ABŞ 'Siyasi partiyalar haqqında' qanuna münasibət bildirib
ABŞ Azərbaycanın “Siyasi partiyalar haqqında” yeni qanunundan narahatdır.
Bu barədə martın 16-da ABŞ Dövlət Departamentinin nümayəndəsi münasibət bildirib.
Dövlət Departamentinin sözçüsü Ned Prays Twitter hesabında belə yazıb:
“Biz hakimiyyəti Venesiya Komissiyasının və ATƏT-nin tövsiyələrini nəzərə almağa və əsas azadlıqlara, o cümlədən birləşmək azadlığına hörmət etməyə çağırırıq”.
Xatırlatma
Ötən ilin dekabrında Azərbaycan Milli Məclisi siyasi partiyalar haqqında yeni qanun qəbul edib.
Amma Müsavat və AXCP kimi müxalifət partiyaları qanunu tənqidlə qarşıladılar. Onlar xüsusilə qeydiyyat üçün üzvlərin sayının mindən 5 minə qaldırılmasını, bu say 4 min 500-dən az olanda qeydiyyatın ləğvi məsələsinin gündəmə gətirilə biləcəyini və partiya üzvlərinin reyestrinin yaradılmasını tənqid edirlər.
Həmin müxalif qüvvələrin fikrincə, hakimiyyət bununla real müxalifəti sıradan çıxarmağa çalışacaq.
Amma rəsmilər belə fikirləri qəbul etmirlər. Onların fikrincə, yeni qanun cəmiyyətin yeni çağırışlarına uyğun hazırlanıb və ölkədə dinc, sərbəst fəaliyyətə tam imkan yaradır.