“Aclıq aksiyasına başlayacağam…”-TƏLƏB

azad mursaliyevxural.com-a Azərbaycan Respublikası MTN-nin təqaüddə olan zabiti, Qarabağ Müharibəsi veteranı, “Mahir Abdullayevin Hüquqlarının İçtimai Müdafiə Komitəsi”nin sədri Mursaliyev Azad Oqtay oğlunun bəyanatı daxil olub. Bəyanatda deyilir:
“Son vaxtlar bir sıra Qarabağ qazisinin və yaxud ümumiyyətlə Azərbaycan vətəndaşlarının intihar etməsinə, vətəndaşlarımızın, azyaşlı uşaqların öz evlərində dəhşətli yanğına məruz qalaraq, həlak olmalarına, heç bir əsas olmadan insanların şərlənərək həbsə atılmalarına, əsl demokratik fikirli insanların, vətəndaş cəmiyyəti üzvlərinin təzyiqlərə məruz qalmalarına, siyasi və vicdan məhbuslarının illərlə məhbəsdə saxlanılmasına səbəb dövlət strukturlarında çalışan bəzi məsüliyyət hissi bilməyən hakimiyyət nümayəndələridir, məmurlarımızdır.
Xüsusilə respublikada tuğyan edən əksəriyyət ədalətsizliklərin müəllifi kimi Azərbaycan Respublikası Baş prokurorluğu və ədalətsizliyi rəsmi olaraq həyta keçirən-qanuniləşdirən müstəqil olmayan məhkəmələrimizdir.
Qeyd olunan şəxslərin, Azərbaycan Respublikası vətandaşlarının, ilk növbədə Qarabağ Qazilərinin hansı səbəblərə görə özlərinə sui-qəsd etmə səbəblərini bunlardan (özlərini bilməməzliyə vururlar) fərqli olaraq Azərbaycan xalqı gözəl bilir. Bu insanlar həyatda üzləşdikləri bir sıra sosial problemlər ucbatından olduğu kimi, aidiyyatı orqanların, məmurların onların dərdlərinə şərik olmadıqlarından, onları dinləmədiklərindən, hətta bəzi hallarda mövcud cəmiyyətimizin tam hüquqlu üzvü hesab etmədiklərindən, etiraz əlaməti olaraq özlərinə qəsd edirlər. Allah onlara rəhmət eləsin! Belə bir nəticəyə gəlmək olar ki, bunlar heç bir etik normalara sığmayan hərəkətləri ilə sanki qəsdən insanlarda dövlətə qarşı narazılıq yaradırlar, insanları özünə qəsdə, aclıq aksiyalarına əl atmağa sürükləyirlər. Bundan sonra da bəzi hakimiyyət nümayəndələri, tutduqları vəzifəyə-səviyyəyə uyğun olmayan müsahibələri ilə onları seçmiş, etimad göstərmiş xalqın nümayəndələrini onlardan fərqli düşündüklərinə görə, onları qanunsuz fəaliyyətlərinə görə ifşa edənləri “erməni” adlandırırlar, vətənpərvər olmadıqlarını vurğulayırlar. Əslində həqiqətdə erməni olan və vəzifələrdə təmsil olunanların heç adlarını belə çəkmirlər. İllərlə yan-yana oturub, bir kürsüdən çıxış edib, barələrində bir kəlmə olsun belə danışmayanlar, siyasi proseslərin gedişatı dövründə büdrəyən yoldaşlarının üzərlərinə elə hucum çəkirlər ki, güya onu bu gün tanıyıb və tanımağına peşiman olub.
Mən şərəfimlə yaşamış bir insanam və bütün bunlara baxmayaraq, hər an Azərbaycanı sevən insanlarımızla – qazilərimizlə bərabər torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizəyə qalxmağa hazıram. Lakin öz doğma vətənində – dövlətində Konstitusiya ilə müəyyən edilmiş hüquqları mütamadi olaraq pozulan bir şəxs, ayrı-ayrı məmurlar tərəfindən təhdid olunan, aşağılanan vətəndaş heç vaxt zəfər bayrağını qaldıran əsgər ola bilməz.
Buna görə də hesab edirəm ki, hər bir insan mövcud ədalətsizliyə qarşı, öz azadlığı uğrunda mübarizə aparmalıdır sona qədər. Mən qətiyyən kiminsə radikallığa meyl göstərməyə, kimləri isə təhqir etməyə çağırmıram.
Son 3 (üç) il ərzində “Mahir Abdullayevin Hüquqlarının İctimai Müdafiə Komitəsi”nin rəhbəri olaraq Azərbaycan Respublikası hakimiyyət orqanlarına bir sıra qanunsuzluqlar barəsində, xüsusilə siyasi məhbus (Mübariz Abdullayevin həbsində siyasi motivlər olduğunu təsdiq edərək, onu siyasi məhbus elan etdiyi üçün və bu şərəfli missiyanı üzərinə götürdüyünə görə “Siyasi Məhbuslar üzrə Vahid İşçi Qrupu”na özümün və ailə üzvlərimin adından təşəkkür edirəm) Abdullayev Mübariz Əslan oğlunun heç bir əsas olmadan 10 (on) il müddətinə həbs olunması, 12 ildən artıq oğurlanması (öldürülməsi) ilə bağlı qeyri-formal olaraq istintaqı aparılan Abdullayev Mahir İslam oğlu barəsində heç bir nəticənin olmaması, şəxsən özümün yuxarıda göstərilən və bir sıra digər haqqsızlıqlarla bağlı oyuncaq məhkəmələrdə yaxından iştirak edib, etirazlarımı bildirdiyim üçün 3 (üç) ildir azad hərəkət etmək hüquqlarımın pozulması haqqında dəfələrlə, çoxlu sayda şikayət ərizələri ünvanlamışam. Nə qədər təəccüblü olmasa belə bu şikayət ərizələrinin heç bir nəticəsi olmamışdı. Əksinə, hər bir şikayət ərizəsindən sonra özümə, rəhbəri olduğum komitə üzvlərinə, eləcə də ailə üzvlərimə qarşı təzyiqlər baş vermişdir.

