-real və qərəzli” elan etdi.

2016-cı ilin sentyabrında Azərbaycan konstitusiyaya 29 dəyişiklik üzrə referendum həyata keçirdi, bütün dəyişikliklər səsverənlərin 90 faizindən 95 faizinədək tərəfindən təsdiqləndi. Qəbul edilmiş dəyişikliklər Birinci vitse-prezidentin ofisinin yaradılması ilə nəticələndi və prezidentlik dövrünü beş ildən yeddi ilə qaldırdı. Düzəlişlərin beynəlxalq standartlara uyğun olmadığına dair mübahisə qaldıran beş tanınmış azərbaycanlı hüquq müdafiəçisi təklif olunan dəyişikliklərdən bəzilərinin Avropa Şurasının demokratiya, insan hüquqları və qanunun aliliyi kimi əsas prinsiplərinə zidd olduğu mübahisələrinə əsasən dəyişiklikləri qiymətləndirmək üçün Avropa Şurasına müraciət etdi. Müraciət 2016-cı ilin sonunda hələ də gözləmədə idi. Bundan əlavə, referendum vətəndaş cəmiyyətinin sərt şəkildə məhdudlaşdırılması, siyasi fəalların repressiyası və ATƏT-in Bakı ofisinin bağlanması kontekstində, geniş monitorinq və ya hesabat təşəbbüsləri olmadan baş verdi.

Milli valyutanın 2015-ci ildəki ikiqat devalvasiyası 2016-cı ildə dövlət büdcəsindəki əhəmiyyətli azalmalarla və işsizliyin artması ilə müşayiət olundu. Eyni zamanda, Rusiya və digər qonşu ölkələrdə çalışan miqrantların sosial-iqtisadi vəziyyətinin pisləşməsi səbəbindən Azərbaycana edilən pul köçürmələri əhəmiyyətli dərəcədə azaldı. Çətin iqtisadi vəziyyət ölkə daxilində etiraz dalğasını gücləndirdi. Bu narahatlıqlara cavab olaraq hökumət, iqtisadi böhranı həll etmək və yerli məmurlar arasında geniş yayılmış korrupsiyanı aradan qaldırmaq üçün ictimai nəzarət tədbirlərinə istinad edərək “ictimai nəzarəti” təşviq etmək üçün tövsiyələrin təklif edilməsi məqsədilə QHT-lərə Dövlət Dəstəyi Şurası nəzdində 3 ictimai şura yaratdı. Lakin ictimai şuralar ictimai narahatlıqlar azaldıqdan sonra təsirsiz hala gəldi.

Azərbaycanda VCT-lərə qarşı təzyiqlər 2016-cı ildə də davam etdi. Hüquq-mühafizə orqanları tərəfindən VCT-lərin fəaliyyətinə müdaxilə etmək, fəalları sorğuya cəlb etmək, VCT liderlərinə səyahət qadağası qoymaq, aktivləri ələ keçirmək, bank hesablarını dondurmaq və VCT tədbirlərində iştirakçıları qorxutmaq üçün bəhanə kimi istifadə olunan 2014-cü ilin “QHT işi” adlanan iş, qanunvericiliyin cinayət işlərinin 19 aydan artıq müddətdə açıq qalmasını qadağan etməsinə baxmayaraq, açıq qaldı. Hökumət bu işi, əvvəlki iki ildəki qədər intensiv olmasa da, ən çox nəzərə çarpan tənqidçiləri narahat etmək və sorğuya cəlb etmək üçün istifadə etməyə davam etdi.

2016-cı ilin mayında Açıq Hökumət Tərəfdaşlığı (AHT) VCT-lərin fəaliyyət mühitində problemli məhdudiyyətlərə görə Azərbaycanı qeyri-aktiv üzvü kimi elan etdi və beləliklə, AHT seçkilərində səs verməsini qeyri-münasib bildi. Azərbaycanın bu problemləri həll etmək üçün bir il vaxtı var, əks halda AHT üzvlüyü dayandırılacaq. 2016-cı ilin sentyabrında hökumət sektorlar arasında dialoqun gücləndirilməsi və AHT-nin tövsiyələrinin icrasına töhfə vermək üçün Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasını yaratdı. Dialoq platformasına 9 dövlət orqanı və iştirak etmək istəyən müstəqil VCT-lərin böyük bir hissəsini istisna etməklə, çoxu hökumətyönlü təşkilat olan 31 VCT daxildir.

Məhdudlaşdırıcı mühit və məhdud maliyyə imkanları səbəbindən Azərbaycanda VCT-lər 2016-cı ildə öz fəaliyyətlərini əhəmiyyətli dərəcədə azaltdılar, fəaliyyətlərinə senzura tətbiq etdilər və vəkillik səylərini azaltdılar. Bəzi VCT-lər hökumətlə əməkdaşlığa girdilər, digərləri isə fəaliyyətlərinin mövzusunu qeyri-həssas mövzulara dəyişdilər, ölkəni tərk etdilər və ya sektordan çıxdılar. Nəticə etibarilə Azərbaycanda əksəriyyəti yalnız liderləri ilə təmsil olunan çox az müstəqil VCT qaldı. Ancaq Ədliyyə Nazirliyinə əsasən qeydiyyatdan keçmiş VCT-lərin rəsmi sayı – qeyri-hökumət təşkilatları (fondların və ictimai birliklərin də daxil olduğu QHT-lər) və digər qurumlar da daxil olmaqla, 2016-cı ildə 200 ədəd artdı və 4.300-ə çatdı.

