ABŞ Bin Ladeni öldürdü

“Əl –Qaidə” terror qruplaşmasının lideri Üsamə Bin Laden öldürülüb. Artıq bu barədə məlumatı Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama da təsdiq edib. Obama deyib ki, qruplaşma liderinin cəsədi artıq onların əlindədir. “Bin-Ladenin ölümü Al-Qaidəni məğlub etmək yönündə ölkəmizin ən mühüm uğurudur. Amma onun ölümü hələ də bizim səylərimizin sonu deyil. Ancaq şübhə yoxdur ki, “Əl-Qaidə” bizə hücumlarını davam etdirəcək. Biz ölkə daxilində və xaricində ayıq-sayıq olmalıyıq və olacağıq”.

Obama əlavə edib ki, Birləşmiş Ştatlar İslamla müharibə aparmır və Bin Laden müsəlman lideri, kütləvi qırğın törədən cinayətkardır. Bin Laden tarixdə bir neçə ölümcül hərbi hücumun, həmçinin 2001-ci il 11 sentyabr terrorunun təşkilatçısı sayılır. Keçmiş prezident Corc Buş terror təşkilatının rəhbərinin öldürülməsinin terrorla mübarizədə ciddi bir uğur olduğunu açıqlayıb. Terrorçunun öldürülməsini eşidən amerikalılar sevinclə Ağ Evin qarşısına toplaşmağa başlayıblar. “Amerika, Amerika!” deyə şüarlar səsləndirən insanlar xoşbəxt olduqlarını deyiblər. Məlumata görə, Üsamə Bin Laden Pakistanın Abbottabad şəhərində keçirilən xüsusi əməliyyat zamanı öldürülüb.

Lakin bundan bir qədər sonra “Əl-Qaidə” terror şəbəkəsi Usama Bin Ladenin öldürülməsi xəbərinin ABŞ hökümətinin növbəti yalanı olduğunu demişdi. Terror təşkilatı yayılmış video görüntülərdə “Niyə Bin Ladenin cəsədinin göstərilmədi?” sualının araşdırılmasına çağırıb.

Pakistan telekanallarından biri Bin Ladenin cəsədinin və əməliyyatın keçirildiyi evin görüntülərini yayıb. Məlum olub ki, bin Laden başından azı iki güllə yarası alıb, onun başının bir hissəsi dağılıb, ancaq sifəti yaxşı vəziyyətdədir və tanınır. Gecə saatlarında çəkilmiş görüntülərdə əməliyyatın keçirildiyi evdə yanğın olduğu görünür. “Frans press” agentliyi ABŞ administrasiyasındakı mənbələrə istinadən xəbər verib ki, əməliyyat zamanı bin Ladenin böyük oğullarından biri də öldürülüb. Onun adı açıqlanmır, məlumdur ki, bin Ladenin 19 uşağı var. Mənbə deyib ki, atışmada terrorçunun iki kuryeri də məhv edilib, kuryerlərdən birinin canlı qalxan olaraq istifadə etdiyi qadın isə yaralanıb. Əməliyyatda daha iki qadının yaralandığı xəbər verilir. Pakistan kəşfiyyatındakı mənbələr isə xəbər veriblər ki, əməliyyat zamanı bin Ladenin iki arvadı yaralı ələ keçirilib, həmçinin onun dörd uşağı tutulub. Terrorçunun bir neçə köməkçisinin də əsir alındığı bildirilir. Əməliyyatda onun mühafizəçisi olan bir neçə ərəb də öldürülüb. CNN telekanalı isə adı açıqlanmayan amerikalı rəsmiyə istinadən xəbər verib ki, bin Ladenin cəsədi artıq dənizdə basdırılıb. Terrorçuların bin Ladenin məzarını ibadətgaha çevirməməsi üçün bu addım atılıb. Bundan əvvəl isə Amerika rəsmiləri bin Ladenin cəsədi ilə islam qaydalarına uyğun davranıldığını demişdilər.

The Guardian”ın məlumatına görə, “Əl Qaeda” terror şəbəkəsinin lideri, Pakistanın Abbotabad şəhərində xüsusi əməliyyat nəticəsində məhv edilmiş Üsama bin Ladenin vəsiyyəti açıqlanıb. O, övladlarından təvəqqe edib ki, “Əl Qaeda” terror təşkilatına qoşulmasınlar.

Bin Ladeninin vəsiyyətini Küveytin “Əl Ənbaa” qəzeti dərc edib. Qəzet bildirir ki, vəsiyyət 2001-ci ilin dekabrın 14-də, 11 sentyabr teraktlarından və ABŞ-ın xüsusi xidmət təşkilatlarının Bin Ladeninin ovuna çıxmasından sonra yazılıb.

Vəsiyyətdə bin Laden “cihada meylli” olduğu üçün övladları ilə ünsiyyətə yetərincə vaxt ayıra bilməməsinə təəssüfləndiyini bildirir. Vəsiyyətdə bin Laden arvadlarına onun ölümündən sonra yenidən ərə getməyi də qadağan edir.
Kompüterdə çap edilmiş 4 səhifəlik sənəddə bin Laden ətrafındakı insanların xəyanəti nəticəsində qətlə yetiriləcəyini də yazıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button