ABŞ səfirliyi «Xural»a cavab verdi…

Vilayət Eyvazovu ABŞa kim buraxmayıb?

 Nazir müavininə viza qadağası barədə yeni xəbər

 Qəzetimizin ötən saylarında Daxili İşlər nazirinin birinci müavini Vilayət Eyvazovun Amerika Birləşmiş Ştatlarına səfər etməsi üçün viza ala bilməməsi barədə məlumat yaymışdıq. Özəl mənbə bildirirdi ki, ABŞ bir çox ölkələrin, o cümlədən Azərbaycanın dövlət məmurlarıyla bağlı xüsusi qərar qəbul edib. Bu qarara əsasən, diktaturaya meylli ölkələrdə yaşayan və müəyyən qaranlıq iqtisadi-siyasi əlaqələrə malik məmurların demokratiyanın beşiyi sayılan ABŞ-a səfər etməsi və onlara viza verilməsi yasaqlanıb.

Mənbə bildirirdi ki, ABŞ-ın arzulamadığı məmurlar siyahısına Azərbaycandan Vilayət Eyvazovun da adı düşüb və hörmətli nazir müavininin bir müddət əvvəl ABŞ-a səfər etmək üçün səfirliyə etdiyi müraciət bu səbəbdən mənfi cavablandırılıb.

Məlumatı dəqiqləşdirmək üçün ABŞ-ın ölkəmizdəki səfirliyinə etdiyimiz müraciətə dünən cavab aldıq. Araşdırmalardan sonra redaksiyamıza məlumat verən ABŞ səfirliyinin rəsmisi hörmətli Mehdi Hüseynquliyev bildirdi ki, Amerika qanunlarına görə, şəxsi müraciətlərin ictimailəşdirilməsi qadağandır: «Bizə fərd olaraq viza üçün müraciət edən, mənfi və ya müsbət cavab verdiyimiz şəxslərin adının açıqlanması qanunla qadağan olunur».

«Vilayət Eyvazov adi şəxs deyil, bu ölkənin güc strukturlarından olan Daxili İşlər Nazirliyinin ikinci simasıdır və onun ABŞ-a səfər istəyi artıq ictimai faktdır» iradımızı isə səfirlik əməkdaşı qəbul etmədi: «Bir daha bildirim ki, söhbət şəxsi müraciətdən gedir və bizim onu açıqlamağımız qanunla qadağandır».

M.Hüsenquliyevin diplomatik açıqlamasından o qənaətə gəlmək olur ki, Vilayət Eyvazov ABŞ səfirliyinə dövlət məmuru və ya Daxili İşlər nazirinin birinci müavini kimi müraciət etməyib. Onun fərd olaraq müraciət edib-etməməsini öyrənmək isə ABŞ qanunları ilə qadağandır.

Neyləmək olar, qanunlara hörmət etmək lazımdır.

Hörmətli Vilayət Eyvazovun mövqeyi də Oxucularımız üçün çox maraqlı olardı. Təəssüf ki, bizim məmurlar mətbuata açıqlama vermirlər – qanunlara hörmət etməyərək!

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 051 (460), 05 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button