 

Hüquqi mühit: 6.4

 

2016-cı ildə Azərbaycanda VCT-lər yüksək məhdudlaşdırıcı hüquqi mühitdə fəaliyyət göstərməyə davam etdilər.

VCT-ləri qeydiyyatdan keçirmək hələ də çətin olmaqda davam edir. Ədliyyə Nazirliyinin (ƏN) rəsmiləri mütəmadi olaraq ərizələrin nəzərdən keçirilməsinin bir neçə mərhələsindən sonra qeydiyyat prosesini aylarla, hətta illərlə gecikdirən yeni inzibati tələblər əlavə edir. Bundan əlavə, bu tələblərdən bir çoxu, məsələn, müvafiq dövlət qurumundan tövsiyə məktubu almaq (bu cür məktubu almaq qeydiyyatdan keçməmiş təşkilat üçün çətindir) kimi tələblərin hüquqi əsası yoxdur. Digər tərəfdən, ƏN tərəfindən üstünlük verilən VCT-lər adətən daha tez qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçmiş VCT-lərin siyahısı heç vaxt ictimaiyyətə açıqlanmır, bu da ƏN-nin qeydiyyat qərarlarında motivasiyalarını qiymətləndirməyi çətinləşdirir.

2015-ci ildə qəbul edilmiş qaydalar VCT-lərin yerli və xarici qrantlarını, yerli və xarici ianələrini və xarici xidmət müqavilələrini ƏN-də qeydiyyatdan keçirmələrini tələb edir. Təcrübədə, bu tələblər VCT-lərin hər hansı xarici maliyyə almalarının qarşısına keçir. Bu maliyyələrin qeydiyyatı həddindən artıq çoxlu sənədlərin təqdim edilməsini tələb edir və ƏN-nin prosesi aylarla və ya illərlə uzadan texniki səbəblərə əsasən qeydiyyatdan imtina etmək üzrə geniş imtiyazları vardır.

ƏN hər hansı ianənin, qrantın və ya xidmət müqaviləsinin qeydiyyatından imtinasını əsaslandırmalı deyil və ƏN maliyyənin qeydiyyatından imtina etdikdə, inzibati qaydada şikayət verilə biləcək prosessual bir pozuntunun olduğu hal istisna olmaqla, heç bir şikayət proseduru yoxdur. Lakin VCT-lər bu cür şikayətin nəticəsində təşkilatlarının istintaqa cəlb edilə biləcəyi səbəbindən çox nadir hallarda bu yoldan istifadə edirlər. Bunun əvəzinə, VCT-lər bəzən hökumətlə danışıqlar aparmağa cəhd edirlər və ya daha çevik maliyyələşdirmə yolları üçün donorla yenidən danışıqlar aparırlar. 2016-cı ildə təsdiqlənən və ya imtina edilən maliyyənin miqdarı barədə ictimai informasiya yoxdur.

2015-ci ildə donorların Azərbaycanda filiallarını və ya ofislərini qeydiyyatdan keçirmələri, ƏN ilə müqavilə imzalamaları və hər bir qrant üçün ƏN-dən təsdiq almaları kimi çoxpilləli təsdiq sistemindən keçməsini tələb edən digər qaydalar təqdim olundu. Təşkilati nizamnamə və ya qeydiyyat sənədləri kimi bəzi tələblərin Azərbaycanda ikitərəfli və ya çoxtərəfli sazişlər əsasında layihələr həyata keçirən xarici dövlətlər və ya hökumətlərarası təşkilatlar kimi donorlara tətbiq edilməməsinə baxmayaraq, donor qaydaları bu cür təşkilatlara da şamil olunur. Donorların və qrant alanların eyni sənədlərin bir çoxunu həm Maliyyə Nazirliyinə (MN), həm də ƏN-ə təqdim etməli olmalarına baxmayaraq, bir nazirlik qeydiyyatı təsdiq edə, digər nazirlik isə imtina edə bilər. Heç bir donor və beynəlxalq VCT 2016-cı ildə yeni qeydiyyat prosedurunu müvəffəqiyyətlə tamamlaya bilmədi. 2016-cı ilin oktyabrında Prezident Əliyev “bir pəncərə” prinsipi vasitəsilə xarici qrantların qeydiyyatını sadələşdirmək üçün fərman imzaladı, lakin dəyişikliklər çox az idi və heç bir xarici donoru qeydiyyatdan keçmək üçün motivasiya etmədi.

