“Abzas işi”: Nərgiz Absalamovanın həbs müddəti uzadıldı

Yayımlandı: 25 May 2024 18:17

Müstəntiq “hələ görüləsi işlər var” deyib

“AbzasMedia” ilə bağlı cinayət işi üzrə həbs olunmuş jurnalistlərdən biri – Nərgiz Absalamovanın istintaq dövrü üçün həbsdə saxlanma müddəti uzadılıb. Mayın 25-də Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalistin haqqında həbs qətimkan tədbirinin müddəti 22 gün artırılıb. Hakim prokurorun təqdimatı əsasında bu barədə qərar qəbul edib.

Məhkəmədə müstəntiq təqdimatı müdafiə edib.  Deyib ki, Nərgiz Absalamovanın da təqsirləndirildiyi “Abzas işi” üzrə istintaq hələ yekunlaşmayıb, görüləsi işlər var. İstintaq başa çatmadığına görə də Nərgiz Absalamovanın həbsdən buraxılmasını məqsədəuyğun hesab etmirlər. Çünki istintaqdan yayınmaq, prosesin gedişinə təsir göstərmək ehtimalı var. Bu üzdən müstəntiq də həbs qətimkan tədbirinin müddətinin uzadılmasını istəyib.

Nərgiz Absalamova və vəkilləri isə təqdimata etiraz edib. Jurnalist heç bir cinayət törətmədiyini, peşə fəaliyyətinə görə həbs olunduğunu vurğulayıb.

Vəkili də bildirib ki, Nərgiz Absalamovanın həbsdə saxlanması üçün heç bir əsas yoxdur.

Müdafiəçi vurğulayıb ki, Nərgiz Absalamovanın hansısa cinayəti törətmədini təsdiqləyən heç bir sübut-dəlil olmadan o, 6 aydır həbsdə saxlanılır. Hətta istintaq davam edirsə belə, onu həbsdə saxlamadan da prosesi aparmaq olar. Vəkil xatırladıb ki, jurnalist həbs olunarkən Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb və o, könüllü şəkildə gəlib. Onun bundan sonra da istintaqdan yayınmaq niyyəti yoxdur.

Lakin hakim prokurorun təqdimatını təmin edib və Nərgiz Absalamova haqqında həbs qətimkan tədbirinin 22 gün uzadılmasına qərar verib.

Jurnalistin vəkilləri bu qərardan apelyasiya şikayəti verəcək.

Nərgiz Absalamova dekabrın 1-dən həbsdədir. İlkin olaraq, onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Fevralın 24-də onun həbs müddəti daha 3 ay artırılmışdı.

Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” işi üzrə həbslər noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

“AbzasMedia”dan sonra “Kanal 13” internet kanalı, “Toplum TV” xəbər potralı və eyni adlı internet televiziyası, Milli Məclisin və deputatların fəaliyyətini araşdıran “meclis.info” saytının rəhbərləri və əməkdaşları da qaçaqmalçılıq ittihamıyla həbs olunub. İddia olunur ki, bu media orqanları xarici təşkilatlardan qrantlar alıb, həmin vəsaitləri qaçaqmalçılıq yoluyla ölkəyə gətirib.

Lakin jurnalistlər bu ittihamı rədd edir, qaçaqmalçılıqla bağlı heç bir sübut-dəlil olmadan həbs olunduqlarını bildirirlər. Onlar bəyan edib ki, bu həbslərin məqsədi ölkədəki korrupsiyanı, məmur özbaşınalığını araşdıran, ictimaiyyətə çatdıran media orqanlarını susdurmaqdır.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button