ABŞ-ın ATƏT-dəki nümayəndəsi: “Gürcüstanın kursu ilə bağlı bir çox narahatlığımız var”
Yayımlandı: 12 Sentyabr 2024 16:01
Metyu Miller Rusiya xüsusi xidmət orqanlarının məlumatını absurd adlandırıb
ABŞ-ın ATƏT-dəki nümayəndəsi Maykl Karpenter “Amerikanın səsi” radiosunun Gürcüstan bürosuna müsahibəsində deyib: “Gürcüstanın kursu ilə bağlı çoxlu narahatlığımız var. Biz müvafiq şəxslərin baş verənlərə görə cavab verməsi üçün yollar axtarmağa davam edəcəyik”.
“Biz son zamanlar antidemokratik hərəkətlərdən, vətəndaş cəmiyyətinin təqibindən və ifadə, sərbəst toplaşmaq azadlığı üçün məkanın azalmasından narahatıq. Biz bu trayektoriyanı xeyli müddətdir müşahidə edirik və “xarici agentlər haqqında” qanun da onun təzahürlərindən biridir.
Açığı, hakim partiyanın gələcək bəyanatları da narahatlıq doğurur. Beləliklə, tədbir gördük. Biz Gürcüstan hökumətinə normal olaraq verdiyimiz 95 milyon dollar yardımı dayandırdıq. Gürcüstanda demokratik normaları pozan hərəkətlərdə iştirak edən “Gürcü Arzusu” rəsmilərinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, ayrı-ayrı şəxslərə, parlament üzvlərinə qarşı məhdudlaşdırıcı siyasət həyata keçirmişik. Baş verənlərə görə aidiyyatı şəxslərin məsuliyyətə cəlb edilməsi yollarını axtarmağa davam edəcəyik.
Bunların (hadisələrin) həyəcanverici olduğunu söyləmək kifayət deyil. Gürcüstanın istiqaməti ilə bağlı bizi narahat edən çox şey var”, – Karpenter bildirib.
Karpenter deyib ki, Amerika lazım gəldikdə müvafiq addımlar atmağa davam edəcək:
“Biz sanksiyaları əvvəlcədən elan etmirik, lakin korrupsiyaya, antidemokratik hərəkətlərə, vətəndaş cəmiyyətinə qarşı təqiblərə və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə insanları məsuliyyətə cəlb etməyə çalışacağıq”.
“Həm Gürcüstan kontekstində, həm də qlobal miqyasda buna uyğun hərəkət etmək üçün lazımi alətlərimiz var. Biz lazım gəldikdə müvafiq addımlar atmağa davam edəcəyik”, – Karpenter bildirib.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller isə Rusiya xüsusi xidmət orqanlarının ABŞ-ın “Gürcü Arzusu”nun qələbəsinin qarşısını almaq üçün Gürcüstanda keçiriləcək seçkilərə müdaxilə etməyi planlaşdırması barədə bəyanatını absurd adlandırıb.
Metyu Miller “Accentnews”a müsahibəsində qeyd edib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.
“Bu məlumat tamamilə yalandır və biz ilk dəfə deyil ki, Rusiya xüsusi xidmət orqanlarının bu cür ittihamlarını absurd adlandırırıq. Birləşmiş Ştatlar bütün dünyada demokratiyanı, azad və ədalətli seçkiləri dəstəkləməyə sadiqdir. Rusiya isə demokratik Ukraynaya qarşı müharibə aparan və Gürcüstan ərazisinin 20 faizini işğal etməkdə davam edən ölkədir”, – Miller bildirib.
TASS Rusiya Xüsusi Xidmətinə istinadən yazıb ki, ABŞ ilə Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB/ATƏT) arasında Gürcüstanda keçiriləcək parlament seçkilərinə müdaxiləylə bağlı müəyyən razılıq var. Azərbaycanda insanların bütün hüquqları qorunur, azadlıqdan məhrum edilmiş şəxslərin müdafiə olunması ilə yanaşı, müvafiq təcrübənin ümumi qəbul edilmiş beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində əhəmiyyətli irəliləyiş əldə edilməkdədir və Avropa İttifaqının bu barədə iddiaları tamamilə əsassızdır.