ADP sədri siyasi blok yaratmağı kosmosa peyk uçurtmaqla müqayisə etdi

Sərdar Cəlaloğlu: “Biz uzunmüddətli fəaliyyət göstərən blok yaratmağı nəzərdə tuturuq”

ADP, Ümid Partiyası və Doğru Yol Partiyasının blok yaradacağı barədə mediaya açıqlama verilməsindən bir aya yaxın vaxt keçsə də, hələ ki blok rəsmi elan olunmayıb. Məsələnin hazırda nə yerdə olduğunu öyrənmək üçün ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, blokun rəsmi təsis edilməsinə ADP və Doğru Yol Partiyası tam hazırdır. Sadəcə olaraq, onların müttəfiq kimi nəzərdə tutduğu Ümid Partiyası belə hesab edir ki, buraya başqa bir neçə təşkilatı da daxil etmək lazımdır: “Ümid Partiyası bu istiqamətdə müəyyən işlər aparır. Lakin bu işlərin nə yerdə olduğu, sonunun necə olacağı barədə məndə məlumat yoxdur. Sadəcə, bildiyim odur ki, iş aparırlar”.

“Çoxlu sayda partiyanın iştirakı ilə əvvəllər də bloklar fəaliyyət göstərib. Ciddi nəticələrə nail olmaq mümkün olmayıb. Belə bir təcrübə olduğu halda çoxsaylı partiyaların iştirakı ilə blok yaratmağın perspektivi varmı” sualına S.Cəlaloğlu belə cavab verdi: “Elmi yanaşma ondan ibarətdir ki, səhvləri aradan qaldırmaq üçün təcrübəni təkrarlamaq, harada səhvlərə yol verilibsə onu aradan qaldırmaq lazımdır. Bütün sahələrdə belədir. Məsələn, kosmosa peyk göndərirlər, peyk gedib məhv olur. Ancaq birinci peyk məhv oldu deyə, peyk göndərilməsinə son qoyulmur, ikinci, üçüncü peyklər göndərilir. Yəni təkrarlama səhvlərin aradan qaldırılması üçündür. Tamamilə normal bir şeydir ki, əvvəlki təcrübədə hər hansı bir uğursuzluq olubsa, yeni təcrübə həmin uğursuzluqlar nəzərə alınaraq yüksək səviyyədə həyata keçirilsin”.

Yaradılmasına hazırlıq gedən blokun adının necə olacağına gəlincə, Sərdar Cəlaloğlu qeyd etdi ki, hələ Ümid Partiyasından cavab gözlənilir. Ümid Partiyasının apardığı danışıqlar nəticəsində bilinəcək ki, blokun adı necə olsun.

Blokun seçki bloku, yoxsa siyasi blok olacağı barədə sualımıza isə ADP sədri cavabında dedi ki, əgər blok rəsmi olaraq yaradılacaqsa, qısamüddətli fəaliyyət üçün yaradılmayacaq: “Biz uzunmüddətli fəaliyyət göstərən blok nəzərdə tuturuq. Bloku siyasi blok olaraq yaradıb prosesin gedişində seçki blokuna da çevirə bilərik. Burada heç bir problem yoxdur. Əgər tərəflər razı olsa biz istərdik ki, seçki bloku olsun”.

Mövcud olan digər müxalifət birlikləri ilə əməkdaşlıq məsələsinə gəlincə, Sərdar Cəlaloğlu bildirdi ki, əslində yeni blokun yaradılma təşəbbüsünün əsasında dayanan arqumentlər bu məsələyə aydınlıq gətirir: “Biz düşünürük ki, həm Milli Şuranın, həm Azərbaycan Xalq Hərəkatının apardığı siyasətdən fərqli bir yol seçmək lazımdır. Təcrübəyə baxaq. Baxmayaraq ki, Milli Şura uzun illərdir fəaliyyət göstərir və son vaxtlarda daha bir birlik-AXH yaranıb, yenə də Azərbaycandakı ictimai-siyasi hadisələrə ciddi surətdə təsir edə biləcək kütləni bir araya gətirmək mümkün olmayıb. Həmin birliklərin müəyyən tərəfdarları var, amma böyük çoxluq hələ də gözləmə mövqeyindədir. Ona görə də biz yeni bir yol təklif edirik. Gözləmə mövqeyində olan vətəndaşların da müəyyən hissəsini bu yolla prosesə qoşmaq lazımdır. Şübhəsiz, bu, o demək deyil ki, bizim yaradacağımız blok qeyd olunan problemi köklü həll edəcək. Çox güman ki, bizdən sonra da müəyyən qədər elektorat qalacaq ki, onlar yenə də ictimai-siyasi proseslərə qoşulmayacaq və yeni bir təşəbbüsə ehtiyac olacaq. Vətəndaşların daha geniş kütlələrini öz talelərinin həlli prosesinə qoşmaq üçün onlara bir alternativ yollar  təklif etməliyik. Bunun da bir elmi əsası var. Cəmiyyət mürəkkəb sistemdir, mürəkkəb sistemlər yalnız alternativ inkişaf edə bilər. Totalitar cəmiyyətlərdə ancaq bir yol göstərilir. Amma demokratik cəmiyyətlərdə alternativ yollar olmalıdır. Xalq bu alternativlərin hansına üstünlük verəcəksə, xalqın tarixi də o istiqamətdə inkişaf eləməlidir. Məsələn, tutaq ki, Milli Şura küçə və meydan mübarizəsi ilə Azərbaycanda siyasi hakimiyyətin dəyişilməsi yolunu tutub. AXH təxminən Milli Şuranın fəaliyyətinə uyğun, ona xas bir yol tutub. Biz isə belə hesab edirik ki, Azərbaycanda dinc demokratik dəyişilmələr olmalıdır. Bu dəyişikliklərə nail olmaq yolu yalnız konfrontasiyadan yox, həm də konsolidasiyadan, konsensusdan keçir”.

 

musavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button