Ağabəy Əsgərov büdcə pullarını hara xərcləyir?

«Azərbaycan» Nəşriyyatının təkcə ərazisi yox, inventarları da müəmmalı şəkildə talan edilirmiş…

III yazı

««Azərbaycan» Nəşriyyatı qızıl, çörək, dondurma sexlərini də bağladı». Bu məlumat qəzetimizin ötən saylarında dərc edilən yazılardan sonra rəsmən açıqlanıb. Ötən saylarımızda dövlət nəşriyyatının Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov tərəfindən talan edilməsi barədə yazımızdan sonra bu dövlət qurumunda sözün əsl mənasında dəyişikliklər baş verməkdədir. Ən çox da diqqətimizi çəkən məqam odur ki, bu binanın giriş qapısında mərhum prezident Heydər Əliyevin xatirəsinə qoyulan güşədə dəyişikliklər baş verib. Belə ki, burada hətta büstün üstündə yeni işıqlandırma sistemləri quraşdırılıb. Başqa bir dəyişiklik isə nəşriyyatda əlavə giriş-çıxış qapılarının bağlanılmasıdır. Birbaşa direktor Ağabəy Əsgərov göstəriş verib ki, arxa həyətə, daha dəqiq ifadə etsək, mətbəə və qanunsuz olaraq özəlləşdirilmiş Əli Həsənov üçün inşa edilən obyektlərə sarı gedən bütün yollar bağlansın. Buraya əlavə olaraq mühafizə polisləri də cəlb edilib. Maraqlıdır ki, «Azərbaycan» Nəşriyyatındakı qanunsuzluqları yazmaqla həll etmək əvəzinə, bu təşkilatın rəhbərliyi çatışmazlıqların üstünü örtməklə jurnalistlərdən gizlətməyə cəhd göstərir.

Ağabəy özünü padşah kimi aparır…

Son günlər nəşriyyatda demək olar ki, liftlər işləmir. Yalnız müstəsna hallarda Ağabəy Əsgərovun işə gəlib-getdiyi saatlarda liftlərdən biri işlədilir. Jurnalistlər isə bu çoxmərətəbəli binanın üst qatlarına pilləkənlər vasitəsilə çıxmaq məcburiyyətində qalırlar. Bir neçə gün əvvəl isə lift problemi ilə bağlı nəşriyyatda insident baş verib. Bildirilir ki, A.Əsgərov isə gələn zaman lift işləməyə başlayıb. Mühafizə polisi direktoru müşayiət edərək liftə qədər gətirib. Liftə tək daxil olan direktora bu dəfə yaşlı bir jurnalist mane olub. Pilləkənləri 9-cu mərtəbəyə qalxmaq üçün çıxa bilməyəcəyini deyən bu xanıma mühafizə polisi liftə daxil olmağa imkan verməyib. Bu zaman həmin qocaman jurnalist Ağabəy Əsgərovun ünvanına çox sərt ifadələr işlədib. Hətta onu jurnalistikaya aidiyyatı olmayan adam kimi də xarakterizə edib.

Ağabəy özünü prezident kimi aparır…

Ağabəy Əsgərovun işə gəldiyi başqa bir vaxt isə yenə də mühafizə polislərinin jurnalistlərlə kobud davrandığından başqa bir insident də baş verib. Bu insidentin yaranmasına səbəb qızmar havada 10 dəqiqəyə yaxın adamların qapının ağzında saxlanılması olub. İşə gələn jurnalistlərə girişdə görünməmək, içəri girməmək və çölə çıxmamaqla bağlı mühafizə polisi qadağa qoyub. 10-15 dəqiqə qapının ağzında dayanan jurnalistlər etiraz ediblər və bu zaman polislərdən biri işə gələn jurnalistlərə qarşı kobud davranıb. Hətta bizə verilən məlumata görə, bundan sonra direktor insidentin şahidi olsa da, heç bir reaksiya verməyib.

