“Abzas işi”: İki jurnalistin həbs müddəti uzadıldı

Yayımlandı: 10 İyun 2024 19:19

Hakim prokurorun təqdimatını qəbul edib

“AbzasMedia” nəşri ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlərdən ikisi – araşdırmaçı jurnalist Hafiz Babalı və Elnarə Qasımova haqqında ilkin istintaq dövrü üçün həbs qətimkan tədbirinin müddəti uzadılıb. Bu barədə iyunun 10-da Xətai Rayon Məhkəməsində qərar qəbul edilib.

Hakim prokurorun təqdimatları əsasında Hafiz Babalının istintaq dövründə həbsdə saxlanma müddətinin 1 ay, Elnarə Qasımovanın həbs müddətinin isə 2 ay uzadılması barədə qərar çıxarıb.

Elnarə Qasımova. Foto: Meydan TV

Hər iki məhkəmə prosesində müstəntiq təqdimatı müdafiə edib. Deyib ki, həm Hafiz Babalının, həm də Elnarə Qasımovanın təqsirləndirildiyi “Abzas işi” üzrə istintaq hələ yekunlaşmayıb, görüləsi işlər var. İstintaq başa çatmadığına görə də adları çəkilən jurnalistlərin həbsdən buraxılması məqsədəuyğun deyil. Çünki istintaqdan yayınmaq, prosesin gedişinə təsir göstərmək ehtimalı var. Bu üzdən müstəntiq də həbs qətimkan tədbirinin müddətinin uzadılmasını istəyib.

Hafiz Babalı. Foto: Meydan TV

Jurnalistlər və vəkilləri isə təqdimata etiraz edib. Jurnalistlər heç bir cinayət törətmədiyini, peşə fəaliyyətlərinə görə həbs olunduqlarını vurğulayıblar.

Vəkillər bildirib ki, Hafiz Babalı və Elnarə Qasımovanın həbsdə saxlanması üçün heç bir əsas yoxdur. Müdafiəçilər vurğulayıb ki, adları çəkilən jurnalistlərin hansısa cinayəti törətməyini təsdiqləyən heç bir sübut-dəlil olmadan onlar yarım ildir həbsdə saxlanılır. Hətta istintaq davam edirsə belə, onları həbsdə saxlamadan da prosesi aparmaq olar.

Lakin hər iki məhkəmə prosesində hakim prokurorun təqdimatını təmin edib və jurnalistlər haqqında həbs qətimkan tədbirinin müddətinin uzadılmasına qərar verib.

Jurnalistlərin vəkilləri bu qərardan apelyasiya şikayəti verəcək.

Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” işi üzrə həbslər noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

“AbzasMedia”dan sonra “Kanal 13” internet kanalı, “Toplum TV” xəbər potralı və eyni adlı internet televiziyası, Milli Məclisin və deputatların fəaliyyətini araşdıran “meclis.info” saytının rəhbərləri və əməkdaşları da qaçaqmalçılıq ittihamıyla həbs olunub. İddia olunur ki, bu media orqanları xarici təşkilatlardan qrantlar alıb, həmin vəsaitləri qaçaqmalçılıq yoluyla ölkəyə gətirib.

Lakin jurnalistlər bu ittihamı rədd edir, qaçaqmalçılıqla bağlı heç bir sübut-dəlil olmadan həbs olunduqlarını bildirirlər. Onlar bəyan edib ki, bu həbslərin məqsədi ölkədəki korrupsiyanı, məmur özbaşınalığını araşdıran, ictimaiyyətə çatdıran media orqanlarını susdurmaqdır.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button