Qeyri-Hökumət Təşkilatlarının, Xarici Qeyri-Hökumət Təşkilatlarının Filiallarının və ya Nümayəndəliklərinin fəaliyyətini öyrənmək üçün 2015-ci ilin dekabrında ƏN tərəfindən yeni məhdudlaşdırıcı qaydalar toplusu qəbul edildi və 2016-cı ilin fevralında qüvvəyə mindi. Bu qaydalar ƏN üçün Azərbaycandakı yerli və xarici VCT-lərin fəaliyyətlərini yoxlamağa prosedur yaratdı; lakin 2016-cı ildə bu cür istintaq halları qeydə alınmadı. Bu qaydalar mahiyyətcə ƏN-ə MN (illik maliyyə hesabatlarının təqdim edilməsini yoxlamaq) və Vergilər Nazirliyi (maliyyə və mühasibat uçotu qanunlarına əməl edilməsini təmin etmək üçün) kimi digər dövlət orqanlarının səlahiyyətlərini verir, bu da müxtəlif dövlət orqanları tərəfindən təkrar istintaqla nəticələnə bilər. Bundan əlavə, qaydalar VCT-lərə ƏN-in inspektoruna ofis sahəsi və avadanlıq, həmçinin sənədlərin tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş nüsxələrini təmin etməklə “yardımçı olmaq” öhdəliyi verir. Hökumət istintaqın tezliyi və ya yoxlanıla biləcək fəaliyyətin illərinin sayı üzrə hər hansı məhdudiyyət olmadan “müntəzəm” və ya “fövqəladə” istintaqlar həyata keçirə bilər. Buna görə də VCT-lər çoxsaylı, sərt və zorakı istintaqlara həssasdırlar. Əgər VCT tələb olunan informasiyanı təqdim edə bilməsə və ya yanlış informasiya təqdim etsə o, 2.500 manatdan 15.000 manatadək (təxminən 1.400 dollardan 8.400 dollaradək) cərimə edilə bilər.

2016-cı ilin noyabrında Milli Məclis Cinayət Məcəlləsinə internet informasiya ehtiyatında prezidentin “şərəf və ləyaqətinin təhqir edilməsini və alçaldılmasını” cinayət hesab edən yeni dəyişikliklər qəbul etdi. Qayda pozuntusu edən şəxslər 1.000 manatadək (550 dollar) cərimə və ya iki il həbs, və ya “saxta profil və ya ləqəb” istifadə edənlər isə 1.500 manat (830 dollar) cərimə və ya bir il həbslə üzləşir. VCT-lər yeni qanunu Azərbaycanda vətəndaş cəmiyyətini və ifadə azadlığını daha da məhdudlaşdırmaq üçün tənqidi səslərə qarşı güclü bir mesaj kimi şərh edirlər.

VCT-lər qanuni olaraq mal və xidmətlərin təmin edilməsi yolu ilə gəlir əldə edə bilərlər, lakin bu cür qazancda gəlir vergisi istisna edilmir. USAID-dən birbaşa maliyyə alanlar Sosial Müdafiə Fonduna edilən 22 faiz vergi ödənişindən azaddır. Hökumət VCT-lərin məhsul və xidmətlər üçün ƏDV ödəmələrini tələb edir, lakin xarici mənbələrdən alınan və Vergilər Nazirliyi tərəfindən tanınan qrantlardan bu cür ödəniş tələb olunmur.

2016-cı ilin dekabrında hökumət Vergi Məcəlləsinə təxminən 200 dəyişiklik etdi və 2017-ci ilin yanvar ayında qüvvəyə minən Nağdsız Əməliyyatlar üzrə Qanunu qəbul etdi. Pul köçürmələrini və kart ödənişlərini təşviq edən bu dəyişikliklərə əsasən ƏDV ödəyiciləri[1] (ƏDV ödəyiciləri illik gəliri 200.000 AZN-dən çox olan (təxminən 117.000 ABŞ dolları) hüquqi və fiziki şəxslərdir) bir ayda 30.000 manatdan (16.600 dollar) artıq nağd pul əməliyyatları edə bilməzlər, sadələşdirilmiş vergi ödəyiciləri[2] (Sadələşdirilmiş vergi ödəyiciləri illik gəliri 200.000 AZN-dən (təxminən 117.000 ABŞ dolları) az olan hüquqi və fiziki şəxslərdir) isə bir ayda 15.000 manatdan (8.400 dollar) artıq nağd pul əməliyyatları edə bilməzlər. Bundan əlavə, həm hüquqi, həm də fiziki şəxslərin bütün nağd pul əməliyyatlarına 1 faiz vergi tətbiq ediləcək və müəyyən vergi ödəyiciləri  kommunal xidmətlərini, sabit telefon ödənişlərini və əmək haqlarını bank köçürmələri vasitəsilə ödəməli olacaq. Dəyişikliklərin məqsədi korrupsiyanın azaldılması və maliyyə axınının tənzimlənməsinin yaxşılaşdırılması olsa da, ölkədə, xüsusilə də rayonlarda nağd əməliyyatlarının qarşısını almaq üçün kifayət qədər infrastruktur yoxdur. Nağd əməliyyatlarla bağlı bu cür qaydaların pozulması birinci pozuntuya görə nağd əməliyyatlarının 10 faizi, ikinci pozuntuya görə 20 faizi və üçüncü pozuntuya görə 40 faizi məbləğində cərimə ilə nəticələnə bilər. Bu qaydaların maliyyə fəaliyyətlərini əlaqəli kommersiya təşkilatları və fərdi xidmət müqavilələri vasitəsilə həyata keçirən bir çox VCT-ləri ciddi şəkildə məhdudlaşdırması gözlənilir. Hüquqi dəyişikliklər həmçinin MMC kimi fəaliyyət göstərən VCT-lər də daxil olmaqla, kommersiya təşkilatları üçün illik müstəqil auditlər keçirməyi bir tələb kimi qoyur.

