Ağdamın qumarbaz başçısı

“Xural”ın Nizami Sadıqov haqqında yazdıqları təsdiqlənir…

İcra başçısı təyin olunduğu haqda sərəncamı qumar masasının arxasında öyrənən Ağdamın icra başçısı 50.000 manat uduzub…

Məmur adına rüsvayçı hərəkət

“Yeni Müsavat” qəzetinin yazdığına görə, Ağdamın icra başçısı Nizami Sadıqovun başı yenə dərddədir. Bir müddət əvvəl kürəkəni Elnur Məmmədovu oğlu Rəşad Sadıqova və başqalarına ölümcül döydürtdürən icra başçısı bu dəfə də qumarda uduzub. Qaynağımız deyir ki, N.Sadıqov azartlı oyunlara, kartla qumar oynamağa xüsusi həvəs göstərən vəzifə sahiblərindəndir. Bir neçə gün əvvəl o, “QAİ Şahin” ləqəbi ilə tanınan birisinə külli miqdarda pul uduzub. Bu məbləğ nə az, nə çox – düz 50 min manatdır.

N.Sadıqovun qumara xüsusi meyl göstərdiyini onun qudası, döydürdüyü kürəkəni Elnurun atası Vidadi Məmmədov açıqlamasında da demişdi. V.Məmmədov bildirmişdi ki, ötən il dekabrın 31-də həyat yoldaşını, kürəkənini və qızını qudası Nizami Sadıqovun evinə göndərib ki, gəlinini nəvəsi ilə birlikdə evə gətirsin: “Nizami Sadıqov da evdə həmin vaxt qumar oynayırmış. Bilirsiniz ki, o, məşhur qumarbazdır. Oğlu Rəşad evdən çıxaraq həyat yoldaşımın üstünə hücum çəkib, deyib ki, atamın göstərişi var, hələ mən Elnurla haqq-hesab çəkəcəyəm. Rəşad deyib ki, mənim atam (Nizami Sadıqov nəzərdə tutulur – Red.) nə deyirsə, qanundur. Sadıqov əvvəllər türmədə işləyib. İstəyib ki, mənim oğlumla da türmə qanunları ilə davransın”.

N.Sadıqovun başı qumara qarışdığı vaxtda Ağdamın Qərvənd kənd sakini, 9 yaşlı Fariz Bədəlovu erməni snayperi amansızcasına qətlə yetirib. Bu olayla bağlı dövlət rəhbərliyi səviyyəsində Ağdamın icra başçısına azyaşlının ailəsinə maddi və mənəvi dəstək verilməsi tapşırılıb. Nizami Sadıqov isə mərhumun ailəsinə bir neçə dəfə baş çəkib mənəvi dayaq olsa da, maddi yardım məsələsini hər dəfə “unudub”.

Deputat Qənirə Paşayeva və ombudsman Elmira Süleymanova mərhumun ailəsinə baş çəkib, yas mərasimini yola vermək üçün maddi köməklik göstəriblər.

Bundan sonra qumarda 50 min manat uduzan icra başçısı da ailəyə baş çəkib və cəmi 500 manat verməklə işini bitmiş hesab edib. Mərhumun ailəsinə baş çəkənlər sırasında rayondan seçilmiş deputatlardan heç biri də gözə dəyməyib.

Qeyd edək ki, Nizami Sadıqov 2009-cu ilin payızında Ağdam rayonuna icra başçısı təyin olunub. Buna kimi isə o, Dəvəçinin polis rəisi vəzifəsində çalışıb. Polisdə işlədiyi dövrdə də azartlı oyunlara meylli rəis kimi ad çıxarıb.

Xüsusi qeyd yetməkdə yarar var ki, «Xural» qəzeti olaraq dəfələrlə bu haqda yazmışıq. Biz Ağdamın icra başçısının hansısa «QAİ Şahin»ə 50 min manat uduzub-uduzmadığını dəqiq deyə bilmərik. Amma «Yeni Müsavat»çı həmkarlarımızın qumar oyunları haqqında yazdıqlarına yüzdə yüz qatılırıq. Çünki Nizami Sadıqovun qumarbaz olduğunu ilk dəfə ölkə ictimaiyyətinə açıqlayan bizik. Bizdə olan informasiyalara görə, hətta Nizami Sadıqov Ağdama başçı təyinatı haqqında prezident fərmanını qumar masasının arxasında öyrənib. Təsəvvür edin ki, hətta bu belə icra başçısının tövrünü dəyişdirməyib, oyununa davam edib. Bizim aylar əvvəl yazdıqlarımızı onun yaxınları da indi təsdiqləyir. Maraqlıdır ki, adi bir qumarbaza ölkənin ən kritik bölgələrindən birini tapşırmaq da olacaq şey deyil. Hər halda güman edirik ki, yaxın günlərdə yeni prezident sərəncamlarının şahidi olacağıq…

Olmalıyıq!..

“Xural” qəzeti
il: 9, sayı: 012(420), 27 mart-02 aprel 2011-ci il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button