Ağalar Bayramov biganələrə səsləndi: “Qərbi qınamıram!”

ağalar bayramov

Bisəbəb qorxmayıram, vəchi var,
Neyləyim bu yox olmuşların
Fikrini qan-qan görürəm, qorxuram, qorxuram, qorxuram” ( M.Ə.Sabir)

” Özgələrdən bizə xətər toxunmaz,
Eyləməsək özümüzə özümüz.” ( Aşıq Alı)

” Dağ Aranda, Aran dağda olan yerdə,
Yurddaş adlı yurd dağıdan olan yerdə,
Baş gödəndən aşağıda olan yerdə,
Bu millətin dərdi-səri min şaxəli….” ( M.Araz)

…Xəbərləri, gündəlik analitik fikrləri oxuyuram: “Qərb müsəlman dünyasına ikili standartlarla yanaşır…”, “Parisdəki terrora başqa cür, Pakistandakı, Türkiyədəki terrora isə fərqli münasibət göstərildi…”
Soruşuram, böyük dövlətlərin əlində alətə çevrilib öz din qardaşının başını kəsən bəyəm xristiandır? 7 illik hakimiyyəti dövründə Taliban Əfqanıstanı daş dövrünə qaytardı. Bunu edən xristian idimi? Bilin, Qərb birdəfəlik bizlərdən üz döndərib, ona görə ki, görür öyüd-nəsihətlə bizə demokratiya sırımaq olmaz. Demokratiya hara, biz hara… Qərb görür ki, biz İslam dinindən yalnız alver kimi istifadə edirik, ipə-imliğə gəlmirik… Qərb görür ki, bizdə hər şey görüntü xatirinədir… Qərb görür ki, sözümüzlə əməlimiz tərs-mütənasibdir… Qərb görmür ki, yalnız müsəlman ölkələrində otuz illərlə hakimiyyətdən əl çəkmirlər..? Qərb görmür ki, var-dövlət hərisliyi yalnız müsəlmana məxsusdur? Qərb görmür ki, rektor, nazir, deputat, icra başçısı 21-ci əsrdə (!) falçıların, cadugərlərin yanında lövbər salıblar? Qərb görmür ki, müsəlmanın nəfsi qılıncdan itidir? Qərb görmür ki, biz oxumamaqdan ötrü pul veririk? Bilirlər, ona görə də bizləri buraxıblar səfalət dumanında boğulmağa, hər gün qan-qada, hər gün fəlakət… Özü-özünə hörmət qoymayana başqası hörmət qoymaz… Bax, bunun nəticəsisdir ki, bizdəki terrorla özlərində törədilən terrora fərqli münasibət bəsləyirlər.
Odur ki, müsəlmanın faciəsinə biganə yanaşan Qərbi qınamıram! Allah sənə rəhmət eləsin Sabir…

Ağalar Bayramov

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button