Azərbaycanda, xüsusilə də regionlarda əhali sayına nisbətdə çox az hüquqşünas vardır. Bəzi regionlarda demək olar ki, hüquqşünas yoxdur və ya Vəkillər Kollegiyasının üzvü olan yalnız bir vəkil var. Yalnız bir neçə hüquqşünas VCT-lərə qeydiyyat, vergi və ya işlərinə edilən qanunsuz dövlət müdaxiləsinə qarşı mübarizə ilə əlaqəli işlər üzrə hüquqi yardım təmin etməkdə yardımçı olmaq riskini almağa istəklidir. Digər tərəfdən, VCT-lər, əksər hallarda bu hüquqşünasların xidmətlərini qeyri-rəsmi əsaslarda istifadə edirlər, çünki “insan hüquqları üzrə hüquqşünasların” həddindən artıq siyasiləşmiş nüfuzu VCT-lərin işlərinə yaxşıdan daha çox zərər gətirə bilər.

 

Təşkilati bacarıqlar: 5.9

 

Həddindən artıq məhdudlaşdırıcı hüquqi mühit və maliyyəyə çıxışın əhəmiyyətli dərəcədə azalması 2016-cı ildə bütün VCT sektoru üzrə təşkilati bacarıqların pisləşməsinə gətirib çıxardı.

Rəsmi statistika olmasa da, qeyri-rəsmi sorğulara əsasən, Azərbaycandakı VCT-lərin ən az üçdə ikisi işçi heyətlərini və ofislərini saxlamaq xərclərini ödəyə bilmədikləri üçün son bir neçə ildə öz fəaliyyətlərini dayandırıb. Digər VCT-lər xaricə köçüb, fəaliyyətlərini digər sektorlara dəyişib və ya görünürlüyü daha az və dayanıqlı iş vasitəsilə aktiv qalıb. Fəaliyyətini saxlaya bilən VCT-lərin əksəriyyəti maliyyə çatışmazlığı səbəbindən işçi heyətlərinin ən azı üçdə ikisini itirib.

Regional VCT-lər donorlara, bilik və bacarıqların artırılması imkanlarına və digər resurslara məhdud çıxışları səbəbindən təzyiqdən daha çox təsirləndi. Bundan əlavə, bir çox regional VCT nümayəndələrinin ingilis, hətta rus dilində danışa bilməmələri onların beynəlxalq təşkilatlarla və səfirliklərlə əlaqə saxlamaqlarına mane olur. Buna görə də, il ərzində icra edilən azsaylı regional fəaliyyətlər Bakı əsaslı VCT-lər tərəfindən həyata keçirildi.

VCT-lərin həm Bakıda, həm də rayonlarda hotellər və konfrans mərkəzləri kimi ictimai yerlərdə tədbirlər keçirməsi üzrə yazılmamış qadağa 2016-cı ildə daha da ciddi şəkildə tətbiq edildi, bu qadağa VCT-lərin fəaliyyətlərinə öz tərəfdaşlarını birbaşa cəlb etmək imkanlarını minimuma endirdi. Hotellər və görüş məkanları müstəqil VCT-lər və ya tənqidi fikirləri olan vətəndaş cəmiyyəti fəalları tərəfindən təşkil edilən və ya insan hüquqları və ya siyasi və ya iqtisadi vəziyyətlə bağlı məsələlər üzrə olan mövzularda tədbirləri həyata keçirməkdən imtina etdilər. Sosial media və onlayn televiziya VCT-lərin fikirlərini çatdırmaları və geniş ictimaiyyətə çıxışları üçün əsas platformalara çevrildi, lakin bu platformalar VCT-lərin əsas hədəf qruplarına çatmaları üçün yetərsiz qaldı.

Azərbaycanda çox az VCT strateji planlaşdırma ilə məşğuldur, güclü daxili idarəetmə strukturuna malikdir və ya ixtisaslı işçi heyəti saxlaya bilir. Yalnız bir neçə VCT-nin ayrıca idarəetmə və menecment strukturları var. Direktorlar Şuraları yalnız təşkilatın nizamnamələrində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmək üçün fəaliyyət göstərir və ya ƏN tərəfindən mandatlandırılmışdır. Qanun təşkilati nizamnamələr üçün nümunələr təmin edir və bununla da VCT-lərin öz ehtiyaclarına uyğun strukturlar yaratmaq bacarıqlarını məhdudlaşdırır.

Çox az VCT-lərin şəxsi ofisləri və ya nəqliyyat vasitələri var. Fəaliyyət göstərən təşkilatların əksəriyyətinin işçiləri evdən çalışırlar. Bəzi VCT-lər öz avadanlıqlarını, mebellərini və kitabxanalarını işçi heyəti üzvlərinin evlərində saxlayır. 2014-2015-ci illərdə istintaqa cəlb edilmiş və avadanlıqları müsadirə edilmiş müstəqil VCT-lər 2016-cı ildə komputerləri qaytarılan zaman onların yaxşı işləmədiyi və ya ümumiyyətlə, işləmədiyi barədə məlumat verdilər. Keçən üç il ərzində, VCT-lərin korlanmış avadanlıqlarını yeniləmək üçün hər hansı imkanları olmayıb. Ucqar ərazilərdə internet bağlantısının zəif olmasına baxmayaraq, VCT-lərin adətən internetə çıxışları olur.

