ABŞ səfirliyi Azərbaycan hökuməti ilə “Azadlıq” radiosunu müzakirə edir

70c587a9-bf4b-46c8-96dc-b23ae16ca27824.06.2013

ABŞ səfirliyi “Azadlıq” radiosunun peyk yayımına müdaxilələri Azərbaycan hökuməti ilə müzakirə edir. Bunu “Azadlıq” radiosuna ABŞ səfirliyinin mətbuat xidmətindən bildiriblər.

Səfirlikdən deyiblər: “Azadlıq” radiosu və digər media orqanlarının Azərbaycana peyk yayımında çətinlikləri barədə məlumatlardan xəbərdarıq. Bu məsələnin müzakirəsi üçün “Azadlıq” radiosu və Azərbaycan hökuməti ilə əlaqə saxlayırıq”.

Səfirlikdən qeyd ediblər ki, “Azadlıq” radiosu Azərbaycanın media məkanına mühüm töhfə verir: “Bu radionun işi Azərbaycan üçün çox lazımlı obyektiv və müstəqil jurnalistika modelidir”.

Səfirlik eyni zamanda vurğulayıb ki, Birləşmiş Ştatlar Azərbaycanda media və söz azadlığının güclü müdafiəçisidir.

“Azadlıq” radiosunun rəhbərliyi ötən həftə yaydığı məlumatda radionun peyk yayımlarına müdaxiləni beynəlxalq telekommunikasiya qaydalarına zidd adlandırmışdı.

Son vaxtlar “Azadlıq” radiosunun “Fəqrli xəbərlər” həftəlik televiziya proqramının yayımı görüntülərin dağılması, donub qalması və səsin pozulması ilə müşahidə olunur. Türkiyənin populyar TürkSat peykindəki MedyaTV telekanalında yayımlanan “Fərqli xəbərlər” efirə gedəndən 4-5 dəqiqə sonra başlayan müdaxilələr veriliş başa çatandan dərhal sonra dayandırılır. Aprelin 28-dən başlanan bu hadisə, verilişin sonrakı 3 həftə ərzindəki yayımlarında da qeydə alınıb.

“Azadlıq” radiosunun “Fərqli xəbərlər” TV proqramına olan müdaxilələrdən qaçmaq üçün verilişin yayımlandığı peyk dəyişdirilib, əvvəl DengeTV, sonra isə Sivas SRT kanallarında efirə verilib. Lakin hər dəfə ABŞ-ın Beynəlxalq Yayım Bürosunun mühəndisləri veriliş yayımının pozulmasına yönələn elektron müdaxilələri qeydə alıb, sonuncu dəfə “Fərqli xəbərlər”in 16 iyun yayımına olan müdaxilə də sənədləşdirib.

İyunun 22 və 23-də də müdaxilə qeydə alınıb.

“Azadlıq”ın “Fərqli xəbərlər” həftəlik televiziya proqramı 2012-ci ilin noyabrından hər bazar günü MedyaTV kanalında yayımlanırdı. Hazırda bu proqram TürkSat peykində Sivas SRT telekanalında yayımını davam etdirir.

Proqram “Azadlıq” radiosu əməkdaşlarının Azərbaycanın siyasi, sosial, iqtisadi və mədəni həyatı haqda reportajlarından ibarətdir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button