Ağalarovun Putinə çatdırdığı məktubu xüsusi prokuror araşdırır

ABŞ-da Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsini və Donald Trampın komandasının Moskva ilə gizli əlaqələrini araşdıran xüsusi prokuror Robert Müllerin komandası azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovun Putinə çatdırdığı məktubu araşdırır. Virtualaz.org xəbər verir ki,  bu barədə “The Washington Post” sənədlə tanış olan bir neçə mənbəyə istinadla yazır. Həmin məktub Tramp tərəfindən 2013-cü ildə göndərilmişdi.

Qəzet qeyd edir ki, bu Trampın Rusiya prezidenti ilə birbaşa əlaqə qurmağa yönəlmiş ilk cəhdi olub. Həmin məktubda Tramp Putini Moskvada keçiriləcək “Dünya gözəli” yarışmasına dəvət edirdi. Ağalarov isə həmin yarışmanın təşkilatçısı idi. Həmin məktubun məzmunu barədə məlumat verilmir. Amma məlumdur ki, o vaxt Tramp Tvitter-də belə yazmışdı: “Necə düşünürsünüz, Putin Moskvada keçiriləcək “Kainat gözəli” müsabiqəsinə gələcək? Əgər gəlsə o mənim ən yaxşı dostum olacaq”.

Bildirilir ki, Putin əvvəlcə dəvəti qəbul edib, amma son anda yarışmaya qatılmayıb və Trampa “dost məktubu” göndərib. Trampın vəkili isə qəzetin informasiyasını “absurd” adlandırıb, bildirib ki, həmin məktubun məzmunu ilə tanış deyil.

Bundan əvvəl xüsusi prokuror Robert Müllerin 2017-ci ilin yanvarında, Trampın səlahiyyətlərinin icrasına başlaması ərəfəsində Seyşel adalarında onun nümayəndəsinin Kremlə yaxın nüfuzlu şəxslə gizli görüşünü araşdırdığını yazmışdı. Həmin görüşdə Trampın komandası ilə Rusiya arasında gizli əlaqə kanalının qurulması müzakirə olunub.

Bu arada Ağ evdəki mənbələr bildirir ki, Tramp Müllerlə əməkdaşlıq etməyə və onun suallarına cavab verməyə  hazırdır. Bir şərtlə ki, xüsusi prokuror Rusiya təhqiqatını tez yekunlaşdırsın.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button