 

Maliyyə imkanları: 6.5

2015-ci ildə qəbul edilmiş, VCT-lərin maliyyəyə çıxışını tənzimləyən məhdudlaşdırıcı qaydalar nəticəsində VCT-lərin 2016-cı ildə faktiki olaraq xarici maliyyəyə çıxışı olmadı. Heç bir donor təşkilat və ya beynəlxalq VCT 2016-cı ilin sonunadək donorlar üçün yeni təsdiq prosesini müvəffəqiyyətlə tamamlaya bilmədi. Buna görə də il ərzində VCT-lərin xarici maliyyə almaları üçün tək yol əlaqəli kommersiya təşkilatları və ya xarici təşkilat və yerli VCT nümayəndəsi arasında bağlanan fərdi xidmət müqavilələri vasitəsilə işləmək oldu. Hətta ölkədəki BMT qurumları da yerli VCT-lərlə öz işlərində fərdi xidmət müqavilələrindən istifadə etməyə başladı.

Dövlət yerli VCT-lər üçün qalan yeganə maliyyə mənbəyidir. Dövlət maliyyəsi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Milli Elm Fondu, Gənclər Fondu və bəzi nazirliklər kimi bir neçə milli mənbə vasitəsilə paylanır. Dövlətin maliyyələşmə səviyyələri haqqında ictimai məlumat olmasa da, bu cür maliyyə 2016-cı ildə artmışdır. Lakin bu, xarici maliyyənin itirilməsi ilə dəyən ziyanı qarşılamır. Bundan əlavə, milli valyutanın devalvasiyası səbəbindən bu cür maliyyənin dəyəri azalıb. Müstəqil VCT-lər dövlət qurumlarına maliyyə yardımı üçün müraciət etməməyə çalışırlar və müraciət etsələr də maliyyə almaları ehtimalları azdır. QHT-lərə Dövlət Dəstəyi Şurası istisna olmaqla dövlət qurumlarındakı qrant prosesləri açıq və ya şəffaf deyil. Təsdiqlənən qrantların əksəriyyəti incəsənət və mədəniyyət, sahibkarlıq, idman, ətraf mühit, uşaq hüquqları, xeyriyyəçilik və Azərbaycanın beynəlxalq təqdimatı kimi mübahisəli olmayan layihələr üçündür.

VCT-lər qismən də 2016-cı ildə qəbul edilmiş nağd əməliyyatları üzrə yeni məhdudiyyətlərə görə üzvlük haqları, ianələr və ya kommersiya tenderləri kimi digər maliyyə mənbələrindən istifadə etmirlər. Onsuz da zəif olan yerli xeyriyyəçilik 2015-ci ildə ianələrə dair qaydalar səbəbindən daha da gerilədi.

Çox az VCT maliyyə idarəetməsində beynəlxalq standartlara cavab verir. Düzgün maliyyə idarəetmə sistemləri olan VCT-lər isə maliyyə davamlılıqlarındakı azalmanı göstərmək istəmədikləri üçün 2016-cı ildə maliyyə hesabatları vermədilər.

 

Vəkillik: 5.8

 

VCT-lərin fəaliyyət göstərdiyi məhdudlaşdırıcı mühitə baxmayaraq 2016-cı ildə vəkillik bir qədər yaxşılaşdı. VCT icması 2016-cı ilin martında bir neçə siyasi fəalın və insan hüquqları müdafiəçilərinin azadlığa buraxılmasını hökumətin VCT-lərə qarşı olan siyasətini yumşaltmasına işarə kimi hesab etdi və bu da onları daha çox fəaliyyətlə məşğul olmağa cəsarətləndirdi. Hökumətə qarşı daha az tənqidi olan vəkillik səyləri daha təsirli idi. Məsələn, Quba rayonundan olan 10 yaşlı qızın nəzarətinin onu körpə vaxtından saxlayan xalasından alınıb atasına veriləndə, bir çox hüquq müdafiəçiləri, hüquqşünaslar və jurnalistlər qızın müdafiəsinə qalxdılar.

VCT-lər fəaliyyətlərinə senzura tətbiq etməyə davam etsələr də, tez-tez sosial mediadan müxtəlif məsələlər və pluralizmin təbliği üçün vəkillik etmək üçün istifadə edirlər. Lakin sosial mediadan bu cür istifadə Cinayət Məcəlləsinə prezidentin “şərəf və ləyaqətini internet informasiya ehtiyatında ləkələmə və ya alçaltmanı” cinayət əməli hesab edən dəyişikliklərin edilməsinə gətirib çıxardı.

