Adamyeyən diktatorun villasındakı muzdlular və azərbaycanlı jurnalistin qətli…

Xəbər verildiyi kimi iyulun 31-də Mərkəzi Afrika Respublikasında üç rusyalı jurnalist-azərbaycan əsilli Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko naməlum silahlılar tərəfindən öldürülüblər. Orxan Camalın başçılıq etdiyi həmin çəkiliş qrupu Mərkəzi Afrika Respublikasına “Vaqnerin ordusu” kimi tanınan özəl Rusiya hərbi şirkətinin fəaliyyətini araşdırmaq üçün getmişdi. Onları mühacirətdə olan rusiyalı keçmiş oliqarx və müxalifətçi Mixail Xodorkovskinin “Təhqiqatların idarə edilməsi Mərkəzi” maliyyələşdirirdi.

Virtualaz.org xəbər verir ki, “MBX Media” portalı jurnalistlərin Mərkəzi Afrika Respublikasında şübhəli qətli ilə bağlı bir sıra yeni sensasion məqamlar dərc edib. Məlum olur ki, Cama, Rastorquyev və Radçenko iyulun 28-də səhər saatlarında Mərakeşin paytaxtı Kasablankadan Mərkəzi Afrika Respublikasının paytaxtı Banqi şəhərinə uçublar. Onlar əvvəllər BMT missiyası ilə işləmiş və bu ölkədə işləmiş fransız jurnalistlərin məlumat bazasında münasib namizəd kimi göstərilən yerli sürücünü muzdla tutublar.

Adamyeyən diktatorun malikanəsindəki ruslar…

İyulun 29-da çəkiliş qrupu “Vaqnerin ordusu”nun, rəsmi olaraq Rusiya “hərbi təlimatçılarının” paytaxt Banqi yaxınlığındakı Berenqo qəsəbəsində yerləşən bazasına daxil olmağa çalışıblar. Bu baza Mərkəzi Afrika Respublikasının keçmiş diktatoru , adamyeyən Jan Bedel-Bokossonun malikanəsində yerləşir. Jurnalistləri bazanın ərazisinə buraxmayıblar, onlardan yerli müdafiə nazirliyinin akreditasiyasını tələb ediblər. Bununla belə jurnalistlərin barəsində məlumatları qeydə alıblar.

Həmin gün Banqidə qaldıqları otelin qarşısında rusiyalı jurnalistləri iki Mərkəzi Afrika Polisi saxlayıb, onlara deyiblər ki, guya çəkiliş aparatlarını qanunsuz istifadə edirlər. Polislər jurnalistlərdən 100-120 dollar rüşvət istəyiblər. Jurnalistlər polislərin rüşvət vermək tələbini yerinə yetiriblər.

Jurnalistlər paytaxtdan yola çıxır və marşrutu dəyişir

İyulun 30-da Camal, Rastorquyev və Radçenko sürücüləri ilə birlikdə Banqidən çıxıb paytaxtdan 400 kilometr məsafədə yerləşən Bambari şəhərinə gediblər. Bambaridə onların Martin adlı fikserlə (jurnalistlərə muzdla kömək edən əlaqələndirici) görüşü nəzərdə tutulmuşdu. Martin özünü jurnalistlərə BMT-nin MAR-da vəziyyətin stabilləşdirilməsi üzrə missiyasının (MİNUSCO) əməkaşı kimi tanıtmışdı.

Və iyulun 30-dan 31-nə keçən gecə jurnalistlər güllələnib. Bu hadisə Sibyu və Dekoa yaşayış məntqələri  arasındakı yolda baş verib. Həmin yol Kaqa-Bandoro şəhərinə aparır. Yəni jurnalistlər Bambari şəhərinə getmək əvəzinə tamam başqa yolla gediblər və orada güllələniblər. Çəkiliş qrupunun sürücüsü silahlı hücumda yaralanıb, amma sağ çıxa bilib.

Jurnalistlərin Sibyu şəhərinə çatandan sonra şərqə-Bambari şəhərinə aparan yolla getmək əvəzinə şimala-Kaqa-Bandoro şəhərinə aparan yolla niyə getdikləri məlum deyil. Onların planları niyə dəyişib? Kaqa-Bandoro şəhərinə hansı məqsədlə yola düşüblər? Yaxud bilərəkdən azdırılıblar?

