Ağsaqqal ehtiyacı!

Heydər Oğuz

Serj Sarkisyanı danışdıran nədir?!

Ermənistan prezideniti Sarkisyanın “Bizim nəsil Qarabağı almağa nail oldu, Ağrıdağını almaq isə gələcək nəsillərin işidir” deməsi istər-istəməz cəmiyyətimizdə əsəb gərginliyi ilə qarşılandı. Hər kəs əsib-coşdu, ermənilərin arxasınca nə var dedi və sonra hər zamankı halına geri qayıtdı. Amma bir Allah bəndəsi çıxıb demədi ki, balam, nə olar adam erməni olanda, Qarabağı almayıblarmı? Nə olsun ki, biz bunu qəbul etmirik. Axı torpağımızın 20 faizi faktiki işğal altındadır. Bircə məsələni bizə hüquqi cəhətdən qəbul etdirmələri qalıb ki, erməni diplomatiyası hər keçən gün buna addım-addım yaxlnlaşır. Artıq Qarabağla bağlı müzakirələrdə üzərində durulan mövzu bu torpaqların kimə aid olub-olmaması deyil, Qarabağın hüquqi cəhətdən ermənilərin nəzarətinə keçməsinə zəmin hazırlayacaq referendumun vaxtını müəyyənləşdirməkdir. Azərbaycan istərsə bundan boyun qaçırsın. Beynəlxalq ictimaiyyət tərəfindən sülh danışıqlarına yanaşmayan sübyekt kimi qınanacaq və ölkəmizdə nəinki etnik azlıqların, hətta milli çoxluğun belə azad və firavan yaşaması üçün münbit demokratik şəraitin olmaması nəzərə alınaraq ermənilərin Qarabağda öz müqəddəratını təyin etmək hüququ tanınacaq. Ölkəmizin bu vəziyyətdən sonra Qarabağa edəcəyi istənilən hərbi müdaxiləyə beynəlxalq qurumların verəcəyi cavab Serbiya örnəyi nəzərə alınaraq müəyyənləşdiriləcək. Biz özümüzü ha öldürsək ki, Qarabağ Azərbaycan torpağıdır və beynəlxalq hüquqa görə dövlətlərin torpaq bütövlüyü haqqı xalqların öz müqəddəratını təyin etmək hüququndan öndə gəlir, xeyri olmayacaq. Çünkü bu normalar güclü dövlətlər üçün nəzərdə tutulub və bizim kimi ölkələr üçün hər an əsaslı bəhanələr tapmaq mümkündür. Ən gözəl bəhanə isə, elə beynəlxalq qurum və dövlətlər tərəfindən dəstəklənərək ayaqda qalan rejimlərin mahiyyətidir.

Əslində, Qarabağ probleminin dalana dirənməsinin əsası məsələnin beynəlmiləlləşdirilməsiylə qoyulub. Biz problemi daxili imkanlarımızı səfərbər edərək çözmək əvəzinə, onu beynəlxalq ictimaiyyətin müzakirəsinə vermişik. Özbəöz Azərbaycan torpağının taleyini həll etməyi “ATƏT-in Minsk Qrupu” adlanan bir quruma həvalə etmişik. Və bununla da indiki reallığa şərait yaratmışıq. Halbuki həmin Minsk qrupuna rəhbərlik edənlərin mövqeyi əvvəlcədən bəlli idi. Qrup üzvlərindən biri Rusiya idi ki, bu problemi regionda öz strateji maraqlarını təmin etmək məqsədiylə süni şəkildə yaratmışdı. Digəri erməni yandaşlığıyla seçilən Fransaydı. Bir başqası isə rəhbərləri hər il qondarma soyqırım yalanını gündəmə gətirərək, qardaş Türkiyəyə siyasi basqılar edən və bununla da öz ərazilərində yaşayan erməni əsilli vətəndaşların səsini almaq yarışına girən ABŞ-dı. Bu cür birtərəfli mövqeyə malik qurumdan Azərbaycanın lehinə qərar çıxacağını ən sadəlövh insan belə gözləyə bilməzdi. Di gəl ki, həmin siyasətin əsası rəsmi təbliğatın diliylə desək, planetimizin ən dahi rəhbəri, dünya idarəçilərinə siyasət dərsi öyrədən ümummilli lider tərəfindən qoyulurdu.

Təbii ki, bizim dahi rəhbərimizin bu addımı atarkən əsaslandığı arqumentləri də vardı. İlk arqument bundan ibarət idi ki, Azərbaycan ordusu Rusiya tərəfindən dəstəklənən ermənilərə qarşı vuruşmaq əzmində deyil. Sözsüz ki, bu fikirdə müəyyən həqiqət payı vardı. Fəqət onda “Problemin həllinin erməni dəstəkçisi olan Rusiyanın yer aldığı quruma həvalə olunması hansı zərurətdən doğurdu”- sualına cavab tapmaq çətindir. Əgər bu məsələdə Rusiyanı hansısa yolla zərərsizləşdirə biləcəklərinə inanırdılarsa, bunun atəşkəsə getmədən əldə olunması daha effektli və operativ təsir gücünə malik olardı. Üstəlik, bu variantda əzəli iki düşmən olan Rusiya və Amerika arasındaki rəqabətin gətirəcəyi çözümsüzlük ehtimalından yayınmaq asanlaşa bilərdi. Məsələnin ATƏT-in Minsk qrupuna həvalə edilməsi isə vəziyyəti bizim əleyhimizə qəlizləşdirir, onu tamamilə ermənilərin xeyrinə yönəldirdi.