Bəzi VCT-lər, xüsusilə də Azərbaycanda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) Koalisiyası, Dialoq Platforması və Avropa Birliyi/Avropa Şurası Vətəndaş Cəmiyyəti Dialoq layihəsi kimi koalisiyaların və layihə tərəfdaşlıqlarının bir hissəsi olan VCT-lər çətin mühitə və daha radikal müxalif əməkdaşlarının sərt tənqidlərinə baxmayaraq, hökumətlə siyasi dialoqu təbliğ etməyə davam etdilər. Lakin VCT-lərin hökumətə çıxışı onun siyasi oriyentasiyasından və Azadlıq Evi (Freedom House), Human Rights Watch İnsan Hüquqları Təşkilatı, Milli Demokratiya Fondu (National Endowment for Democracy), Demokratiya üçün Avropa Fondu (European Endowment for Democracy) və Açıq Cəmiyyət İnstitutu (Open Society Institute) kimi “qara siyahıya salınmış” beynəlxalq maraqlı tərəflərlə əməkdaşlıq səviyyələrindən asılıdır. Hökumətyönlü VCT-lərin azad VCT-lərə nisbətən dövlət orqanlarına daha asan çıxışları var və həmin orqanlar tərəfindən daha böyük dəstəyə malikdirlər – hətta rəğbətli dövlət məmurları da hökumətin VCT fəaliyyətinə mane olan ümumi siyasətinə görə müstəqil VCT-lərlə rəsmi olaraq əməkdaşlıq edə bilməzlər.

VCT-lərin siyasi dialoqa yardımçı olacağını ümid etdikləri, 2014-cü ilin ictimai iştirakçılıq haqqında Qanunu 2016-cı ildə də zəif tətbiq olunmağa davam etdi. Bu qanun VCT-lərin ictimai şuralarda mərkəzi və yerli dövlət idarələrinin işinə nəzarət etməkdə iştirakını nəzərdə tutur. Lakin indiyədək çoz az sayda ictimai şura yaradılıb və çox az sayda müstəqil VCT onlarda iştirak etmək üçün seçilib.

2016-cı ildə VCT-lərə qarşı təzyiqə cavab olaraq iki əhəmiyyətli platforma yaradıldı. Fevral ayında ölkənin ən təcili problemləri üçün alternativ həll yolları tapmaq üçün 26 nəfər tanınmış hüquq müdafiəçisi, hüquqşünas, iqtisadçı və jurnalist Sivil Toplum Platformasını (STP) yaratdı. İl ərzində STP iki aylıq əsasda toplaşdı və islahatların həyata keçirilməsi ilə bağlı ictimai məlumatlılığı artırmaq üçün sosial, siyasi və iqtisadi inkişaflar üzrə onlarla mövqe bülletenləri nəşr etdi. Sentyabrda hökumət Azərbaycanın yeni AHT fəaliyyət planının bir hissəsi kimi VCT-lərin və hökumətin əməkdaşlığı üçün bir mexanizm kimi AHT-nin Təşviqi üçün Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması yaratdı. Vətəndaş cəmiyyətinin əsasən hökumətyönlü təşkilatlar tərəfindən təmsil olunmasına baxmayaraq, hətta onlar belə vətəndaş cəmiyyəti üçün məhdud mühit barədə dərin narahatlıqlarını ifadə etdilər. Bundan əlavə, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Koalisiyası, Anti-korrupsiya Koalisiyası, Vətəndaş Cəmiyyətinin Hüquqlarını Müdafiə Komitəsi, Qadın Parlamenti və Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Milli Platforması (ŞT VCF) kimi koalisiyalar VCT-lər üçün fəaliyyət mühiti də daxil olmaqla, müxtəlif tematik məsələləri ünvanlamağa davam etdi.

Geniş və görünürlüyü yüksək olan vəkillik fəaliyyətləri və kampaniyaları əsasən ölkə xaricində mühacirətdə olan VCT liderləri və Human Rights Watch, Beynəlxalq Amnistiya, İnsan Hüquqları Evi Fondu, Azadlıq Evi və İnsan Hüquqları Müdafiəçiləri kimi beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilir. Bu təşkilatlar və onların işçi heyəti Azərbaycan hökuməti tərəfindən qara siyahıya salınıb, hökumətyönlü kütləvi informasiya vasitələri tərəfindən ermənipərəst və qərbyönümlü olduqları iddiası ilə sərt tənqid edilib, vizalarından imtina olunub və ya ölkəyə gələndə girişlərinə icazə verilməyib.

2016-cı ilin sentyabrında siyasi fəallar və insan hüquqları fəalları, jurnalistlər və keçmiş hökumət rəsmiləri də daxil olmaqla Avropadakı azərbaycanlı siyasi mühacirlər Azərbaycan Naminə Demokratiya (AND) təşkilatını yaratdılar. Azərbaycan hökuməti AND-ı, Azərbaycanın vəziyyəti üzrə beynəlxalq icmada əhəmiyyətli təsiri olduğu üçün xaricdəki siyasi müxalifət kimi nəzərə alır.

