ABŞ Konqresinin Komitə sədri Əliyevi “amansız diktator” adlandırdı

Yayımlandı: 11 İyul 2024 17:59

Kris Smit Qubad İbadoğlunun həyat yoldaşı ilə bağlı bəyanat yayıb

ABŞ Konqresinin Nümayəndələr Palatasının Qlobal İnsan Haqları Alt Komitəsinin sədri Kris Smit saxlanılarkən ağır fiziki travma alan azərbaycanlı siyasi məhbus Qubad İbadoğlunun həyat yoldaşına görə bəyanatla çıxış edib.

O bildirib ki, Əliyev doktor Qubad İbadoğlunun həyat yoldaşının sağlamlığına görə birbaşa məsuliyyət daşıyır.

Smit deyib ki, Azərbaycan polisi siyasi məhbus, doktor İbadoğlunun həyat yoldaşını amansızlıqla saxlayıb və ona ağır fiziki travma yaşadıb.

“Siyasi məhbusun xanımının – heç bir ictimai siyasi fəaliyyətlə məşğul olmayan qadının vəhşicəsinə döyülməsi Azərbaycan hökuməti üçün yeni aşağı səviyyədir. Azərbaycanın amansız diktatoru İlham Əliyev doktor İbadoğlunun və onun həyat yoldaşı İradənin səhhətinin hazırkı vəziyyətinə görə tam məsuliyyət daşıyır”, – Smit belə deyib.

Komitə sədri qeyd edib ki, Bayden Administrasiyası doktor İbadoğlu, həyat yoldaşı İradə Bayramova və onların övladları, o cümlədən onların “Rutgers Universiteti”ni yenicə bitirmiş oğlunun növbəti təhdidlərdən müdafiəsi üçün əlindən gələni etməlidir.

O həmçinin qeyd edib ki, ABŞ rəhbərliyi Əliyevin sifarişi ilə həbs edilən siyasi məhbusların müdafiəsində daha cəsarətlə çıxış etməlidir.

Qubad İbadoğlu ötən il iyulun 23-də həbs edilib.

O, Cinayət Məcəlləsinin (CM) 204.1-ci (Satış məqsədi ilə saxta pul… və ya xarici valyuta hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.

Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Qubad İbadoğlu ittihamları saxta adlandırıb.

O saxlanılarkən həyat yoldaşı İradə Bayramova da yanında olub və fiziki təzyiqə məruz qaldığını deyib.

Bu il aprelin 22-də onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Q.İbadoğlu dövlət qeydiyyatına alınmayan Azərbaycan Demokratiya və Rifah Partiyasına (ADR) rəhbərlik edib.

Amma ev dustaqlığına buraxılandan sonra səhhəti ilə bağlı siyasi fəaliyyətinə fasilə verdiyini açıqlayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button