«Azərbaycan» Nəşriyyatı ilə bağlı daxil olan başqa bir məlumata görə, artıq burada kağız satışı ilə bağlı bütün pul əməliyyatları nəğdsiz həyata keçirilməyə başlayıb. Son zamanlar nəşriyyata dövlət vəsaiti hesabına verilən kağızın satışı və qalıq göstəricilərinin Maliyyə Nazirliyi tərəfindən istənildiyi söylənilir. Məlumatlara əsasən, Maliyyə Nazirliyinin büdcə idarəsinin rəhbəri Fazil Fərəcovun imzasıyla Ağabəy Əsgərova bu barədə rəsmi məktub da göndərilib. Məktubda ilin ilk 6 ayı ilə bağlı büdcə vəsaitlərinin təyinatı və istifadə edilməsi vəziyyəti barədə sorğuların cavıablandırılması tələb edilir. Maraqlıdır ki, bundan sonra da əksər gündəlik qəzetlərə kağız satışının və çap xərcləri ilə eyniləşdirildiyi və bir təsərrüfatda birləşdirildiyi barədə xəbərdarlıq edilib. Qeyd edək ki, indiyə qədər «Azərbaycan» Nəşriyyatında kağız satışı ilə çap xərcləri fərqli adamlar və strukturlar tərəfindən həyata keçirilirdi.

«Kağız Allahverdi» Ağabəy Əsgərova qarşı…

Kağız satışına direktorun müavini Allahverdi Məmmədov başçılıq edirdi. Çap işləri isə birbaşa direktorun nəzarətində idi. Ötən saylarımızda məlumat vermişdik ki, Allahverdi Məmmədov kağız biznesini idarə etməklə əslində, bu məsələdə həm də direktora təzyiq etməyə başlayıb. Lakin maraqlıdır ki, artıq Ağabəy Əsgərov Maliyyə Nazirliyinin məlum yoxlamalarından sonra kağız satışını da öz nəzarətinə almaq qərarı verib. Bundan başqa, əlavə edək ki, bu günə qədər kağız satışı ilə bağlı ödəmələr demək olar ki, formal qaydada həyata keçirilirdi. Yəni kağızın alışına görə ödənilən pulların müqabilində verilən çeklər kifayət qədər az olurdu. Bu da dövlət hesabına alınan kağızdan böyük həcmdə pulların əldə edilməsi ilə bağlı ciddi faktların ortaya çıxması demək idi. Maraqlıdır ki, məhz Maliyyə Nazirliyi bu məqamla bağlı sorğulara cavab istəyir.

«Azərbaycan» Nəşriyyatının təkcə ərazisi deyil, eyni zamanda inventarları da müəmmalı şəkildə yoxa çıxır. Aldığımız məlumatlara görə, Prezident Administrasiyasının İşlər İdarəsinin tabeçiliyində olan və «Azərbaycan» Nəşriyyatına verilmiş iki ədəd UAZ markalı avtomaşın profili üzrə istifadə edilmir. Bir ədəd «KamAZ» markalı yük maşını da nəşriyyatın işlərində deyil, şəxsi icarədə istismar olunur. Həmçinin 2008-ci ildə «Azərbaycan» Nəşriyyatı üçün «Hyundai» avtomobillərinin Bakı nümayəndəliyindən dövlət sifarişi ilə alınan avtomobillər də nəşriyyatın xidmətində deyil. Bundan başqa, bizə çatan məlumatlara görə, 2010-2011-ci illərdə Prezident Administrasiyasının İşlər İdarəsinin tabeçiliyində olan nəşriyyata lift təmiri, kanalizasiya sistemlərinin bərpası üçün də kifayət qədər böyük həcmdə büdcə vəsaitləri ayrılıb. Lakin bu vəsaitlərin təyinatı üzrə xərclənmədiyi göz qabağındadır. Nəşriyyatın liftlərinin acınacaqlı halda olduğu, kanalizasiya sanitar qovşaqların da dözülməz vəziyyəti bizə bu büdcə vəsaitlərinin talan edildiyini deməyə az əsas vermir. Bizə daxil olan məlumatlara görə, əslində bu məsələdə Əli Həsənovla Ağabəy Əsgərov arasında anlaşma da olub. PA rəsmisi ona istədiyi qədər inventarları və ayrılan illik büdcə pullarını istifadə etməyi, qarşılığında isə nəşriyyatın ərazisində şadlıq evi, «Kaspi» mətbəəsi tikməyi təklif edib. Elə 5 ildir ki, bu razılaşma əsasında da nəşriyyat talan edilir.

«X» Analitik Qrupu

Xural” qəzeti,

İl: 9, sayı: 029 (437),31 iyul-06 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button