Adı Böyük Gələcəkdir, Özü də 50-nin bu üzündə…

Aydın Canıyev
Möhtərəm və möhtəşəm jurnalist
Bizdə loru dildə belə məqama “bəhanə” deyirlər, əslində isə “vəsilə”dir, “tutalqa” da demək olar…  Bəhanə-vəsilə-tutalqadan istifadənin mahiyyətinə görə sui-istifadə saymaq kəmfürsətliyi də mümkündü. Ancaq vicdan ali kriteriya olanda adamlar etiraf edir ki, bu… etiket qaydasıdır, borcdur, minnətdarlıqdır, etirafdır.
Mən etiraf edirəm ki, bu yazını yazmaq istəyirdim, sadəcə, Əvəz Zeynallının doğum günü (ad günüylə qarışdırmayın, o yanvarın 1-dədi) bəhanə oldu, üstəlik də bu bəhanədən sui-istifadə edərək, etiket qaydasına əməl etməklə minnətdarlığımı ifadə etmək borcumdan çıxıram – həm də: özümün və bütün qələm yoldaşlarımın əvəzindən!
Həə, əzizlərim, bu gün əlli yaşının birinci gününü xərcləməyə başlayıb dostumuz və qardaşımız Əvəz Tapdıq oğlu Zeynalov – Əvəz Zeynallı.
Əvəz Zeynallı bu ölkədə üzdə olan ən azı 50 ictimai-siyasi xadimin, başda protokolla ölkənin ikinci, faktiki isə tək və yeganə demokrat prezidenti Əbülfəz Elçibəy olmaqla, adını 21 yaşından tanıdığı 50 gəncdən biridir!
Əvəz Zeynallı elə ömrünün üçüncü onilliyini prezidentlərlə görüşlərə, onları tanımağa, özünü onlara tanıtmağa xərcləyib. Sıranı Elçibəydən sonra davam edən Rauf Denktaş, Süleyman Dəmirəl, Heydər Əliyev olubsa, hələ ki, tamamlayan Ayaz Mütəllibovdur! Day baş nazirlər, nazirlər, partiya başqanları, millət vəkilləri də öz yerində.
Əvəz Zeynallını düz 20 ildir tanıyıram. Türkiyədən yeni qayıtdığı dönəmlərdən. Ona – Ankara Universitetinin hüquq fakültəsinin məzununa ilk ərkyana sualım bilirsiniz nə olub?
– O boyda orda qaldın, heç olmasa bircə dəfə də olsa, Sibel Canla görüşdünmü, bir qəhvə içdinmi onunla?
(Sibel Can ən əxlaqlı müğənnilərdən biri olduğu üçün sevirdim, gözəl ailə sahibiydi, onçun. p.s. Azərbaycanlı iş adamı ora gedib çıxan kimi onun da zibilini çıxardı)
– Mənim onunla görüşməyə vaxtım olmadı, daha ciddi işlərlə məşğul idim.
Anlatmaq istədiyimin ilki bu: adam əlinə tələbə bileti alanda artıq siyasiləşmiş olub. Türkiyədə oxuyan birinci partiya azəri türkləri Əvəz Zeynallının liderlik çalarlarını çox yaxşı xatırlayır, fədakarlıqlarını da həmçinin. Dəfələrlə şahid olmuşam o dəstənin indi nüfuz və mövqe sahibi olanları çox böyük sayğı və həvəslə Əvəz Zeynallının çağırışlarına və zənginə ehtiramla yanaşır, mənsub olduqları qütbün yaratdığı təmas məhdudiyyətlərinə baxmayaraq, diqqət göstərirlər. Hətta ötən iyirmi il Əvəz Zeynallının Azərbaycan, Azərbaycan-Türkiyə, Azərbaycan türkü-Türkiyə türkü təmasının yüksəlməsi adına atdığı addımları unutdura bilməyib. Bütün bu fədakarlıqları öz ideyaları, vətənpərvərliyi ilə, tələbə olduğu halda “Böyük Gələcək” jurnalının nəşrlərində əbədiləşdirib!
Əvəz Zeynallının adını yaza biləcəyim bütün yerlərdə – qeyd dəftərçəsində, telefon siyahısında, müəllif sırasında, iş yerində, ürəyimin başında… “Böyük Gələcək” kimi qeyd etmişəm.
Bilirəm, ürəyinizdən bu dəqiqə keçir ki, nəsə xoş olmayan bir şey də deyim. Bu yazı bəy tərifi deyil, onçun da deyirəm:Əvəz Zeynallı ilə iyirmi illik dostluğun içində azı üç il məntərəfli “dartım, yaxan cırılsın” da olub. Dostlar da, özü də barışmağımızı istəsə də, dəyirman kimi üyütmüşəm.
Anlatmaq istədiyimin həm də biri budu: Əvəz düşmənini dost etməyincə əl çəkmir.
