ABŞ Konqresi Azərbaycan hakimiyyətinə qarşı sanksiya proseduruna başladı

ABŞ Konqresmeni, respublikaçı Chris Smith və demokrat konqresmen Jim McGovern sentyabrın 26-da Azərbaycanda qanunun aliliyi və insan haqlarına riayət edilməsinə dair qətnamə layihəsi təqdim ediblər.

Bu barədə Chris Smith-in rəsmi saytında deyilir: “Azərbaycan rejimi insan haqları fəallarını, müstəqil jurnalistləri və dini liderləri susdurmaq üçün işgəncə, siyasi motivli cinayət ittihamları, qısnama, beynəlxalq adam oğurluğu və təhdidin başqa formalarından istifadəni davam etdirir”.

Konqresin Qlobal İnsan Haqları Palatasına sədrlik edən Chris Smith daha sonra bildirib ki, “bizim ölkələrimiz arasında təhlükəsizlik və iqtisadi bağların mövcud olması məlumdur, lakin bu pozuntular diqqətdən kənarda qala bilməz”.

Chris Smith

Chris Smith

 

Bu qətnamə layihəsinin başqa müddəaları Birləşmiş Ştatlar hökumətini Azərbaycan hökuməti ilə əlaqələrdə Azərbaycanda insan haqları və təməl azadlıqların vəziyyətini rəhbər tutmağa və beynəlxalq aləmdə tanınan insan haqlarını pozan Azərbaycan rəsmilərini cəzalandırmaq məqsədilə Qlobal Magnitsky İnsan Haqları Hesabatlılığı qanununu (Global Magnitsky Human Rights Accountability Act) tətbiq etməyə çağırır.

Bundan əlavə, qətnamə Azərbaycan hökumətini bütün siyasi məhbusları və vicdan məhbuslarını azad etməyə və hesabatlılıq və demokratik dəyərlərə söykənən hakimiyyət üsul-idarəsi istəyənlərin hədəflənməsinə son qoymağa çağırır.

Konqresmen Smith deyib ki, “Qlobal Magnitsky Qanunu” ABŞ-ın dünyada insan haqlarının müdafiəsində liderliyi üçün yeni era açıb”.

Qlobal Magnitsky Qanununun Azərbaycana aid versiyasına müəlliflik etmiş Chris Smith deyib ki, ABŞ rəsmi Bakıya münasibətdə bu alətdən istifadə etməlidir.

Viza qadağanından və aktivlərin dondurulmasından istifadə edən bu qanun insan haqlarını pozanların cəzalandırılmasını nəzərdə tutur.

Konqresmen deyib ki, bu tədbirlər Azərbaycan hökumətindəki insan haqları pozucularının cəzasızlığına son qoymaq məqsədi güdür.

Konqresmen Smith indiyədək Azərbaycanda insan haqları pozuntularına dair iki dinləmə keçirib.

Onlardan sonuncusu AzadlıqRadiosunun müxbiri Xədicə İsmayılovanın mühakimə olunması ilə bağlı idi.

Bundan az əvvəl, sentyabrın 7-də ABŞ senatoru Riçard Durbin-in Mehman Əliyevin həbsində iştirakı olan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar barədə düzəliş təqdim etdiyi bildirilmişdi.

Xəbərdə deyilirdi ki, senatorun təqdim etdiyi düzəliş Mehman Əliyevin həbsində rol oynamış bütün Azərbaycan rəsmilərinə Amerika Birləşmiş Ştatlarına daxil olmağı qadağan edir.

Düzəliş Dövlət Katibindən rica edirdi ki, sanksiyaların tətbiq olunacağı Azərbaycan rəsmilərini müəyyən etsin.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button