ABŞ tanklarının Gürcüstana daxil olması Azərbaycana nələr vəd edir? – Deputatdan sərt açıqlamalar

Amerika tanklarının Gürcüstanda hərbi təlimlərdə iştirakı o deməkdir ki, açıq şəkildə Qafqazdakı hərbi siyasi balansı dəyişmək istəyirlər.

Bu sözləri millət vəkili Zahid Oruc deyib.

Onun sözlərinə görə, sözügedən təlimlər NATO ilə xeyli yaxınlaşan Gürcüstanın hərbi sistemini təkmilləşdirmək, orduda islahatları dərinləşdirmək və NATO standartlarına yaxınlaşdırmaq, Avroatlantik məkanın dəyərlərini bu bölgəyə gətirmək adı ilə keçirilir:

“Reallıqda isə bu ölkənin imkanlarını genişləndirməkdə strateji maraqlar gizlənilir. Bu təlimlər ilk növbədə NATO infrastrukturunun Gürcüstana daşınmasıdırsa, digər yandan bu ölkənin Rusiya ilə toqquşmasını doğurmaqdır. Açıq şəkildə Qafqazdakı hərbi siyasi balansı dəyişmək istəyirlər. Qərb qüvvələrinin hərbi dairələrinin burada iştirakı isə regiondakı vəziyyəti bir az da mürəkkəbləşdirir. Gürcüstan qəti qərbyönlü siyasət seçdiyindən, Amerika tankları artıq Qafqazda bir faktora çevrilməkdədir. Biz Avropa dairələri və ABŞ-la çox yüksək münasibətlərə malikik və bu, milli mənafelərimizə uyğun bir xətdir. Lakin Qərb hərbi qüvvələri Gürcüstanı aşıb, sonra Qarabağı işğaldan azad edəcək, yaxud da indiki kövrək dövrdə Azərbaycan da o təlimlərə qoşulsun, az qala Cənubi Qafqazda bir hərbi ittifaq yaradılsın və bu, anti-Rusiya bloku kimi təzahür etsin, bunun üzərindən torpaq bütünlüyü planları qurulsun kimi sadəlövhcəsinə düşünənlər də var. Mən bunu təhlükəsizliyimiz üçün risk sayıram”.

Deputat əlavə edib ki, Azərbaycan NATO ilə əlaqələri hazırkı səviyyədə saxlamaqla bərabər, regional gərginliyi artıran addımlar atmır:

“Yəni Azərbaycan tanklarının Qərb qoşunları ilə eyni əməliyyatları yerinə yetirməsi nə Əfqanıstan, nə də İraqdakı fəaliyyətlə oxşar götürülə bilməz. Orada terrora qarşı idisə, ikincinin hələ ki, konkret təyinatı yoxdur. Abxaziya, Osetiyada ərazilərin azad edilməsini düşünən Amerika qüvvələri gərək 2008-ci ildə Saakaşvilinin yanında olaydılar. Lakin bu baş vermədi və cəmi 5 gün ərzində Gürcüstan məğlub oldu”(Axar.az).

Qeyd edək ki, mayın 11-dən ABŞ-ın M1A2 Abram tankları “Layiqli tərəfdaş” təlimlərində iştirak etmək üçün Gürcüstandadır. Təlimdə 1300 amerikalı, britaniyalı və gürcü hərbçi iştirak edir. Artıq ABŞ öz hərbi texnikasını da Gürcüstanda yerləşdirib.

Hərbi təlimlər mayın 26-na qədər davam edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button