Mən mənə düşmənçilik edənin hərçi-bətərini söyməsəm sakitləşmirəm, ancaq Əvəz Zeynallı o nümunəni göstərib ki, bu iyirmi (əslində isə elə o 21 yaşından) ildə, nəinki bu xalqın, heç bu ölkənin heç bir vətəndaşı ilə düşmən olmaq olmaz, bu xalqın və bu ölkənin hər bir vətəndaşı Əvəz Zeynallı üçün əzizdir!
Anlatmaq istədiyimin növbətisi də budur: Əvəz Zeynallı adamla savaşı ona görə açar, çarmıxa ona görə çəkər ki, adam adam olsun, özünə gəlsin, xalqına, dövlətinə xidmət etsin, faydalı olsun – eyni davranışı Nemət Pənahlıda müşayiət eləmişəm!
Əvəz Zeynallı mətbuatın o nəhənglərindəndi ki, rəqibiylə qarşı-qarşıya yox, üz-üzə oturmağa həmişə boş masası var! Və… Əvəz Zeynallı üçün şəxsi düşmən yoxdur!
Əvəz Zeynallı mətbuatın o sərkərdələrindəndir ki, ləşkərinə hay eləsə, adını çəkəni dizin-dizin süründürə bilər, amma ona qara əlcək atanların meydanında döyüşdən qaçmayıb, öz meydanında düşməni kimi yox, qonağı kimi qəbul edib!
Əvəz Zeynallı mətbu polemikalarda həddi, qadağaları, “olmaz”ları aşmış heç bir kəsə kin saxlamayan bir nümunədir: patriarxlardan Qənimət Zahid, Rauf Arifoğlu, cavanlardan isə Kəramət Böyükçöldə bu demokratlıq var.
Əvəz Zeynallını bir gün tanıyan da, bir ömür tanıyan da ondan ürək dolusu təəssüratla ayrılar və tarix üçün yazmağı özünə borc bilər – tabeçiliyində olub-olmamasından asılı olmayaraq, iş yoldaşları onun üçün dost, qardaş və əzizdir!
Tanıdığım iyirmi ilə şəhadət verirəm: dost, yoldaş, həmkar olduqlarının istənilən birinin özündə, evində, doğmalarında Əvəz Zeynallının xoş xatirəsi, xeyirxahlığı, əzizgiramiliyi var! Yaşından və cinsindən asılı olmayaraq, Əvəz Zeynallı ilə məhrəm olan hər bir kəs ən mübhəm sirrini onunla bölüşüb, özünə dayaq bilib, hətta çoxları etimad göstərərək “mənim əvəzimə vuruş mənim uğrumda” yardımını istəyib!
Azərbaycan mətbuatını tülüngü və tüllablarla dolduran şəbəkələşmiş “orden”in missionerləri bəzən nifaq, təxribat və təfriqə salmaq üçün ən həssas nöqtələrə belə dirijorlarının bəlli yerlərində olan çubuğunun təpkisi ilə müəyyən zədələr yetirmək istəsələr də, zaman hər kimin kim olduğunu ortaya çıxarıb: kimsə kiminsə burnu olub, kimsə kiminsə orqanizminin ayrı bir üzvü funksiyasını yerinə yetirib, kimsə kiminsə cüllütü, tutuquşusu, yaxud da eşşəyi imicini qazanıb.
Əvəz Zeynallı həyatın mübarizə və savaşdan keçdiyini nümayiş etdirib və sübut da edib ki, bir və ya bir neçə döyüşü uduzmaq hələ məğlubiyyət deyil!
Əvəz Zeynallı böyük hədəflərin savaşçısıdır!
Əvəz Zeynallı böyük gələcəyin qurucusudur!
Əvəz Zeynallı xuralları olan, prinsiplərindən dönməyən, taktikasını və strategiyasını başından bəlli edən, açıq meydanda total oynayan biridir!
Ailəsindən, çevrəsindən, cəmiyyətdən və dövlətdən gizli olan heç nəyi yoxdur!
Aqressiya yaratmamaq üçün, yumşaq deyirəm: qılıncının altından keçirmədiyi persona saxlamayıb iyirmi illik jurnalistliyi (əslində isə 30 il) dönəmində!
Nazirlərin və siyasi müxalifətin tumunu tarixin zibil yeşiyinə tullayıb!
Yüzlərlə layihəsi var ki, millətə və dövlətə çox böyük faydalar verib! Dəstək verilsəydi, uğurlar hədsiz olardı!
Elə bir media kapitanı, elə bir ictimai-siyasi xadim yoxdur ki, Əvəz Zeynallı üz-üzə oturmaq, debat aparmaq, müsahibə almaq, portetini işləmək haqqını kayb etmiş olsun!
Bax, Əvəz Zeynallını bu mənada brend sayıram – onun dilini gödək edə biləcək, divara qısnayacaq, iddialarını çökdürəcək heç bir komplo ola bilməz!
Bilirsinizmi, jurnalistin xoşbəxtliyi haçan Everestdən bərq vurur?
