Aclığın portreti

fiore-268x300Rəsmi görüş… Beynəlxalq tədbir… Beynəlxalq təşkilatlar… Mədəniyyəti qorumağa səsləyən forum… və yenə boş-boş çıxışlar….

Bir çox yerli tanış simalar gördüm. Müqayisə üçün tam yerinə düşən bir çox əcnəbi qonaqlar da gördüm.

İlk günün ikinci çay fasiləsi adətən nahardan sonra olur. Mənim və ətrafımda dayanan yoldaşlarımın diqqəti bu fasilədə yalnız bir obyektə yönəldi. Bu obyekt digərləri kimi uzun illərdir ki, kürsüsünü qoruyub saxlayanlardan idi. Nədənsə həmişə onu az-çox müxalif düşüncəli hesab etmişəm. Əslində, fəaliyyətini bir o qədər də izləmirdim, bir neçə dəfə TV-də çıxışını görmüşdüm. Yəqin çox izləmədiyimdəndir ki, elə onun haqqında belə düşünmüşəm…

Təəssüf ki, bu adam forumda çıxışı ilə deyil, tam fərqli bir şeylə diqqətimizi çəkdi.

Hündür boyu olmasa da, nə vaxtsa azdan-çoxdan enli kürəyi, çiyinləri illər getdikcə, özü də bəlkə fərqinə varmadan sadəlövhcəsinə buraxdığı səhvlər ucbatından ondan yuxarıda olanların qarşısında çiyinlərini  bükdüyünə bir işarə idi. İnsanın xarici görünüşündə – üz cizgilərində, qamətində, jestlərində illər öz izini buraxır həmişə. Və getdikcə illər ərzində sahibinin nə işlər gördüyünü uzaqdan qışqıraraq sənə çatdırır.

Əynindəki pencək də sanki əlacsız qalıb çiyinlərindən süzülə-süzülə aşağı sallanmışdı.

Yox, diqqətimizi çəkən nə onun çiyinləri, nə də illərdir yenilənməyən pencəyi də deyildi. Diqqətimizi çəkən bu millət vəkilinin iki-üç qaşıq həcmində olan desert – tiramisu – sevdası idi. Hamıya məlumdur ki, bu forumlar müftə yeyib-içməkdən başqa bir şey deyil. Real xeyir götürən hər hansı bir əlaqə yaradıb yararlananlar olur adətən. O da bizimkilərdə çox nadir hallarda baş verir… Bu da belə forumlardan biri idi.

Adətən çay fasiləsi elan olunandan sonra hamı fasiləyə çıxır. Növbədə gözləməyi sevməyənlər də həmişə tapılır. Bizimki də bir az cəld tərpənənlərdən idi. Hamıyla eyni vaxtda çıxsa, kimdir bir də dəhşətli dərəcədə arzu etdiyini belə bilməyən o tiramisunu növbədə gözləyən? Gecikə də bilərdi axı, yeyənədək fərqinə varmadığı o arzuolunan deserti yenə qaçıra bilərdi axı…

Deserti götürəndən millət vəkili sanki başqa bir dünyaya düşdü. Artıq desert onun əlində idi. Tamam fərqli bir məkanda, tamam fərqli bir zamanda. Ondan və tiramisudan başqa heç kim və heç nə mövcud deyildi.

Desertlə yanaşı götürdüyü çayı bir kənara qoyaraq foyedə acımasızcasına desertin məhvinə start verdi. Bir qaşıq götürüb ağzına apardığından dərhal sonra ikinci qaşıq ağzına gedirdi. Yediyini nə vaxt mədəsinə ötürdüyünü müşahidə edən üç nəfərdən heç birimiz bunu müəyyən edə bilmədik…

Düşünə bilərsiniz ki, bu görüntü iştahaçan bir görüntü idi. Təəssüf… Heyrətdən ağzımızı açıq qoyan, ürəyimizi bulandıran, ikrah hissi doğuran bir görüntü idi. Çiyinləri bükük, illərdir sanki həyatda çabaladığı, uğrunda vuruşduğu yeganə məqsədi bu desert imiş və gözlənilmədən zərif bəzəkli bir boşqabda desert onun düz əlinin içinə düşüb. Min illər öncə manna göydən yağan kimi… İndiki yaşıma qədər görmədiyim acgözlüklə, yediyinin dadını çıxarmadan udan vəhşi bir aclıq mənzərəsi…

Bundan başqa, bu görüntü məndə həmçinin yazıqlıq hissini də oyatdı. Yoldaşlarımdan fərqli olaraq bu hiss mənə daha çox əzab verdi. O sanki illər boyu müxtəlif dərəcəli əmrlərə tabe olmaqdan sındırılan, əzilən bir millətimizin görüntüsünə bənzəyirdi…

Xalqımızı təhqir etmək kimi bir fikrim yoxdur. Sadəcə ildən-ilə rekordunu yeniləyən tortları xatırlayın bir anlıq. Sanki illər ərzində səbirsizliklə yeni nəhəng tortu və ümumi rəsmi görüşdən sonra bu nəhəng tortla baş-başa qalan həmvətənlərimizi…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button