ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələr -VİDEO

Безымянный17.07.2013
ABŞ Konqresinin Helsinki Komissiyasında “Problemli tərəfdaş-Azərbaycanda artan avtoritarizm” mövzusunda dinləmə keçirilib.  Dinləmədə ABŞ və Azərbaycan rəsmiləri, ekspertlər və Azərbaycan müxalifətinin nümayəndələri iştirak ediblər.
Dinləmələrin açılışında danışan Dövlət Departamentinin nümayəndəsi Pol Karter Azadlıq radiosunun peyk vasitəsilə yayım siqnalına müdaxilə edildiyini qeyd etdi.
ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan haqları və Əmək bölməsində Dövlət Katibinin yardımçısı Tomas Melia Azərbaycanda vəkillərə təzyizlərə son qoyulmasına və siyasi məhbusların azad edilməsinə çağırıb. O, qeyri-hökumət təşkilatlarını qeydiyyatdan keçməsi ilə bağlı problemləri qeyd edərək, buna son qoyulması və siyasi partiyalara təzyiqlərin dayandırılmasının əhəmiyyətini vurğulayıb. Dövlət Departamentinin rəsmisi söz və toplaşmaq azadlıqlarına riayət edilməsinin oktyabr ayında prezident seçkiləri üçün olduqca böyük əhəmiyyət daşıdığını qeyd etdi.
Tomas Melia REAL hərəkatının lideri İlqar Məmmədovun həbsinə toxunaraq, onun azadlığa buraxılmasına çağırdı. O, Azərbaycanda plüralizmin və vətəndaş cəmiyyəti ilə dialoqun genişləndirilməsinin əhəmiyyətini vurğuladı. Çıxışının sonunda Tomas Melia ABŞ-ın Azəbaycandakı səfiri Riçard Morniqstarın Azadlıq radiosunun yayım siqnalına müdaxilə ilə bağlı bəyanatına toxunaraq, müdaxiləyə son qoymağa çağırdı. Sözlərini azərbaycanca bitirən Tomas Melia ABŞ və Azərbaycan arasında dost münasibətlərə işarə edərək, “Dost pərdəsiz danışar”-deyə sözlərini bitirdi.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycanın ABŞ-la tərəfdaşlığa yüsək qiymət verdiyini bidirdi. O, Azərbaycanın regionda tolerantlıqda başqa ölkələrə örnək ola bildiyini deyib. Səfir “amma görüləsi işlər çoxdur” deyərək,  Azərbaycan qarşısında ən əsas problem olaraq torpaqların işğal altında olmasını vurğuladı. Elin Süleymanov Azərbaycanda bir  milyon insanın yerlərindən didərgin düşdüyünü qeyd etdi.
Elin Süleymanov Azərbaycanda media sahəsində vəziyyətdən danışaraq, ölkədə beş mindən çox media orqanının fəaliyyət göstərdiyini bildirdi. Səfir ölkədə internet azadlığının təmin olunduğunu və müdaxilənin olmadığını bildirdi. Elin Süleymanov beynəlxalq Transparency International təşkilatının Azərbaycanda korrupsiyanın azaldığını deyib və Azərbaycanda insanların rifah halının artdığını qeyd edib.
Azərbaycanın Demokratik qüvvələrinin Milli Şurasını təmsil etdiyini deyən Eldar Namazov Azərbaycanda hazırkı siyasi durumdan və müxalifətin planlarından danışdı. Onun sözlərinə görə, müxalifət qüvvələri seçkilərdə qalib gəldiyi halda, Azərbaycanda keçid dövrü elan ediləcək və iki il müddətində hüquqi islahatlar aparılacaq.
