“AbzasMedia”nın əməkdaşları ev dustaqlığına buraxılmadılar

Yayımlandı: 3 İyul 2024 17:15

Jurnalistlər ittihamı rədd edir, korrupsiyadan yazdıqlarına görə həbs olunduqlarını deyirlər

“AbzasMedia” ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlər – nəşrin təsisçisi Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) və əməkdaşı Elnarə Qasımovanın ev dustaqlığına buraxılması üçün vəkilləri yenidən vəsatət vermişdilər.

Vəsatətlərə iyulun 3-də Xətai Rayon Məhkəməsində baxılıb.

Jurnalistlərin hər biri ilə bağlı məhkəmə prosesi ayrı-ayrılıqda keçirilib.

Məhkəmə proseslərində Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi onların ev dustaqlığına buraxılmasına etiraz edib.

O deyib ki, istintaq bitməyib, həbsdən buraxılsalar, prosesin gedişinə mane ola bilərlər.

Həm Ülvi Həsənli, həm Sevinc Vaqifqızı, həm də Elnarə Qasımova məhkəmədə onlara qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamının yalan olduğunu, hakim ailə və digər məmurların korrupsiya əməlləri barədə “AbzasMedia”dakı araşdırmalara görə həbs olunduqlarını bildiriblər.

Həmçinin məhkəmədən də ədalətli qərar gözləntiləri olmadıqlarını vurğulayıblar.

Vəkilləri də onların həbsdə saxlanması üçün heç bir əsas oımadığını deyib. Lakin hakim Sülhanə Hacıyeva vəsatətləri təmin etməyib – adıçəkilən jurnalistlər bu dəfə də ev dustaqlığına buraxılmayıb.

Xətai Rayon Məhkəməsinin qərarından vəkillər apelyasiya şikayəti verəcək.

Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” işi üzrə həbslər noyabrın 20-dən başlayıb.

Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib.

Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

“AbzasMedia”dan sonra “Kanal 13” internet kanalı, “Toplum TV” xəbər portalı və eyni adlı internet televiziyası, Milli Məclisin və deputatların fəaliyyətini araşdıran “meclis.info” saytının rəhbərləri və əməkdaşları da qaçaqmalçılıq ittihamıyla həbs olunub.

İddia olunur ki, bu media orqanları xarici təşkilatlardan qrantlar alıb, həmin vəsaitləri qaçaqmalçılıq yoluyla ölkəyə gətirib.

Lakin jurnalistlər bu ittihamı rədd edir, qaçaqmalçılıqla bağlı heç bir sübut-dəlil olmadan həbs olunduqlarını bildirirlər.

Onlar bəyan edib ki, bu həbslərin məqsədi ölkədəki korrupsiyanı, məmur özbaşınalığını araşdıran, ictimaiyyətə çatdıran media orqanlarını susdurmaqdır.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button