İstədiyi sualı və istədiyi adama vermək azadlığını əldə saxlamaq, qorumaq səadəti İlahidəndir. Üstəlik də əgər sən istədiyin adamdan istədiyin yazını yaza bilirsənsə – fərq etməz ki, lehinə və ya əleyhinə. Çox, lap çox az jurnalist qalıb (daha doğrusu, saxlaya bildilər) bu xoşbəxtliklə.
Əvəz Zeynallı o xoşbəxt qalanlardandır!
Demək istədiyim bir məqam da var: Əvəzi bu məqama yüksəldən və bu cür böyüdən nə Türkiyədir, nə Azərbaycandakı mühit. Tanıdığım üçün deyirəm: bir Tapdıq müəllim vardı. Əvəzin atası. Əvəzi 21 yaşınacan böyüdüb, tərbiyələndirib, Prezidentlərlə bir məclisdə olmaq, özünü apara bilmək, hətta onları heyrətləndirəcək səviyyədə suallar vermək qabiliyyətində böyüdən!
Elə də çox görüşlərimiz olmasa da, Tapdıq müəllimlə olub ki, dəfələrlə söhbəti Əvəzdən salmışam, danışdırmışam həyat ştrixlərini. Atalara məxsus aliliklərdi, amma həm də hər Atanın edə bilməyəcəyi, özünəməxsus çalarlardadır Əvəzin böyüklüyü.
Əvəz Zeynallını bu ucalıqda saxlayan həm də Ailəsdir, Anası, Qardaşı, Xanımı, Balaları, Dayısı, Qohumları!
Jurnalistin və Siyasətçinin Ailəsi Möhkəm olanda basılmaz və qüdrətli olur!
Amma təəssüf ki, Əvəz Zeynallı bu gün deyil!
Amma və lakin… çox təəssüf ki, Əvəz Zeynallı bugünkü Azərbaycandadır!
Ancaq təsəlli odur ki, Əvəz Zeynallı gələcəkdir! Özü də Böyük Gələcək!
Tam məsuliyyətimlə deyirəm: Azərbaycanın bu gün üzdə olan istənilən siyasətçisini, media nəhəngini qəhr etmək olar, heç bir halda Əvəz Zeynallı silinə bilməz! Əvəz Zeynallı bu iyrənc oyunlar oynanılan siyasi və mətbu intriqalardan diri çıxa bildi! Bacardı! Və bu gün xidmətləri olan dəyərli ictimai-siyasi xadimlər rejimin bütün çamurları altında inləsələr də, hamı arxayın olmalıdır: sabahın bir Əvəz Zeynallısı var! Hamısını bu xalqa çatdıracaq! Hər kəsin dəyərləndirməsinə vəsilə olacaq!
50-nin bu üzündəki Əvəz Zeynallı 50-nin o üzündə daha möhtəşəm olacaq!
Siz heç fikir verməyin bu gün daldeylərdə Əvəz Zeynallıya tikilən torbalara, dövriyyəyə buraxılan komplolara, aparılan separat danışıqlara, arxayın olun Əvəz Zeynallıdan, ittihamı olan hər kəslə üz-üzə oturmaqla hər şeyə aydınlıq gətirəcək gücdədir!
Bəzən sadə adamlar, bəzən də içi xıltlı, xəbis adamlar Əvəz Zeynallı haqqında xoş yazıları, xoş sözləri şəxsi münasibətə yozurlar. Böyük məmnuniyyətlə yazardım burada Əvəz Zeynallı mən onu tanıdığım 1998-ci ilin oktyabrından bu yana nə qədər ictimai-siyasi xadimin, media kapitanının xilas yeri olub! Nə qədər iş yoldaşının elçisi, müəllimi, qardaşı, atası olub! Nə qədər oxucunun və Azərbaycan vətəndaşının uçan evinin damı, süfrəsinin çörəyi, əyninin paltarı, uşağının təhsil haqqı olub!
Yazardım. Amma sizin vaxtınız varmı 20 ilin hesabatını oxumağa? Təkcə mənə etdiklərini yazsam, yazı daha 10 min işarə artacaq! Bircə bunu yazmağım da bəs eləmir ki, qürur duyasınız sizin ölkənin, sizin xalqın Əvəz Zeynallısı var?
 
2011-ci ilin bu vaxtları idi! Kürdəxanıda kameradaydım. Və məni heç kim axtarmırdı – nəinki tutulanda, dara düşəndə müdafiə etdyim, palaz-palaz yazı yazıb həbslərində İlham Əliyevi ittiham etdiklərim, heç doğma qardaşım da! Ancaq məni kameradan çıxarıb apardılar… görüşə!
Qarşımda… Əvəz Zeynallı durmuşdu – özü məhbus ola-ola!
Böyük Gələcək, 50 yaşına qədəmlərin mübarək!
İnanıram ki, ömrünün bu anına qədər əməyini sərf etdiyin xalq sənin xidmətlərini cavabsız qoymayacaq!
Özünü qorumağı bacar – yazmağı, vuruşmağı, döyüşməyi onsuz da bacarırsan!
 
Miq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button