Eldar Hamazov Helsinki Komissiyasına NİDA gənclər təşkilatının zindandan yazılan məktubunu təqdim edəcəyini bildirib. O, Milli Şuranın 129 üzvündən 12-i həbsdə olduğunu vurğulayıb. Eldar Namazov bildirdi ki, Azərbaycanda demokratik seçkiləri keçirilməsə, ölkədə bütün regiona təsiri olacaq ictimai partlayışlar baş verə bilər. O, Azərbaycanda insan hüquqlarını pozan rəsmilərə qarşı Maqnitski aktına uyğun sanksiyaların tətbiq edilməsinə çağırdı. Eldar Namazov çıxışını “Azərbaycanda demokratik dəyişikliklər labüddür, təkcə az xalqı üçün deyil, ölkənin təhlükəsizliyi və sabitliyi üçün. ABŞ bu demokratik keçidin labüd olduğunu eyni dərəcədə dərk edir” sözlərilə bitirdi.
Azərbaycan Milli Məclisinin üzvü Səməd Seyidov Helsinki Komissiyasında dinləmələrin “Problemli tərəfdaş” adı altında keçirilməsinə etirazını bildirdi. O, Azərbaycanda insan haqları məsələsini Dağlıq Qarabağ münaqişəsini müzakirə etmədən mümkün olmadığını dedi. Səməd Seyidov Azərbaycanı bu gün regionda qərib dəyərlərinə ən çox hörmət edən ölkə adlandırdı.
Millət vəkili Azərbacanın 20 il müstəqil olduğu halda, ABŞ 237 ildir müstəqil olduğunu dedi.
REAL hərəkatının nümayəndəsi Erkin Qədirli dinləmələrdə Azərbaycanın həm hökumət, həm də müxalifətini təmsil edən nümayəndələrin bərabər iştirakına işarə edərək, Azərbaycanın özündə belə müzakirə aparmaq imkanının çox nadir olduğunu qeyd etdi.  Erkin Qədirli Azərbaycanın demokratik keçmişindən danışaraq, ABŞ prezidenti Vudro Vulsonun Azərbaycan Demokratik Respublikasının nümayəndə heyəti ilə görüşünü xatırlatdı. O, Azərbaycan Demokratik Respublkasının mövcud olduğu 2 ərzində idayalar ixrac etdiyini, milli dövlətçilik ənənəsi yarada bildiyini vurğuladı. Azərbaycanın bugünkü hakimiyyətinə gəlincə, Erkin Qədirli cəmiyyət bir ailə tərəfindən idarə edildiyini qeyd etdi.  O, hakimiyyətdə olan elitanın əlində böyük miqdarda maliyyənin olduğu haqda məlumatlar verildiyini qeyd etdi və bunu ölkə qarşısında ən böyük sınaq adlandırdı.
Erkin Qədirli müxalifəti təmsil etdiyi qrupun lideri İlqar Məmmədovun həbsdə olduğunu bildirdi. O, İlqar Məmmədovun baxışlarına görə, avro-atlantik inteqrasiya, respublika ideallarını təşviq etidyinə görə həsb edildiyini dedi. Erkin Qədirli REAL hərəkatının Azərbaycanda parlament respublikası qurmaq istədiyini bildirdi.
Milli Demokratiya Fondunun  Rusiya və Avrasiya üzrə proqram direktoru Miriam Lanskoy son bir neçə ildə Azərbaycanda insan hüquqları sahəsində vəziyyət pisləşdiyini qeyd etdi. Miriam Lanskoy Human Rights Watch təşkilatının hesabatında diqqəti çəkərək, burada 2013-cü ildə Tofiq Yaqublu və İlqar Məmmədovun saxta ittihamlarla həbsdə olduğunu qeyd etdi. O, hökumətin media üzərində nəzarəti gücləndirməyə çalışdığını, AzadlıqRadiosunun siqnallarının Azərbaycan hökuməti tərəfindən vurulduğunu bildirdi.
Miriam Lanskoy Azərbaycanda Demokratik qüvvələrinin, ölkənin ziyalıları və aparıcı müxalifət nümayəndələrinin daxil olduğu Milli Şuranın yaradılmasını müsbət hal kimi qiymətləndirdiyini qeyd etdi. /“Amerikanın səsi”/

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button