“Kremlin aşbazı”nın qızıl yatağı

Xüsusən də jurnalistlərin təhqiqat obyektlərindən biri-Kremlin aşbazı kimi tanınan oliqarx Yevgeni Priqojinin təsis etdiyi şirkətin işlətdiyi Ndassima qızıl yatağı (“Vaqnerin ordusu”nu da Priqojin maliyyələşdirir) da Bambari şəhəri yaxınlığında yerləşirdi.

Bambari şəhəri hökumətin nəzarətindədir, orada MİNUSCO missiyasının nümayəndələri də yerləşir, hərçənd təhlükəsizlik baxımından etibarlı şəhər deyil. Bambari rayonunda radikal islamçıların “Seleka” adlı qruplaşmasından ayrılmış “Sülh naminə birlik” qruplaşmasının dəstələri də var.

Kaqa-Bandoro şəhəri isə formal olaraq hökumətin nəzarətindən kənardadır. Bu şəhər “Seleka”nın parçalanmasından sonra yaranan iki qruplaşmanın-“Xalq dirçəliş cəbhəsi”nin ( lideri Mərkəzi Afrika Respublikasının keçmiş prezidenti Mişel Cotodiyadır, o, bir neçə il əvvəl qısa müddət hakimiyyətdə olanda “Seleka”ya başçılıq edirdi) və “MAR patriotları hərəkatı”nın (Mahamat əl-Hatimin başçılığı ilə) mübarizə zonasında yerləşir.

Bu yol o qədər də təhlükəli olmayıb…

BMT mütəxəssislərinin tərtib etdikləri xəritəyə əsasən həm Sibyu-Bambari, həm Sibyu-Kaqa-Bandoro yolları “narıncı” təhlükə səviyyəsinə aiddir. Yəni “yaşıl zona” kimi təhlükəsiz və “qırmızı zona” kimi təhlükəli deyil. Jurnalistlər isə “yaşıl zona”dan çıxıb “narıncı zona”ya daxil olan kimi hücuma məruz qalıblar. MAR KİV-ləri təəcüblənir ki, jurnalistlər son vaxtlar silahlı qruplaşmaların gözə dəymədiyi və ciddi silahlı insidentin qeydə alınmadığı bu yolda necə öldürülüblər.

“Human Rights Watch” təşkilatının Afrika bölməsinin nümayəndəsi Lyuis Mac deyib ki, Sibyu-Bambari yolu ilə hazırda silahlı mühafizə olmadan getmək mümkündür. Sibyu-Kaqa-Bandoro yolu da Dekoa yaşayış məntəqəsinə qədər nisbətən təhlükəsizdir. Dekoadan sonra isə keçmiş “Seleka” yaraqlılarının nəzarətində olan bölgə başlayır.

“Seleka” yaraqlıları versiyasını dərhal kim ortaya atdı

Jurnalistlər Dekoaya çatmamış, hökumət qoşunlarının Sibyu şəhərinin çıxışında qoyulmuş blok-postundan 18 kilometr məsafədə öldürülüblər. Hadisədən dərhal sonra beynəlxalq KİV-lər qətlin “Seleka” yaraqlıları tərəfindən qarət məqsədi ilə törədilə biləcəyi hada versiyanı yayıblar. Lakin ərazinin “Seleka”nın nəzarətində olmadığı aydınlaşıb. Buna baxmayaraq iyulun 31-də “İnterfaks” Mərkəzi Afrika Respublikası polisindəki mənbəyə istinadən hadisənin qarət məqsədi ilə törədildiyini yayıb. XİN rəsmisi Mariya Zaxarova da jurnalistlərin qətlinin “quldur hücumu nəticəsində” baş verdiyini bildirib. TASS hadisədə “Seleka” yaraqlılarının əlinin olduğu haqda ehtimalı tirajlayıb. MAR hakimiyyəti də “Seleka” və qarət versiyasını irəli sürüb. KİV və kommunikasiyalar naziri Anj Maksim Kazaqi bildirib ki, öldürülən jurnalistlərin üzərindən çəkiliş aparatı və 8.5 min dollar pul götürülüb.

Jurnalistlər Banqidəki “rus hərbçisinə” zəng edir və..

