ABŞ Senatorları Qubad İbadoğlunun azadlığını istəyib
Yayımlandı: 24 İyul 2024 12:24
Onlar hökuməti iqtisadçının dərhal və birmənalı şəkildə azadlığa buraxılmasına çağırıb
Səkkizi demokrat, ikisi respublikaçı olmaqla 10 ABŞ senatoru Azərbaycan hökumətini hazırda ev dustaqlığında olan Qubad İbadoğlunu dərhal azad etməyə çağırıb. Onlar Chris Coons (Delaware.), Tom Tillis (North Carolina), Ben Cardin (Maryland), John Cornyn (Texas), Dick Durbin (Illinois.), Tim Kaine (Virginia), Cory Booker (New Jersey), Mazie Hirono (Hawaii), Alex Padilla (California) və John Fettermandır (Pensylvania.).
Senatorlar iqtisadçının azad edilməsi ilə bağlı bəyanat yayıblar.
Bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Bayramov da məlumat yayıb.
“Bu gün Azərbaycan hökuməti tərəfindən Amerika universitetləri ilə yaxın əlaqələri olan, dünyada tanınmış iqtisadçı alim, akademik Qubad İbadoğlunun saxta xarici valyuta hazırlamaq və ekstremist materiallar saxlamaq ittihamı ilə haqsız yerə həbs edilməsinin bir ili tamam olur. Bir il ötsə də, Azərbaycan hakimiyyəti Qubad İbadoğlunu hələ də hüquqi məsləhət, ədalətli məhkəmə və ya əsas qayğı ilə təmin etməyib. Biz doktor İbadoğlunun pis rəftar və qeyri-insani şərtlərlə, o cümlədən səhhətinin pisləşməsinə baxmayaraq, müvafiq tibbi yardımın göstərilməməsi ilə üzləşdiyi üçün onun hazırkı durumu üçün çox narahatıq”.
Bəyanatda bildirilir ki, Azərbaycandakı bir çox insan hüquqları müdafiəçiləri kimi, Qubad İbadoğlu da həm vətəni Azərbaycanda, həm də yaşayıb-işlədiyi ABŞ-da demokratiyanın, yaxşı idarəçiliyin və insan haqlarının təşviqinə yorulmaz sadiqlik nümayiş etdirib:
“Biz Azərbaycan hakimiyyətinin doktor İbadoğluna qarşı rəftarını qətiyyətlə pisləyir, onun həyat yoldaşı İradə Bayramova və övladları Jalə, İbad və Eminlə qovuşması üçün dərhal və birmənalı şəkildə azadlığa buraxılmasına çağırırıq”.
Senatorlar Coons, Tillis və həmkarları tanınmış iqtisadçı Qubad İbadoğlunun dərhal azadlığa buraxılması üçün ikitərəfli çağırışla çıxış ediblər və Azərbaycanda insan haqlarının vəziyyətindən narahat olduqlarını bildiriblər. Senatorlar Coons və Tillis Senatın İnsan Hüquqları üzrə Qrupunun həmsədrləridir.
Qubad İbadoğlu ötən il iyulun 23-də həbs edilib. O, Cinayət Məcəlləsinin (CM) 204.1-ci (Satış məqsədi ilə saxta pul… və ya xarici valyuta hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub. Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Qubad İbadoğlu ittihamları saxta adlandırıb.
Bu il aprelin 22-də onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
Q.İbadoğlu dövlət qeydiyyatına alınmayan Azərbaycan Demokratiya və Rifah Partiyasına (ADR) rəhbərlik edib. Amma ev dustaqlığına buraxılandan sonra səhhəti ilə bağlı siyasi fəaliyyətinə fasilə verdiyini açıqlayıb.