ABŞ senatında Azərbaycan rəhbərliyi tənqid olunub

Yayımlandı: 15 Sentyabr 2023 14:29

Senatorlar 907-ci düzəlişin ləğvini pisləyiblər

Sentyabrın 14-də ABŞ Senatının Xarici əlaqələr komitəsində Azərbaycan-Ermənistan münasibətləri, əsasən də yüklərin Dağlıq Qarabağa çatdırılması məsələsi müzakirəyə çıxarılıb.

Dinləmələr zamanı humanitar dəhlizlərin açılması barədə israrlı çağırışlar səslənib.

Bu barədə məlumatı “Turan”yayıb.

Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi səlahiyyətlərini icra edən Yuri Kim Senat Komitəsi qarşısında regionda böhranın cari vəziyyəti haqqında çıxış edib.

Yuri Kim Vaşinqtonın sentyabrın 12-də 20 ton humanitar yük daşıyan bir partiyanın Ağdamdan keçərək regiona daxil olduğu haqqında xəbəri alqışladığını, lakin bunun kifayət olmadığını bildirib.

Yuri Kim xatırladıb ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin əlavə humanitar yükləri bir neçə həftə Laçın və Ağdam nəzarət-buraxılış məntəqələrinin yaxınlığında qalıb:

“Baş müşavir Bono bu yüklərin eyni zamanda Dağlıq Qarabağa buraxılmasına nail olmaq üçün yenə regionda səfərdədir. Prezident İlham Əliyev və Dağlıq Qarabağ nümayəndələri bu sazişlə razılaşdıqlarını açıq şəkildə bildiriblər. Artıq bu sazişin həyata keçirilməsində heç bir gecikmə olmamalıdır”.

Dinləmələrdə Azərbaycan rəhbəriyinin ünvanına dəfələrlə ittihamlar səslənib. Komitə sədri Bob Menendes xüsusi fəallıq göstərib. O, Bayden administrasiyasının böhrana reaksiyası olmadığına görə Dövlət Departamentini tənqidə məruz qoyub.

Menendes, Ben Kardin, Kris Van Hollen və digər senatorlar Azərbaycana dövlət yardımını qadağan edən 907-ci düzəlişin müvəqqəti ləğvini tənqid ediblər.

Bob Menendes deyib ki, ABŞ Ermənistan və Azərbaycanla strateji münasibətləri inkişaf etdirməlidir:

“907-ci düzəlişdən imtina məsələsini nəzərdən keçirərkən iki məqamdan əmin olmaq istəyirik: birincisi, bizim göstərdiyimiz heç bir yardımdan heç vaxt Ermənistana hücum üçün istifadə oluna bilməz. İkincisi, bu, ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğundur”.

Bob Menendes. Foto: Reuters

Yuri Kim senatora cavab verib ki, ABŞ administrasiyası 907-ci düzəlişin ləğvini istədiyi zaman göstərilən yardım ölkənin sərhədlərinin, xüsusən İranla sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsinə kömək edib və bu, İslam İnqilabı Keçikçilərinin maliyyələşdirilməsi üçün istifadə olunan narkotik ticarətinə son qoyulması nöqteyi-nəzərdən konkret nəticələr verib:

“İndi bizim iqtisadiyyat və təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığımızı genişləndirəcək və avropalı tərəfdaşlarımız və müttəfiqlərimiz üçün böyük enerji təhlükəsizliyini təmin edəcək sabit sülhə nail olmaqla, Rusiya, Çin və İran kimi oyunçuların regiona zərərli təsirinə qarşı mübarizə aparmaq üçün strateji imkanımız var”.

Yuri Kim vurğulayıb ki, 2022-ci ilin noyabrından etibarən dövlət katibi Blinken Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə sülh danışıqlarının üç mərhələsini keçirib və onun rəhbərliyi nəticə verib:

Tərəflər regionda sabitliyi təmin edə biləcək sülh sazişinin bağlanmasında irəliləyiş əldə ediblər”.

Yuri Kim. Foto: “Turan”

Saatyarım davam edən dinləmələr zamanı senatorlar Yuri Kimə Amerika-Azərbaycan münasibətləri, o cümlədən insan hüquqları haqqında da suallar veriblər.

“Prezident Bayden və dövlət katibi Blinken çox açıq şəkildə bildiriblər ki, insan hüquqları və bizim dəyərlərimiz xarici siyasətimizin mərkəzində dayanır və biz bunu Azərbaycandakı tərəfdaşlarımızın diqqətinə çatdırmaq üçün hər bir fürsətdən istifadə edirik”,- deyə o bildirib.

Sentyabrın 12-də səhər çağı Rusiya Qızıl Xaç Komitəsi tərəfindən göndərilən humanitar yük Ağdamdan Xankəndiyə yola düşüb.

Yük Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməni əsilli şəxslərə çatdırıl;b.

Rusiya Qızıl Xaç Komitəsi tərəfindən göndərilən humanitar yük Xankəndiyə keçmək üçün 2 gün Bərdədə gözləməli olub. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2 TIR-ı isə 17 gündən çoxdur həmin yolda gözləyir. Azərbaycan Xarici İşlər Nazirliyi yükün Ağdam-Xankəndi yolu ilə keçməsini müsbət addım və mühüm irəliləyiş kimi qiymətləndirib.

Qarabağda yaşayan ermənilər 2022-ci ilin dekabrından Laçın yolunun bağlı olmasına görə ərzaq çatışmazlığı ilə üzləşdiklərini bildirirlər.

Azərbaycan isə bunu təkzib edir, dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu qeyd edirdi.

2023-cü ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub. Addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib. Ermənistan isə bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanata ziddir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button