ABŞ İranın İsrailə atdığı raket və dronların zərərsizləşdirildiyini deyir

Yayımlandı: 14 Aprel 2024 11:07

İran əməliyyatın bitdiyini açıqlayıb

Aprelin 13-də saat 22.00 radələrindən İran İsrailə onlarla pilotsuz təyyarə və raket atıb.

CNN İranın İsrail səmasına yüzə yaxın dron buraxdığını yazıb.

Bundan əlavə, İranın İsrailə qanadlı raketlər atdığı da məlum oldu. Onların da uçması bir saat yarım-iki saat çəkir”, – deyə məlumatda qeyd olunub.

Amma hücumdan bir neçə saat sonra İran əməliyyatın bitdiyini elan edib.

“Məsələ bitmiş hesab edilə bilər. Lakin İsrail rejimi növbəti səhvə yol verərsə, İranın cavabı daha sərt olacaq”, – deyə İranın BMT-dəki missiyası sosial mediada bildirib.

O həmçinin xəbərdarlıq edib ki, ABŞ İran və İsrail arasındakı münaqişədən uzaq durmalıdır.

Bu açıqlama verilərkən İranın pilotsuz təyyarələri və raketləri hələ İsrail hava məkanına çatmamışdı.

“Reuters”nin məlumatına görə, Tehranın əməliyyatı başlanandan sonra ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.

Bayden və Netanyahu. Foto: Reuters

O, Tehranın hücumuna diplomatik cavabı koordinasiya etmək üçün aprelin 14-də “Yeddilik” Qrupunun liderlərini toplantıya çağıracağı bildirilib

“Ağ Evin yüksək rütbəli rəsmisinə istinadən qeyd olunub ki, Bayden Netanyahuya ABŞ-ın İsrailin İrana qarşı istənilən əks hücumuna qarşı çıxacağını deyib”.

İsrailin hərbi sözçüsü, kontr-admiral Daniel Həcəri İranın İsrailə onlarla raket atdığını və onların əksəriyyətinin ölkə sərhədlərindən kənarda ələ keçirildiyini bildirib.

Onun sözlərinə görə, bunlara 10-dan çox qanadlı raket daxildir:

İranın 200-dən çox pilotsuz təyyarəsi və raketi İsrailin bir hərbi obyektinə yüngül ziyan vurub”.

İran İslam Respublikası. Foto: Reuters

İran aprelin 1-də iki yüksək rütbəli komandir də daxil olmaqla, İslam İnqilabı Keşikçiləri Korpusunun 7 zabitinin ölümünə səbəb olan İsrailin Dəməşq konsulluğuna endirdiyi zərbəyə görə qisas alacağını vəd etmişdi.

ABŞ-ın müdafiə naziri Lloyd Austin Amerikanın İranla münaqişəyə can atmadığını, lakin hərbi qüvvələrini qorumaq və İsrailin müdafiəsini dəstəkləmək üçün hərəkətə keçməkdən çəkinməyəcəyini söyləyib.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş İranın hücumunu pisləyərək bölgədə dağıdıcı eskalasiyanın real təhlükəsindən dərin narahat olduğunu deyib.

Rusiyanın BMT-dəki səfirinin müavini Dmitri Polyanskiy “Telegram” səhifəsində yazıb ki, Rusiya İsraillə yanaşı, İrandan da məktub alıb.

BMT
Foto: BMT

İran Təhlükəsizlik Şurası bu hücumun özünümüdafiə hüququnu tənzimləyən BMT Nizamnaməsi çərçivəsində olduğunu deyib:

“Tehran xəbərdarlıq edir ki, İsrail cavab verərsə, İran daha güclü və qəti şəkildə cavab verəcək”.

Avropa İttifaqı, İngiltərə, Çexiya, Danimarka, Fransa, Meksika, Hollandiya və Norveç İranın hücumunu pisləyib.

Baydenin noyabrda keçirilən prezident seçkilərində Respublikaçı rəqibi Donald Tramp onu tənqid edərək bildirib ki, İsrail hazırda hücuma məruz qalıb:

“Ona görə ki biz böyük zəiflik göstəririk. Əks halda bu, baş verməzdi, yəni biz hakimiyyətdə olsaydıq, belə olmazdı”.

ABŞ Prezidenti Co Bayden isə  bəyanat yayaraq İranın hücumlarını qınayıb:

“Mənim göstərişimlə İsrailin müdafiəsini dəstəkləmək üçün ABŞ hərbçiləri son bir həftə ərzində bölgəyə təyyarələri və ballistik raketdən müdafiə sistemlərini yerləşdiriblər”.

“Hərbçilərimizin bacarığı sayəsində İsrailə yönəlmiş pilotsuz uçuş aparatlarının və raketlərin, demək olar ki, hamısını vurduq”, – deyə o bildirib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button