ABŞ-ın KEÇMİŞ SƏFİRİ BAKIDAKI KORRUPSİYADAN DƏHŞƏTƏ GƏLİB

Riçard Kozlariç: “Bir ovuc məmur tərəfindən mənimsənilən pulların məbləğini təsəvvür belə edə bilmirəm”

“Mən Bakıda sonuncu dəfə 2002-ci ildə olmuşam və bilirəm ki, o vaxtdan bəri Azərbaycanda çox şey dəyişib. Amma oradan gələn insanlarla söhbətlərim əsasında deyə bilərəm ki, o zəngin ehtiyatlardan heç də hamı bəhrələnə bilmir. Təəssüf ki, bəziləri başqalarına nisbətən bundan daha çox xeyir görürlər”.

Bu sözləri 1994-97-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri olmuş Riçard Kozlariç “Azadlıq” radiosuna müsahibəsində deyib. Kozlariç Vaşinqtonda Beynəlxalq Sülh uğrunda Karnegi Fondunda “Cənubi Qafqaz: müstəqilliyin 20 ili” mövzusunda keçirilən konfransda iştirak edib. O bildirib ki, korrupsiya Azərbaycanın regionda güc mərkəzinə çevrilməsini əngəlləyən, onun potensialının tam açılmasına mane olan çox böyük bir problemdir.
“Mən indi bir ovuc insan tərəfindən mənimsənilən pulun məbləğini, sadəcə, təsəvvür edə bilmirəm. Halbuki həmin pullar xalqa xərclənməlidir. Qeyri-neft sektoru inkişaf etdirilməli, yaxud sadəcə kasıb insanların problemlərinin həllinə yönəldilməlidir. Korrupsiya Azərbaycan üçün faciədir” – deyə keçmiş səfir bildirib.
Kozlariçin bildirdiyinə görə, Azərbaycan elan edib ki, Avropaya inteqrasiya etmək istəyir. Amma bu ritorikanın icrasına gəldikdə, işlərin tamam əks istiqamətdə getdiyi görünür. O deyib ki, Bakıda sonuncu dəfə 2002-ci ildə olsa da məlumatları izləyəndə – mətbuata qarşı məhdudiyyətləri, siyasi müxalifətin yox edilməsini, adi insan haqlarına, o cümlədən dini azadlıqlara şərait yaratmaqdan imtina olunmasını görəndə icra prosesinin bəyan edilənlər istiqamətində yox, əks istiqamətdə getdiyini anlayır: “Bu belə davam edə bilməz. İndi regionda elə proseslər gedir ki, Azərbaycan xalqı onlara diqqət etməlidir. Xüsusən də dövlət rəsmiləri”.
“Yəqin ərəb inqilablarını nəzərdə tutursunuz…” sualına cavab olaraq diplomat deyib ki, o, Azərbaycanın ətrafında baş verənlərin hamısını nəzərdə tutur: “Həmin hadisələr niyə baş verir? Çünki həmin ölkələrdəki insanlar öz hökumətlərindən, demokratik islahatların aparılmaması, ifadə azadlığına şərait yaradılmaması, məmurların korrupsiyaya bulaşmasından narazıdırlar. Və bunun ciddi nəticələri olur. Məncə, müstəqillik əldə etməsindən 20 il keçəndən sonra, yəni indi daha ”biz keçid dövrünü yaşayırıq”, “Ermənistanla müharibə şəraitindəyik” kimi bəhanələrdən istifadə edə bilməz. İndi ritorikanı reallığa çevirməyin vaxtıdır. Və buna imkan da var. Gec deyil”.
Yazıçı Rafiq Tağının qətlinin İranla əlaqələndirilməsini şərh edən Kozlariçin bildirdiyinə görə, İran öz davranışları ilə nümayiş etdirib ki, öz sərhədlərindən xeyli uzaqda da dəhşətli əməllər törədə bilər: “Mən qətlə yetirilmiş yazıçı haqda mətbuatdan oxudum. Buna çox kədərləndim. Çünki indiyəcən Azərbaycanda nə qədər qətlə yetirilən, həbs edilən jurnalistin olduğunu bilirəm. Mən əminəm ki, İranın Azərbaycanla bağlı narahatlıqları var. Mənim dövrümdə də belə idi. İnanıram ki, indi də belədir. Çünki İran Azərbaycanın müstəqillik qazanması ilə heç vaxt barışmayıb. Onlar bunu özlərinə təhlükə kimi görürlər. Azərbaycanın İranda yaşayan azərbaycandilli əhaliyə təsirindən ehtiyat edirlər. Və bundan başqa, Azərbaycanın Avropaya inteqrasiya etmək istiqamətində siyasəti, xüsusən ABŞ və İsraillə əməkdaşlıq etməsi də İranın xoşuna gəlmir”.

01 Dekabr 2011

“Yeni Müsavat”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button