2016-cı ilin mayında Aİ və Avropa Şurası Azərbaycanda VCT-lər üçün hüquqi çərçivəni yaxşılaşdırmağa və VCT-hökumət dialoqunu artırmağa yönəlmiş iki illik birgə layihə olan Vətəndaş Cəmiyyəti Dialoqunu başlatdı. Layihə il ərzində VCT ilə əlaqəli qanunvericilik üzrə hüquqi ekspertiza təmin etdi və sahədəki ən yaxşı təcrübələri öyrənmək üçün öyrənmə səfəri təşkil etdi. Layihədə kiçik bir qrup müstəqil və hökumətyönlü təşkilatlar, həmçinin ƏN, Milli Məclis və Prezident Administrasiyası da daxil olmaqla bəzi dövlət qurumları iştirak edir.

Xidmətlərin təmin edilməsi: 5.2

 

2015-ci ilin xidmət müqavilələrinin qeydiyyatını tələb edən qaydaları VCT-lərin bütün xidmət növlərini təmin etmələrini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Xidmət müqavilələrinin qeydiyyatı qrantların qeydiyyatından daha asan olsa da, ƏN hələ də qeydiyyatdan imtina etmək üçün geniş imtiyaza malikdir və bu cür qərarlar siyasi xarakterli ola bilər. Sosial xidmətlər bu qaydalardan xüsusilə təsirləndi, çünki çox az donorlar bu cür işlər üçün dəstək təmin etməyə davam etdi.

Hökumətin yanaşması və VCT-lərin sosial xidmət təminatı üçün donor maliyyəsindən asılı olması səbəbindən icmalar və benefisiarlar sosial konsultasiyalardan mikro maliyyə xidmətlərinə qədər bir çox xidmətdən məhrum oldu. VCT-lərin əksəriyyəti fəaliyyətlərini gizlətmək üçün və ölkədə yeni bir siyasi gərginlik dalğası olması halında bağlanmaq riskini azaltmaq üçün fiziki şəxslər kimi və ya əlaqəli kommersiya təşkilatları vasitəsilə donorlarla və ya digər sifarişçilərlə xidmət müqaviləsi bağlamağa üstünlük verdi. Eyni zamanda, bu formada fəaliyyət göstərən VCT-lər görünürlüklərini qurban verirlər və şəffaflıq və hesabatlılıqlarının olmaması ilə ittiham olunurlar.

Xidmət müqavilələri yekunlaşdırıldıqdan sonra VCT-lərə əsas xidmətlərin icrasından, iqtisadi inkişafı və sosial və siyasi gücləndirməni təşviq edən səylərə qədər bir çox müxtəlif xidmətləri təmin etmək imkanı verir. VCT-lər, həmçinin digər VCT-lər, akademiya, beynəlxalq təşkilatlar, biznes qurumları və hətta hökumət üçün monitorinq, araşdırma, tədqiqat və təhlil kimi xidmətləri təmin edirlər.

VCT-lər nadir hallarda xidmətlərinə görə benefisiarlardan pul tələb edirlər, bunun əsas səbəbi onların qeyri-kommersiya təşkilatları olmaları və buna görə də xidmətlərini pulsuz təmin etmələri üzrə olan ictimai düşüncədir. Hökumət VCT-lərə bəzi xidmət müqavilələri təmin edir, lakin bu, bir qayda olaraq qapalı və qeyri-şəffaf proses vasitəsilə olur və müqavilələri alanlar əsasən hökumətyönlü VCT-lərdir.

 

İnfrastruktur: 5.6

Milli VCT-lərin işini koordinasiya etmək və onların bilik və bacarıqlarının artırılmasına töhfə vermək üçün 1999-cu ildə Milli QHT Forumu yaradıldı. Forumun hal-hazırda 675 üzvü var. Forumun həmçinin Bakıda olan üzvləri tərəfindən icra edilən regional layihələrini dəstəkləyən bir neçə regional koordinasiya mərkəzləri var. Konfrans və seminar kimi ictimai tədbirlərin keçirilməsi üçün yaradılmış Beynəlxalq Mətbuat Mərkəzi hökumətlə olan güclü əlaqələrinə görə müstəqil fikirlilər üçün məkan təmin etməkdən imtina edir.

2016-cı ildə Azərbaycanda VCT-ləri hədəf alan bilik və bacarıqların artırılması üzrə layihələr olmadı. Axırıncı layihə – USAİD tərəfindən maliyyələşdirilən və Chemonics International tərəfindən həyata keçirilən İnkişaf üçün Yerli Bacarıqların Artırılması (İYBA) layihəsi – hökumətin aylarla davam edən istintaqından və fəaliyyətlərinə qarşı maneələrdən sonra 2015-ci ildə dayandırıldı.

Yerli VCT-lərə yerli və ya xarici fondlardan qrantlar təmin edən hər hansı yerli ictimai fondlar və ya vasitəçi dəstək təşkilatları yoxdur. Bunun qismən səbəbi təkrar qrant verən təşkilatların verdikləri hər qrant üçün təsdiq almalarını və qrant alanların hər bir qrantı ianə kimi qeydiyyatdan keçirmələrini tələb edən 2015-ci ildə qüvvəyə minən qaydalardır.

VCT-lər bir-biriləri ilə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) Koalisiyası, Dialoq Platforması və Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Milli Platforması (ŞT VCF) kimi qalan bir neçə platformalar və şəbəkələr vasitəsilə, həmçinin sosial media vasitəsilə malumat bölüşürlər. Sivil Toplum Platforması və Vətəndaş Cəmiyyətinin Hüquqlarını Müdafiə Komitəsi VCT sektorunun maraqlarını təbliğ etdikləri əsas yerli müstəqil platformalardır.

