Aclığa məhkumlar

Nurəddin Xoca

Statistika idarələri elan etdilər ki, infilyasiya 5 faizlir. Bir az da deyəsən, yuxarı idi. Amma 1 faiz yuxarı, 1 faiz aşağı nə dəyişir ki? Bu, yazılı açıqlamalardır. Yəni nazirliklər, idarələr məlumatları toplayıb göndərir statistika idarəsinə, onlar da vurur-çıxır-bölür, ortaq bir məxrəcə gəlib bizi sevindirmək üçün məlumat verirlər. Əslində, mən belə deyirəm, ola bilər ki, başqa cür də olur.

Əsas fakt odur ki, inflyasiyanı 5-6 faiz arası elan etdilər. Təbii ki, hökumətin hesablamasıdır. Necə ki, pensiyaçılara, müharibə əlillərinə havadan hesablayıb pensiya təyin edirlər, elə də inflyasiyanı təyin etdilər.

Qoy onlar öz faizlərini elan etsinlər, amma biz bilirik ki, yalan rəqəmlərin elan olunması mərhələsi başlamışdır. Çünki məmurların bu rəqəmləri haradan götürdükləri naməlumdur, xalqın isə inflyasiyanı ölçmək üçün meyar onların cibidir. Keçən il aldığımız pensiyadan baqqala 20-30 manat borc qalırdısa, bu il 40-50 manat borc qalır. Demək, inflyasiya bizim cibimizə görə 20-25 faizdir. Amma artıq gözlə də görmək olar, əllə də yoxlamaq olar, qulaqla da eşitmək olar. Ən azından, çörəklə bağlı artım buna bir sübutdur. Çörəkdə 33 faiz bahalaşma. Bilmirəm, məmurların hesabına bu necə təsir edəcək, amma bizim hesabda bu deyəsən, vurub kəlləçarxa çıxacaq. İndi ay xalq, gəl dolan görüm necə dolanırsan? Amma məmurlardan soruşsan, deyərlər dolanmaq olar. Bu, o deməkdir ki, bizim xalq dözümlü xalqdır, dözüb dolanacaq. Niyə, sovetlər vaxtında dolanmırdı?

Bu yaxınlarda Sosial Müdafiə Fondunun bir şöbə müdiri radioda müsahibə verirdi. «Əlillərin aldığı az pensiya ilə necə dolanmaq olar» – sualına onun cavabı

«Olar, niyə olmasın?» oldu. O zaman yazmışdım ki, gəl 1-2 aylıq yerimizi dəyişək, sən mənim Qarabağ əlili pensiyamla dolan, mən də sənin maaşınla.

Nə isə, onsuz da hamı hər şeyi bilir. Hamımız bilir, hamımız da dözürük. Dözməyənlər ya Mübariz kimi qəhrəman olub ölür, ya da miskin bir gündə bu dünyadan, bu vicdansızlıqdan canlarını qurtarırlar.

Çörəyin qiymətini necə qaldırdılar. Əslində, bizdə hər şey belədir. Nəyin deyirlərsə qiyməti qalxmayacaq, onun qiyməti mütləq qalxır. Xalq bunu yoxlayıb. Bilənlər deyir ki, səs salmayın, işıqdan, qazdan yazmayın. Məcbur olub deyəcəklər ki, bahalaşma olmayacaq, olmayacaq, qanunauyğunluğa əsasən isə bahalaşacaq. Məni dost-tanış bu başdan xəbərdar ediblər ki, yazma, qadan alım. Mən də yazmıram. Birdən doğrudan qiymətlər qalxdı, onda nə olar. Qalaram camaatın əlində. Cəhənnəm olsun faizlər də, inflyasiya da. Nə olar-olsun… Həmişə ortaq mövqe tutmaq sərfəlidir. Optimistin hər şey «yaxşı olacağ»ı ilə, pessimistin «hər şey pis» olacağı arasında. O da nə olursa olsun İslam fatalistliyidir.

İ.S. Anamın 90 yaşı var. O gün onu yoluxan qonşularla danışmağının şahidi oldum. Soruşanda «necəsən», dedi, «əla, pensiyamı alıram, pis dolanmıram». 19 yaşından işləyir. 70 il müəllimlik stajı var! Pensiyası 110 manat! Yorğan-döşəkdən durmayan anam təbii ki, yaxşı yaşamağa məhkumdur. Çünki onun oğlu var. Amma görəsən, övladı olmayan qocalar 110 manat pensiya ilə 90 yaşına çata bilirmi? Görəsən, 110 manat pensiya ilə dolanmağa məhkum qocalardan öz dolanışığından razı olanları varmı? Yaşlarının neçə olmasından asılı olmayaraq…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button