“AER” yüzminlərlə insanın həyatı ilə oynamaqda davam edir!

II yazı

Bu şirkətin rəhbərliyi hələ də saxta dondurmaları ölkənin hər yerinə paylayır…

Qəzetimizin ötən sayında məlumat vermişdik ki, «AER» Dondurma Firması saxta və sağlamlığa ziyanlı onlan dondurmalar istehsal edir. Hətta konkret olaraq Səbail rayonu ərazisində bu şirkətin dondurmalarından zəhərlənənlərin də olduğu deyilirdi. Maraqlıdır ki, redaksiyamıza müraciət edən Oxucularımız həmin dondurmaların bir neçəsini bizə təqdim etdilər və bu dondurmaları konkret olaraq əyani sübut kimi saxlamamızı xahiş etdilər.

Ötən sayımızda AER-lə bağlı məqalə dərc edəndən sonra redaksiyamıza əlavə olaraq bu şirkətin məhsullarının satışı ilə bağlı kifayət qədər pozuntulardan bəhs edən faktlar daxil oldu. Maraqlıdır ki, «Xural»da dərc edilən məqalədən sonra Salyan və Neftçala rayonlarında bu şirkətin məhsulları satışdan çıxarılıb. Bundan sonra Bakının bir sıra mərkəzi rayonlarında da analoji fakt qeydə alınıb. Rayonlarda «AER»in dondurmalarının satışdan çıxarılmasına səbəb onların üzərində istehsal tarixi ilə istifadə müddətinin son tarixi haqda informasiyaların bilərəkdən təhrif olunması olub. Apardığımız araşdırmalar zamanı məlum olub ki, «AER» firması əslində istehsal tarixini göstərib, amma son istifadə tarixi dondurmaların əksəriyyətinin üzərində olmayıb. Lakin istehsalçının məhsulun üzərində yazdığı informasiyalardan belə başa düşülür ki, bu dondurmalar -20 dərəcədə 6 ay müddətinə saxlanıla bilər. Hansı ki, Dövlət Standartlaşdırma və Patent Agentliyinin tətbiq etdiyi normalara uyğun olaraq konservləşdirilməmiş süd və süd məhsulları ən yaxşı halda 90 gün və ya 3 ay saxlanıla bilər. Deməli, «AER» firmasının iyun ayının 10-da istehsal etdiyi və satışa verdiyi dondurmalar 2012-ci ilin yanvar ayına qədər satışda ola bilər. Deməli, dükanlarda yığılıb qalmış və satılmamış bu məhsulların da demək olar ki, əksəriyyəti insanların sağlamlığı üçün təhlükəlidir.

Maraqlıdır ki, bu gün ölkənin əksər rayonlarında məhz AER-in dondurmaları satışa çıxarılır. Bizi mövzu ilə bağlı bilgiləndirən mənbəmiz deyir ki, bu inhisarlaşma əslində hakimiyyətin ən yüksək qatında təmsil olunan oliqarx-məmurlardan birinin göstərişi ilə həyata keçirilir. «AER»in dondurmaları demək olar ki, çox ucuz qiymətə satışa çıxarılır. Qablaşdırılmış 100 qramlıq dondurma mağazada 20 qəpiyə satılır. Deməli, dondurma ən azı 16-17 qəpiyə mağaza sahibinə təklif olunur. Əgər yol xərclərini də bura daxil etsək, 2-3 qəpik də buradan çıxar. Dondurmanın qablaşdırılmasına da təxminən 5 qəpik sərf edilir. Yerdə qalan 10 qəpiyin də 2 qəpiyi istehsala sərf edilən kommunal ehtiyacların xərcidir. Konkret olaraq 3-4 qəpik isə tam olaraq süd məhsulunun əldə edilməsinə, onun dondurma olaraq istehsal edilməsinə yönəldilir. Və məntiqlə istehsalçıya bir qara qəpik də qazanc qalmır. O zaman «bəs şirkət, konkret olaraq «AER» bu dondurmanı istehsal edən zaman haradan qazanc əldə edir» deyə həmsöhbətimiz sual etdi.

Maraqlıdır ki, onun dediyinə görə, «AER» Rusiyadan Azərbaycana açıq şəkildə vaxtı keçmiş quru süd gətirir. Gətirilən quru süd də demək olar ki, çox ucuz başa gəlir. «Şirkət də   məhsulu məhz bu ucuz və keyfiyyətsiz quru süddən istehsal edərək gəlir əldə edir» deyə həmsöhbətimiz bildirdi.

Əlavə etdi ki, «AER»in istehsal müəssisələrində demək olar ki, laboratoriyalar yoxdur. Şirkət rəhbərliyi də bilərəkdən müəssisələrdə heç bir laboratoriya qoymayıb ki, nə özləri, nə də başqa təşkilatlar bu laboratoriyalarda yoxlama aparmasınlar.

Amma bu faktla bağlı artıq qərar verilib.

«Xural»ın birinci yazısından sonra əlaqədar dövlət qurumları «AER»in istehsal etdiyi keyfiyyətsiz məhsulları məcburi olaraq məhv etməsi barədə qərar veriblər. Yola saldığımız həftənin sonunda İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-Qərb ünvanında “S.A.B.A. şirkəti” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisədə istehsal edilən məhsulların keyfiyyət və təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi üçün müvafiq laboratoriyanın olmadığı və dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarıldığı, habelə məhsulların etiketində qida və enerji dəyərinin göstərilmədiyi müəyyən edilib.

Müəssisədə istehsal edilən hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Aşkar olunmuş qanun pozuntusu ilə əlaqədar dondurma istehsalı və yoxlama zamanı aşkar edilmiş 2,8 ton dondurmanın satışının dayandırılması, habelə müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış məhsulların geri yığılması barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “S.A.B.A. şirkəti” MMC-yə icrası məcburi göstəriş verilib. Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 21 ünvanında “AER” firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisədə istehsal edilən məhsulların keyfiyyət və təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi üçün müvafiq laboratoriyanın olmadığı və dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarıldığı da müəyyən edilib. Müəssisədə istehsal edilən hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Aşkar olunmuş qanun pozuntusu ilə əlaqədar, dondurma istehsalı və yoxlama zamanı aşkar edilmiş 4,6 ton dondurmanın satışının dayandırılması, habelə müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış məhsulların geri yığılması barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “AER” firmasına icrası məcburi göstəriş verilib.

Qeyd edək ki, ötən yazımızda da məlumat vermişdik ki, «AER»in prezidenti Azər Şükürov həbs edilənə qədər (2010) iki dəfə olmaqla İİN-nin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin qərarı ilə 70 tona yaxın keyfiyyətsiz dondurmanı Balaxanı qəsəbəsində məhv etdiyini rəsmiləşdirmiş, lakin realda qərarı icra etməmişdir. Bu məlumatı biz Baş Prokurorluğunun başlatdığı cinayət işindən götürmüşdük.

Amma «AER»lə bağlı bizə daxil olan faktlar arasında təkcə dondurma istehsalı deyil, həmçinin də Qaradağ rayonunda yerləşən «Gülbaxt» karxanası ilə bağlı kifayət qədər faktlar var. Bu mövzu ilə bağlı gələn saylarımızda da geniş məlumat verəcəyik. Və dəyərli Oxucular, diqqətli olun, dükanlardan dondurma alarkən onun ucuzluğuna deyil, «AER»in məhsulu olub-olmadığına daha çox diqqət edin.

 

Xural” qəzeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button