ABŞ səfirliyi ictimai fəalların etiraz aksiyasına münasibət bildirib

ABŞ səfirliyi fundamental azadlıqları dəstəkləyir. Bunu Birləşmiş Ştatların Bakıdakı səfirliyi dinc etiraz aksiyası keçirən ictimai fəalların səfirlikdən çıxarılıb, polisə təhvil verilməsi haqda ittihamlarla bağlı AzadlıqRadiosunun sorğusuna cavabında deyib.

“ABŞ səfirliyi fundamental azadlıqları, o cümlədən etiraz etmək və ifadə azadlıqlarını dəstəkləyir”, – səfirliyin cavabı belə olub.

Diplomatik missiya yada salıb ki, iyunun 23-də Birləşmiş Ştatların Müstəqillik Gününə həsr olunmuş tədbirdə hökumət rəsmiləri, vətəndaş cəmiyyətinin təmsilçiləri, təhsil, iqtisadiyyat, media və başqa sahələrdən çoxsaylı qonaqlar iştirak edib:

“Rəsmi proqramın yalnız bəzi hissələri mediaya açıq idi. Əsas hissə ünsiyyət qurmaq, Birləşmiş Ştatların müxtəlifliyini bölüşmək və rəsmi tədbiri qeyd etməkdən ibarət idi…”

Həmin gün qadın hüquqlarını müdafiə edən ictimai fəallar Nərmin Şahmarzadə, Gülnarə MehdiyevaSənubər Heydərli ABŞ səfirliyində dinc etiraz aksiyası keçiriblər.

Onlar səfirlikdəki tədbirə boğazlarına qara boya ilə əl şəkli çəkilmiş vəziyyətdə gəliblər. Öncə boğazlarında örtük olduğuna görə rəsm görünməyib, lakin tədbirdə çıxışlar başlananda şərfləri açıblar.

İctimai fəallar bildirib ki, boğazlarındakı əl şəkli ölkədə insanların hüquq və azadlıqlarının boğulmasına işarədir:

“Azərbaycanda hüquqlar pozulur. Bu xalqın boğazından yapışıblar. Bu gün burada iqtidar və müxalifət başqa ölkənin müstəqilliyini qeyd etməyə gəlib, amma Azərbaycanda müstəqillik boğulur…”

İctimai fəalların sonradan yaydığı məlumata görə, səfirliyin mühafizəçiləri onları, eləcə də aksiyanı lentə alan “Abzas” saytının rəhbəri Ülvi Həsənlini səfirlikdən çıxararaq, polislərə təhvil verib. Polislər isə onları Nəsimi rayonu, 21-ci polis bölməsinə aparıb, bir müddət sonra oradan sərbəst buraxılıblar.

Azərbaycan hakimiyyəti ölkədə fundamental hüquqların tam təmin olunduğunu bildirir, beynəlxalq insan haqları təşkilatlarının tənqidlərini qəbul etmir.

Ancaq “Freedom House” təşkilatının son hesabatında Azərbaycan yenə də möhkəmlənmiş avtokratiyalar sırasında yer alıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button