MAR-ən CNC adlı xəbər saytı isə yazır ki, jurnalistlərə Sibyu şəhərinin çıxışında hökumət qüvvələrinin blok-postunda gecə vaxtı yola çıxmamaq məsləhət görülüb. Bundan sonra jurnalistlər “Banqidəki rus əsgərlərindən” birinə-öz həmvətənlərinə zəng ediblər. Həmin şəxs telefonda onları əmin edib ki, yolda təhlükə yoxdur. Məhz bundan sonra jurnalistlər yola davam etməyi qərara alıblar.

Jurnalistlrə hücum edənlərin geyimi və hansı dildə danışdıqları barədə də versiyalar fərqlidir. Məsələn, MAR-in KİV və kommunikasiyalar nazirliyində hücum edənlərin “türbanlı olduqlarını” deyiblər. CNC agentliyi isə yaraqlıların xüsusi təyinatlıların istifadə etdiyi, sifəti gizlədən maskalarda olduqlarını bildirir. Üstəlik hücum edənlər sürücünün ifadəsində dediyi kimi jurnalistlərlə onların başa düşdüyü dildə danışırmışlar.

Silahlıların qaynaşdığı ölkədə gecə yola çıxmaq?

“MBX Media” portalının MAR-dakı mənbələri deyirlər ki, jurnalistlərin Banqidən Bambariyə, yaxud Kaqa-Bandoroya silahlı mühafizəçilərin müşaiyəti olmadan getməsi normal görünərdi. Bir şərtlə ki, onlar gündüz yola çıxsınlar. Çünki yollar gündüz təhlükəsiz olsa da gecə hər cür təhlükə meydana çıxa bilər. “Hətta yerlilər gecələr yola çıxmağa qorxur”-məndə deyib.

Beləliklə, jurnalistlərin qəfil marşrutu dəyişməsi və üstəlik gecə yola çıxması qəribə görünür. Daha da qəribə olanı budur ki, onlara gecə yola çıxmaq barədə məsləhəti Banqidən hansısa rusiyalı verib. MAR-da işləyən hərbçilər gecə yola çıxmağın təhlükəli olduğunu başqalarından daha yaxşı bilməlidir. Belə şübhə yaranır ki, jurnalistləri gec yarısı qəsdən Sibyu-Kaqa-Bandoro yoluna yönəldiblər.

“Bu hücum əvvəlcədən planlaşdırılıb…”

Həm MAR KİV-ləri, həm saytın bu ölkədəki mənbələri hücumun əvvəlcədən planlaşdırılmış olduğunu bildirir. “Bu hücum əvvəlcədən planlaşdırılıb, onun təşkilində yerli informator iştirak edib”-jurnalistlərin qətli ilə bağlı təhqiqat aparan qrupdan deyiblər.

“Seleka” versiyasının ortaya atılması bu hadisənin dərindən araşdırılmasını istəməyənlərə tamamilə sərf edirdi. Çünki bu qruplaşmanın adının qarşısına “radikal müsəlman” sözü artırırlar və dərhal belə təəsürat yaranır ki, söhbət İŞİD-ə bənzər qatillərdən gedir. Və onlar əlbətdə ki, rusların düşmənidir. Əslində isə “Seleka” neçə il əvvəl parçalanıb, bu hərəkatdan ayrılan qruplar ölkənin müxtəlif yerlərində bir-birlərinə qarşı döyüşür. Lakin heç biri nə İŞİD-ə, nə “Əl-Qaidə”yə bağlı deyil. Ərəb dilində danışan yaraqlılarla MAR-da qarşılaşmaq mürəkkəb məsələdir. Hərçənd yerli müsəlmanlar arasında ərəb dili yayılıb.

Ruslarla yaraqlılar arasında təmaslar

Habelə nəzərə almaq lazımdır ki, Moskvanın MAR-dakı planlarına “Seleka” və ondan ayrılmış qruplaşmalarla düşmənçilik daxil deyil. Çünki Moskvanı MAR-ın zəngin qızıl və digər qiymətli metal yataqları maraqlandırır, bu işləri isə təkcə ölkənin cəmi 20 faizinə nəzarət edən hökumətlə görmək mümkün deyil.

“Rusiya hərbi mütəxəssisləri üsyançılarla təmaslar və danışıqlar üçün kömək təklif ediblər, lakin yerli rəhbərlər buna qəti şəkildə qarşı çıxıblar. Yerli siyasətçilərə təşəbbüsü kiməsə vermək sərfəli deyil, çünki istənilən danışıqlar maddi planda alverdir”-MAR-dakı mənbə deyib.

