ABŞ səfiri Azərbaycan hökumətindən nələri tələb etdi?

Чемберлен Донахью08.05.2013

“Həbs olunanlar azad edilməli, ölkə boyu dinc nümayişlərə icazə verməlidir”

Aylin Çemberleyn Donahyu: «Hökumət azadlıqları məhdudlaşdırmaq üçün məhkəmələrdən istifadə edir»

Xəbər verdiyimiz kimi, BMT-nin Insan Hüquqları Şurası Azərbaycanda insan hüquqlarının vəziyyətini müzakirə etdi. Azərbaycan Cenevrədə keçirilən sessiyada müzakirə edilən 14 ölkədən biri idi.
“Amerikanın səsi” xəbər verir ki, ABŞ-ın BMT-nin Insan Hüquqları Şurasındakı səfiri Aylin Çemberleyn Donahyu müzakirələr zamanı Azərbaycanda insan hüquqlarının vəziyyətinin narahatlıq yaratdığını bildirib: “Biz Azərbaycanda qadınlara qarşı zorakılıq və qızların erkən ərə verilməsi hallarının qarşısının alınması, həmçinin 2012-ci ildə öz baxışlarını ictimai yerlərdə ifadə etdiyinə görə həbs edilmiş şəxslərin azad edilməsi kimi müsbət addımlardan razılığımızı bildiririk.
Lakin bəzi jurnalistlər və demokrat fəalların azadlıqdan məhrum edilməsi hallarının davam etməsindən narahatıq. Bu, hökumətin insanların öz fikirlərini azad şəkildə ifadə etmək azadlığını məhdudlaşdırmaq üçün məhkəmələrdən istifadə etdiyinə dair narahatlıqları artırır”.
Səfir Donahyu həmçinin Azərbaycanda sərbəst toplaşmaq azadlığına məhdudiyyətlərin artması, vətəndaş cəmiyyətinin maliyyələşdirilməsinə bu yaxınlarda hökumət tərəfindən qoyulmuş hüquqi məhdudiyyətlər, QHT-lərin qeydiyyat problemilə bağlı da narahatlığını ifadə edib.
“ABŞ Dövlət Departamentinin bu yaxınlarda insan hüquqlarının vəziyyətinə dair illik hesabatının Azərbaycanla bağlı hissəsində də eyni problemlərə toxunulub. Bura jurnalistlər, insan hüquqları və demokratiya fəallarına qarşı qorxutma, həbs və gücdən istifadə edilməsi də daxil olmaqla, ifadə azadlığının məhdudlaşdırılması daxildir.
Jurnalistlərin həbsi də daxil olmaqla, ifadə azadlığının pozulmasına dair digər hallar kimi Dövlət Departamenti jurnalist araşdırması aparan “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılovanın işini misal gətirib. Beynəlxalq səviyyədə və ölkədə qınağa səbəb olmuş 2012-ci ilin martına aid insident zamanı Azərbaycanda rəsmi korrupsiya hallarını aşkar etmiş xanım Ismayılova onun intim həyatı ilə bağlı gizli çəkilmiş videonun internetdə yerləşdirilməsilə şantaj qurbanı olub”.
Səfir Donahyu Cenevrədəki çıxışı zamanı üç tövsiyə verib:
– Azərbaycan rəsmiləri öz fikirlərini ictimai şəkildə ifadə etdiklərinə görə həbs edilmiş şəxsləri azad etməli və başqa məhbuslar üçün müvafiq hüquqi proseduru təmin etməli;
– Bakı şəhərinin mərkəzi də daxil olmaqla, ölkə boyu dinc nümayişlərin keçirilməsinə icazə verməli və dinc nümayişçiləri təmsil edən hüquqşünasların təqib edilməsilə bağlı halları tam təhqiq etməli, eləcə də vətəndaş cəmiyyətinin tərəqqisi naminə qanunvericiliyə dəyişikliklər edilməsi üçün qanunverici hökumət, yerli və beynəlxalq təşkilatlarla birgə iş aparmalıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button