Adəm övladının barmağı…

Nurəddin Xoca

Uca Tanrım, məni özündən başqa heç kimə qul etmə!

Həmişə bizdə olan bu mütiliyin haradan gəldiyini fikirləşmişəm. Bəziləri buna “səbr” deyir. Yox, bu səbr deyil, əsl mütilikdir. Özü də bizə xas deyil. Zalimə, zülmə, haqsızlığa qarşı tarix boyu mübarizə aparmış bir millət nədən belə mütiləşib? Bu fikir gecə-gündüz beynimi ovur, yuxularımı ərşə çəkirdi. Axı ola bilməz ki, insan bu qədər haqsızlığa dözsün, özünə, ailəsinə, övladlarına qarşı olan haqsızlıqlarla barışsın. Bu fikirlə yatıb bu fikirlə dururdum. Bu yaxınlarda bərk istilərdə düşdüm bulvara. Dəniz qırağında ağac altında skamyaların birində oturdum. Yanımda  sovet alimlərinin 30-cu illərdə insanların üstündə apardıqları psixi təcrübələrdən bəhs edən bir broşür götürmüşdüm. Açib onu oxumağa başladım.

Birdən yanıma bir yaşlı ağsaqqal oturdu. Mən onun haradan gəldiyini görmədim. Bir–iki dəqiqədən sonra o mənim nə oxuduğumu soruşdu. Broşüranın adını eşidəndə başını buladı və dedi:

– Cəfəngiyyatdır. Onlar əsasən orada psixotrop maddələrlə məşğul olurdular.

Mən təəccüblə ona baxdım. Axı mən biləni psixotrop maddələrlə təcrübələri ilk dəfə deyəsən 40-cı illərdə almanlar başlamışdı. O elə bil mənim beynimdəkiləri oxuyurmuş kimi dedi:

– Yox, ilk dəfə psixotrop maddələrlə təcrübələri Stalinin əmri ilə o zamanki SSRİ-də başlayıblar. İnsanların üstündə aparılan bu təcrübələri müharibə dayandırdı. Müharibədən sonra 70-ci illərdə SSRİ bu təcrübələri kütləvi sınaqdan keçirməyə başladı. Bax sənin neçə vaxtdır baş sındırdığın və cavab tapmadığın sualların cavabı buradadır.

Mən ikinci dəfə təəccüblə bu adama baxdım və fikirləşdim: “Görəsən, bu kimdir və mənim fikirlərimi haradan bilir?”

O isə heç nə olmayıbmış kimi gülümsədi və sözlərinə davam etdi:

– İnsanları şirin xülyalarla beş-on il aldatmaq olar, bəs sonra. Onları necə müti saxlamaq olar. Necə etməli ki, onlar səni müqəddəs kimi qəbul etsinlər? Necə etməli ki, onlar hər şeylərini, ənənələrini unutsunlar, nahaqqı haq kimi qəbul etsinlər, bir qarın çorəklə razılaşıb qul kimi işləsinlər. Necə etməli ki, onlar yuxarıdakıların əməllərinə göz yumsunlar, hətta təqdir etsinlər. Necə etməli ki, onlar bütün abır-həyanı unudub, abırsızlığı həyat qanunu kimi qəbul etsinlər? Gözləri görə-görə haqlarını yeyənləri hər yerdə tərifləsinlər. Necə etməli ki, dini-imanı əldə bayraq edib xalqı dinsiz-imansız etsinlər. Necə etməli ki, haqq-ədalət üçün göndərilən müqəddəs kitabları öz çirkin əməlləri üçün istifadə etsinlər? Ancaq və ancaq psixotrop silahın gücünə. Bu silahı isə sizin üstünüzdə təcrübədən keçirirlər.

Mən etiraz etdim. Axı nə qədər etiraz edənlərimiz var. Odur, türmələr doludur barışmayanlarla. Qəbiristanlıqda nə qədər bu yolda şəhidlərimiz yatır. Bəs biz, bəs mübarızə aparanlar?

O gülümsəyərək dedi:

– Virus elə bir şeydir ki, hamını yoluxdurmur. Elələri var ki, bu virusa qarşı immuniteti güclüdür. Elələri var ki, onlar bu virusa yoluxmayıb. Axı siz bilmirsiniz, nə yeyirsiniz, nə içirsiniz.

Fikirləşdim ki, bu şeytan əməlidir. Hər şey ola bilər.

Bu qəribə adam elə bil beynimin içində oturmuşdu.

Başını buladı və cox qəribə bir şey dedi:

– Yox, bu şeytan əməli deyil. Şeytanın belə fikirlər ağlına gəlməz. Axı o da mələkdir – qovulmuş, lənətlənmiş olsa da. Tanrı, yaratdığının başına bu işləri gətirə bilməz. Siz insanlar öyrənmisiniz ən pis əməllərinizi şeytanın adı ilə bağlamağa. Əslində, sizin içinizdə elələri var ki, ona nə şeytan, nə də iblis lazım deyil. İblis, Şeytan dediyiniz şər qüvvələr Tanrının qoyduğu şərtlər daxilində sizi imtahana çəkir. Bunlar isə nə qanun tanıyır, nə Tanrı. Dillərində Tanrı və onun elçılərinin adı olsa da, içlərində bir xəbislik var. Bütün bu xəbislikləri kütləviləşdirməyə şeytanmı məcbur edir? Yasınız  toydur, zalimləriniz başınızın üstündədir, cəlladlarınızın hakimliyini qəbul edirsiniz, qos-qoca millətinizi məhv edirsiniz və bunu həyata keçirənləri başınızın üstündə saxlayırsınız. Şeytanmı sizə deyir torpaqlarınızı azad etməyin, hər dəfə bir bəhanə ilə düşmənlə sülh axtarın, büdcənizi talayın, xalqınızı aclıqla imtahana çəkin? Deyin, buna iblismi günahkardır? Yox, burada Adəm övladının barmağı var…

Bu zaman bir səs eşitdim:

– Ə, Xoca, bu günün altında niyə yatmısan?

Sən demə, skamyada yuxuya getmişəm və gördüklərim hamısı yuxu imiş. Yuxuma girən iblismiymi, şeytanmıydı, nəydi? Mənə nə demək istəyirdi? Amma dedikləri də çox düşündürücüdür…

İ.S. Allah axırını xeyr eləsin – birimiz Allahla danışırıq, birimiz şeytanla. Ən maraqlısı budur ki, bizim başımıza açılan oyunu heç şeytan belə rəva bilmir. Dediklərindən belə başa düşdüm ki, öz əməllərim özümə bəsdir deyir, sizin heç şeytana yaraşmayan əməllərinizi mənim boynuma qoymayın.

 

Xural” qəzeti,

İl: 9, sayı: 030 (438),07-13 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button