ADR üzvünün oğlu saxlanıb

Fevralın 10-da Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Gənclər Təşkilatının üzvü Əyyub Çələbiyə 30 sutka inzibati həbs cəzası verildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna Əyyub Çələbinin atası Xəyyam Çələbi danışıb

X.Çələbi ADR Partiyasının Səbail rayon təşkilatının sədridir.

Onun sözlərinə görə, oğlu Ə.Çələbi evdən çıxıb məhəllədəki dükandan çörək almaq istəyib, amma geri qayıtmayıb: “Qonşulardan öyrəndim ki, oğlumu evimizin həyətində üç nəfər mülki geyimli şəxs saxlayaraq aparıb. Müxtəlif polis bölmələrində olanda Əyyubun Bakı şəhər Baş Polis İdarəsinə aparıldığını bildim. Yalnız Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində mənə dedilər ki, Əyyubu saxlayıblar. Bölmədən söylədilər ki, arxayın olun, uşaq sağdır. O, cinayət işi ilə bağlı saxlanılmayıb”.

X.Çələbi bildirib ki, Əyyubun ürəyində qüsur olduğundan hərbi xidmətə də aparılmayıb.

“Oğlumun saxlanılması siyasi sifarişdir, çünki mənə görə saxlayıblar. Özüm də I qrup əliləm, Qarabağ müharibəsində əlil olmuşam, hər iki ayağım yoxdur. Bu səbəbdən mənə cəza verə bilmirlər. Təzyiq kimi oğlumu cəzalandırırlar. Ola bilər ki, oğlum da tənqidi nəsə paylaşıb. O yazdığı yazıları, hətta ondan sərt yazıları hər kəs yazır”, – X.Çələbi əlavə edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən də “Amerikanın Səsi”nə bildirib ki, Ə.Çələbini polis əməkdaşları saxlayıb. Onun məhkəmə qərarı ilə 30 sutka inzibati qaydada həbs edildiyi deyilir. Amma işin detallarını dəqiqləşdirmək mümkün olmayıb.

ADR sədri Qubad İbadoğlu 2023-cü il iyulun 24-də həbs edilib. O, Cinayət Məcəlləsinin 204.3.1 (… saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddələri ilə ittiham olunur.

Q.İbadoğlu ittihamları siyasi sayır. Hərçənd rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri qəbul etmirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button