Rəsmi Bakının əsaslandığı ikinci arqument isə neft strategiyasıyla əlaqədardır. Bu arqumentə görə, guya təbii sərvətlərimizin xarici dövlətlərə axıdılmasının müqabilində dünya siyasətini müəyyənləşdirən transmilli şirkətlərin saqqızı oğurlanacaq və guya onlar öz iqtisadi maraqları naminə bizim haq işimizə dəstək verəcəkdilər. Yəni Azərbaycan neftdən silah kimi istifadə edəcəkdi. Rəsmi Bakının siyasi səbatsızlıqdanmı, yoxsa bilərəkmi unutduğu dünya təcrübələri isə bunun tam əksini deyirdi. Əgər strateji sərvətlə dünya siyasətinə təsir etmək mümkün olsaydı, nefti bizimkindən müqayisəedilməz dərəcədə çox olan ərəblərin ən böyük probleminə çevrilmiş İsrail məsələsi bu günlərə gəlib çatmazdı. Halbuki sözügedən ölkələrdəki vəziyyətə baxanda rahatlıqla görə bilərik ki, bu dövlətlər öz təbii sərvətlərindən nəinki silah kimi istifadə etmək iqtidarında deyillər, əksinə, özləri aparılan iqtisadi siyasətin quluna çevriliblər.

Rəsmi Bakının atəşkəsin vacibliyini əsaslandırmağa çalışdığı arqumentlərdən biri də ordu quruculuğu ilə əlaqədardı. Bu arqumentə görə, Azərbaycan neftdən əldə etdiyi pullar hesabına ordusunu gücləndirəcək, nəticədə hətta müharibə etmədən belə ermənilər bizim hərbi qüdrətimizdən qorxuya düşüb işğal etdikləri əraziləri buraxıb qaçacaqdılar. Bu məntiqdən çıxış edən ölkə rəhbərləri son illər ərzində hərbi strukturlara kifayət qədər pul ayırdı. Rəsmi informasiyalara görə, yalnız müdafiə nazirliyinə ayrılan vəsait Ermənistanın dövlət büdcəsindən belə çoxdur. Fəqət ermənilər nəinki bizim bu qüdrətimizdən çəkinmədi, əksinə, milli ləyaqətimizi alçaldan çıxışların sayını artırdı. Görünür, onlar ya qüdrətimizin həqiqət olduğuna inanmırlar, ya da rəsmi Bakının müharibəyə başlamağa cəsarətinin çatmayacağını düşünürlər. Onları bu cür düşünməyə həvəsləndirən amillər az deyil. Tez-tez orduda baş verən cinayət hadisələri, əsgərlərin hələ sülh şəraitində öz silahdaşlarına açdığı atəşlər, milli ordumuzun yüksək çinli komandirlərinin qeyri-milli qüvvələrdən təşkil olunması haqda yayılan informasiyalar istər-istəməz düşməni sevindirən faktlardandır. Bir ordunun ki ən yüksək postunda oturmuş generalına bizimlə problemi olan qüvvələr tərəfindən “Milli qəhrəman” adı verilir və həmin general hələ də vəzifəsində saxlanılır, onun hansı ürküdücü gücündən danışmaq mümkündür? Bir ordunun ki, zabit zülmünə məruz qalmış əsgəri ya qaçıb ən əzazil düşmənə sığınırsa, ya da əlinə silah alan kimi onu öz komandirinə tuşlayırsa, onun büdcəsi regionun deyil, planetin ən varlı büdcəsi olsa, nə əhəmiyyəti var?!

Bu yazını yazarkən yerli telekanallar Türkiyənin baş naziri ilə Azərbaycan prezidentinin birgə keçirdiyi mətbuat konfransı barədə xəbər yayınlayırdı. Ölkə başçımız öz ənənəvi mövqeyinə sadiq qalaraq üzünü Ermənistana tutub Qarabağın mütləq bizim olacağını bəyan edirdi. Onun fikrinə görə, bu, ya sülhlə, ya da hərblə olacaq. Amma mütləq olacaq. Bu gün olmasa belə nə vaxtsa…

Amma bəs nə vaxt? Axı, əhali baxımından biz ermənilərdən dəfələrlə çoxuq. İqtisadi gücümüz də onlarla müqayisə oluna bilməyəcək səviyyədədir. Ordumuzun təkcə büdcəsi belə Ermənistanın özü qədərdir. Üstəlik, onlardan istədiyimiz sənədli-sübutlu dədə-baba torpağımızdır. Hələ başbilənlərimiz isə, göz dəyməsin, dünyaya siyasətdən dərs deyir. Bütün bu göstəricilərimizə rəğmən, torpaqlarının 20%-i işğal olunan da bizik.

Belə qeyri-adi təzadın yaranmasına səbəb nədir? Bu suallara cavab axtararkən Osmanlı padşahlarından biri haqqında deyilən bir rəvayət yada düşür…

 

Osmanlı rəvayəti…

Nəql edirlər ki, Balkanları işğal edən Osmanlı sultanı döyüşlərdən birində düşmən cəsədlərindən keçilməz meydanı seyr edərək vəzirindən soruşur:

– Baxıram bu yazıqların cəsədinə, hamısı bığ yeri təzə tərləyən cavan oğlanlardır. Görəsən, bu ölkədə saçı saqqalı ağarmış heç kim yox idi, yoxsa cavanları qabağa verib özləri gizləniblər?

Vəzir gülərək cavab verir:

–        Sultan sağ olsun, heç ağsaqqalları olsaydı, bu günə düşərdilər?

 

Görünür, bizdə də çatışmayan elə əsl ağsaqqalımızın olmayışıdır…

Xural” qəzeti,

İl: 9, sayı: 029 (437),31 iyul-06 avqust 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button