“Abzas Media” işi ilə bağlı istintaq müddəti uzadılıb
Yayımlandı: 6 Sentyabr 2024 20:49
Məhkəmə Elnarə Qasımova ilə Fərid Mehralızadənin həbsdə saxlanma müddətini artırıb
“Abzas Media” nəşri ilə bağlı cinayət işinin istintaqı dekabrın 20-nə qədər uzadılıb. Bu üzdən həmin cinayət işi üzrə həbsdə olan jurnalistlərin də istintaq dövründə həbsdə saxlanma müddəti artırılıb.
Sentyabrın 6-da Xətai Rayon Məhkəməsində onlardan ikisinin – jurnalist Elnarə Qasımova və iqtisadçı Fərid Mehralızadənin həbs qətimkan tədbirinin uzadılması üçün prokurorun verdiyi vəsatətə baxılıb.
Məhkəmə prosesləri ayrı-ayrılıqda keçirilib.
Elnarə Qasımova, Fərid Mehralızadə və onların vəkilləri təqdimata etiraz edib. Müdafiə tərəfi bildirib ki, onların istintaqdan yayınacağını demək üçün heç bir əsas yoxdur.
Vəkili deyib ki, Elnarə Qasımova azadlıqda olarkən şahid qismində iki dəfə çağrılıb, heç birində də yayınmayıb. Məhz ikinci dəfə şahid qismində Bakı Şəhər Baş Polis İdarəsində dindirməyə çağrılandan sonra onun haqqında həbs qərarı verilib.
Müdafiə tərəfi əlavə edib ki, ümumiyyətlə, Elnarə Qasımovaya qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamı əsassızdır, heç bir sübut-dəlil yoxdur. Onu həbsdə saxlamadan da istintaq davam etdirilə bilər.
Fərid Mehralızadənin müdafiəçisi də onun təqsirsiz olduğunu vurğulayıb.
Elnarə Qasımova özü də təqsirsiz olduğunu, jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs olunduğunu bildirib. Deyib ki, özü də daxil olmaqla, “Abzas Media” işi üzrə həbsdə olanların hamısı məhz korrupsiya araşdırmalarına cəzalandırılıb.
Müstəntiq isə təqdimatı müdafiə edib. Deyib ki, istintaq hələ başa çatmayıb. Onun sözlərinə görə, bir sıra istintaq hərəkətləri aparılmalıdır. Bu müddətdə təqsirləndirilən şəxslərin azadlıqda qalması məqsədəuyğun deyil. Çünki istintaqdan yayınmaq, prosesin gedişinə mane olmaq ehtimalı var.
Müdafiə tərəfin etirazlarına baxmayaraq, hakim Sülhanə Hacıyeva təqdimatları təmin edib. Elnarə Qasımovanın isrintaq dövründə həbsdə saxlanma müddəti noyabrın 13-nə, Fərid Mehralızadənin isə dekabrın 19-na qədər artırılıb.
Sentyabrın 7-də isə “Abzas Media” işi üzrə həbsdə olan digər jurnalistlər haqqında həbs qətimkan tədbirinin uzadılması üçün verilmiş təqdimata baxılacaq.
Korrupsiya araşdırmalarıyla tanınan “Abzas Media” işi üzrə həbslər noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. Bugünlərdə vergidən yayınma, cinayət yolu ilə əldə olunan vəsaitlərin leüallaşdırılması, qanunsuz sahibkarlıq kimi yeni ittihamlar verilib.
Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “Abzas Media”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.
Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.
Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “Abzas Media”da prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.
“Abzas Media”dan sonra “Kanal 13” internet kanalı, “Toplum TV” xəbər potralı və eyni adlı internet televiziyası, Milli Məclisin və deputatların fəaliyyətini araşdıran “Meclis.info” saytının rəhbərləri və əməkdaşları da qaçaqmalçılıq ittihamıyla həbs olunub. İddia olunur ki, bu media orqanları xarici təşkilatlardan qrantlar alıb, həmin vəsaitləri qaçaqmalçılıq yoluyla ölkəyə gətirib.
Lakin jurnalistlər bu ittihamı rədd edir, qaçaqmalçılıqla bağlı heç bir sübut-dəlil olmadan həbs olunduqlarını bildirirlər. Onlar bəyan edib ki, bu həbslərin məqsədi ölkədəki korrupsiyanı, məmur özbaşınalığını araşdıran, ictimaiyyətə çatdıran media orqanlarını susdurmaqdır.