Lakin 28 may 2015-ci ildə Azərbaycanın Respublikası günü tədbirində Azərbaycan Respublikası Prezidenti İlham Heydər oğlu Əliyevin məlum çıxışı zamanı Azərbaycan xalqını bayram münasibətilə təbrik edəndən sonra, çıxışında Azərbaycanda ictimai nəzarətin vacibliyini ciddi vurğulamış, KİV-in təbiri ilə desək Azərbaycan ictimaiyyətini mübarizəyə çağırmışdır. Həmin çıxışdan bir abzas:
“Bir adam – Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər. Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə dərhal reaksiya verir. Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir”.

Bununla əlaqədar vətəndaş olaraq yuxarıda qeyd olunan qanunsuzluqlarla bağlı 02 iyun 2015-ci il tarixdə dövlət başçısını açıq məktubla məlumatlandırmağa qərar verdim. Və gizlətmirəm ki, bu müraciətə böyük ümidlər bəsləyirəm. Lakin əgər mənim son ümidim də qırılarsa, ən yaxın zamanda bir sıra tələblər irəli sürərək müddətsiz aclıq aksiyasına başlayacam. Mən o, şəxslərdənəm ki, zamanın insanların əqidəsində nəyisə dəyişəcəyinə inanmıram. Elə bu səbəbdən də aclıq aksiyası zamanı irəli sürəcəyim tələbləri bəri başdan bilməyinizi istəyirəm.

1. Mübariz Abdullayev daxil olmaqla şərlənərək həbs edilmiş bütün siyasi məhbuslar azad olunsun;
2. 2003- cü ildə müəmmalı şəkildə ouğrlanan MTN zabiti Mahir Abdullayev cinayətinə aydınlıq gəitirilsin;
3. Heç bir əsas olmadan vətəndaşların azad hərəkət etmək, ölkədən çıxma hüququnun məhdudlaşdırılmasına son qoyulsun.. 

Sonda şəxsiyyətinə hörmət etdiyim bir azərbaycanlı ziyalısının sözlərinə istinad edərək, bildirirəm ki, mən bu atdımı o, səbəbdən atıram ki, mənim “qəsdən bükülmək, əzilmək, əskilmək kompleksim yoxdur.”
Belə ki, onsuz da Qarabağ Müharibə veteranı olaraq hər iki halda, istər respublika hüdudlarından kənarda cərrahi əməliyyat olmaq şansızlığımda, istərsə də aclıq akiyası keçirdikdə heç də yaxşı olmayan sağlamlığımı itirmək riski ilə qarşılaşıram.”

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button