Belə görünür ki, ruslar hər halda keçmiş “Seleka” qruplaşmasından olanlarla təmaslar qurublar.

Lavrov-Tuader görüşü, Priqojinin şirkətləri və muzdluları

Rusiyanın MAR-da iştirakı prezident Fosten-Arkanca Tuaderlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında 2017-ci ilin oktyabrında Soçidə baş tutmuş görüşdən sonra güclənməyə başladı. Həmin ilin noyabrında Banqidə

“Sewa Security Services” adlı şirkət yaradıldı. Bu şirkət rusiyalı mudzlular üçün hüquqi şəxs rolunu oynayır və MAR-da Yevgeni Priqojinə bağlı “Lobaye Invest” adlı dağ-mədən şirkətini kurasiya edir. Bu şirkətin idarəçisi rusiyalı Yevgeni Xodotovdur.

“The Insider” saytı “Lobaye İnvest” şirkətinin MAR-da “Cessna 182” təyyarəsini icarə götürüb istifadə etdiyini müəyyən etmişdi. Bu ilin fevralından həmin təyyarə MAR-ın bir çox şəhərlərinə, o cümlədən “Seleka” yaraqlılarının nəzarətində olan, qızıl və almaz yataqları ilə zəngin bölgələrə uçub. Orxan Camal və yoldaşları da məlumatlara görə, Priqojinin MAR-dakı biznesi ilə maraqlanırdı. Onların “Vaqnerin ordusu” ilə “Seleka” qruplaşması arasında təmaslara dair dəlillər əldə etdiyi də bildirilir. Çəkiliş qrupu “Seleka”nın bəzi liderlərinin təmaslarını da tapa bilmişdi.

Sürücü xəstəxanadan yoxa çıxdı, Martin də tapılmır

O da bildirilir ki, çəkili qrupunun sürücüsü Byenvenyu Nduvokama saxlanıldığı xəstəxanadan yoxa çıxıb. MAR hakimiyyət rəsmiləri və jurnalistlər hadisənin necə baş verdiyinə dair məlumatları yayarkən məhz ona istinad edirdilər. Ancaq sürücü deyə bilərdi ki, çəkiliş qrupu niyə şərqə yox, şimala gedib, kim jurnalistləri əmin edib ki, MAR-da gecə vaxtı yola çıxmaq təhlükəsizdir. Məlumata görə yaralı sürücü əvvəlcə jandarmeriyanın mühafizəsi altında olub, daha sonra isə onu jandarmeriyanın əlindən hərbçilər, yaxud xüsusi xidmət əməkdaşları alıblar və naməlum istiqamətə aparıblar.

Çəkiliş qrupunun fikseri-özünü BMT missiyasının əməkdaşı kimi təqdim edən həmin Martin də yoxa çıxıb. Jurnalistlər BMT-nin MAR-dakı missiyasından öyrəniblər ki, onların bu adda əməkdaşı yoxdur və olmayıb. Hansı ki, məhz Martin jurnalistlərə Ndassima qızı yataqları rayonunda çəkili aparmaqda kömək göstərməyə vəd vermişdi. “Təhqiqatların idarəedilməsi mərkəzi”nin rəhbəri Andrey Konyaxin “Novaya qazeta”ya bildirib ki, onların Martini tapmaq cəhdləri nəticəsiz qalıb, nə BMT missiyasında, nə MAR-da işləyən digər beynəlxalq humanitar missiyalarda belə adam yoxdur. Konyuxin hesab edir ki, jurnalistlər MAR-da quldurların spontan hücumunun qurbanı olmayıb, onların qətli planlaşdırılıb.

Habelə Konyuxin deyir ki, qətlin planlaşdırılmış olmasını Rastorquyevin aldığı güllə yaraları da təsdiq edə bilər. Ona ürək nahiyəsindən iki güllə vurublar. Habeləhadisə rayonunda çəkilmiş fotolarda Orxan və Aleksandrın meyitləri yanaşı görünür, Kirill isə bu fotolarda yoxdur. Onların üçünün birlikdə meyitini ancaq morqda çəkiblər. Ehtimal edilir ki, Kirill yaraqlılar tərəfindən hadisə yerindən uzaqlaşdırılandan sonra öldürülüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button