AFFA UEFA-ya müraciət edəcək
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Ermənistan-Xorvatiya oyunu ilə bağlı bəyanat verib.
Assosiasiya sentyabrın 11-də keçirilən oyunun 35-ci dəqiqəsində dron vasitəsilə Qarabağda separatçı rejimin bayrağının nümayiş etdirilməsini qınayır, Ermənistan Futbol Federasiyasından öz azarkeşlərini bu əməllərdən çəkindirmək məqsədilə tədbirlər görməsi tələb olunur.
Bəyanatda həmçinin bildirilir ki, AFFA futboldan siyasi alət kimi istifadə olunmasına yönələn bütün növ hərəkətlərə qarşı Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və digər üstqurumlara şikayətlərini çatdıracaq. Qurum UEFA-nın ədalətli şəkildə qərar qəbul edəcəyinə ümid edir.
Bəyanata, hələlik, Ermənistan Futbol Federasiyası və UEFA-nın münasibəti bəlli deyil.
Ermənistan-Xorvatiya oyunu 0-1 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb.
Bu qrupda Xorvatiyanın 4 oyundan 10, Ermənistanın isə 5 oyundan 7 xalı var. Türkiyə də 10, Uels isə 7 xal toplayıb. Latviya isə 5 oyunda heç bir xal toplamayıb.
Müasir mərhələdə Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Bu münaqişə Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında sülh sazişi bağlanmayıb.