VCT-lərin idarə edilməsi üzrə bir neçə peşəkar təlimçi vardır və onların əksəriyyəti bacarıqların artırılması üzrə işləyən keçmiş VCT-lərin liderləri və ya əsas ekspertləridir. Lakin VCT-lərin əksəriyyəti üçün bu cür təlimin uyğunluğu müzakirəlidir, çünki onlar işçi heyətlərinin əksəriyyətini itiriblər və çətinliklə fəaliyyət göstərirlər.

VCT sektoru sektorlararası əməkdaşlığı inkişaf etdirməkdə çətinlik çəkir. Ümumiyyətlə, bizneslər və akademik qurumlar hökumətlə münasibətlərini zədələməmək üçün VCT-lərlə işləməkdən çəkinirlər. Akademik qurumlar həmçinin VCT-lərin “siyasiləşmiş motivlərindən” qorxurlar. Universitetlərin əksəriyyətinin tələbələrin sosial medialarını yoxlaması ilə tələbələr arasında siyasi fəallıq yaxından izlənilir. Bir neçə özəl universitet istisna olmaqla VCT-lərin tələbələrə çıxışına icazə verilmir. VCT-lərin media ilə əlaqələri 2014 və 2015-ci illərdə VCT-lərə qarşı hökumət tərəfindən dəstəklənən media kampaniyasından sonra pisləşdi.

 

İctimai imic: 5.8

Azərbaycandakı VCT-lər hökumətyönlü medianın onları 2014 və 2015-ci illər ərzində siyasiləşmiş təşkilatlar, xarici agentlər, vergidən yayınanlar və ermənipərəst kimi təsvir etməsindən sonra öz imiclərini bərpa edə bilmədilər. 2016-cı ildə media VCT-ləri, yalnız qrantları olduqları zaman aktiv olduqlarını bildirərək mənfi şəkildə təsvir etməyə davam etdi. Bundan əlavə, beynəlxalq təşkilatlarla əlaqəsi olan VCT-lər mütəmadi olaraq “ermənipərəst” olmaqla ittiham olunurlar. “Ermənipərəst” etiketi həmçinin geniş şəkildə insan hüquqları təşkilatlarına aid edilir və onların sülhquruculuğu missiyaları dövlətə xəyanət kimi təqdim edilir.

Hökumət və hökumətyönlü media VCT-ləri Qərbin agentləri kimi görürlər. Onlar xüsusilə insan hüquqları, demokratiya, qanunun aliliyi, gender bərabərliyi, uşaq hüquqları, yuvenal ədliyyə, seçkilər, media hüquqları, vətəndaş cəmiyyətinə dəstək, şəffaflıq və əmlak hüquqları üzrə işləyən VCT-ləri hədəf alırlar. Bunun səbəblərindən biri də bu cür VCT-lərin Universal Dövri İcmalla əlaqəli səylər də daxil olmaqla, beynəlxalq vəkillikdə iştirak etmələridir. Bu rəftar geniş ictimaiyyətə əks edilir və ictimaiyyət nadir hallarda bu cür mesajlara qarşı VCT-lərin işi ilə bağlı alternativ informasiyaya və ya biliklərə malik olur. Bizneslər VCT-ləri hökumətin tənqidçiləri kimi görürlər və onlarla əməkdaşlıq qurmağın hökumətlə münasibətlərinə zərər verə biləcəyindən qorxurlar.

Azərbaycanda media azadlığı 2016-cı ildə də məhdudlaşdırılmağa davam etdi. Bir neçə azad kütləvi informasiya vasitələrindən başqa əksər media böyük ölçüdə hökumətin lehinə fəaliyyət göstərir və ondan asılıdır. Ona görə də sosial media və onlayn televiziya VCT-lərin daha geniş icmalara çatması üçün əsas vasitələrə çevrilib, lakin bu vasitələr VCT-lərin imicini bərpa etmələri və əsas hədəf qruplarına çatmaları üçün yetərsiz qaldı. VCT-lər əsasən hotellər və ya konfrans mərkəzləri kimi məkanlarda ictimai tədbirlər keçirə bilmirlər; hotellərin və biznes mərkəzlərinin əksəriyyəti VCT-lərin Prezident Administrasiyasından icazə əldə etməklərini tələb edir, bu cür icazələr isə çox nadir hallarda verilir. Bəzi hallarda məkanlarla müqavilə olmasına baxmayaraq, tədbirlər son anda ləğv edilib. Bundan əlavə, prezidentin “şərəf və ləyaqətini internet informasiya ehtiyatında ləkələmə və ya alçaltmanı” cinayət əməli hesab edən yeni qanun VCT-lərin özlərini onlayn platformalarda azad ifadə etmələrini məhdudlaşdırdı və senzura tətbiqini təşviq etdi.

Məhdud resurslar VCT-lərin internet səhifələrini saxlamaq və ya illik hesabatlar dərc etmək kimi müxtəlif formalarda hədəf qruplarına çatmalarına mane olur, bu da hökumətin VCT-lərin şəffaf olmamaları barədə iddialarını gücləndirir.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button