“Ağzımı açdırmasınlar. Mən danışsam, həmin təhqirləri yağdıranlar çox peşman olacaqlar”

12.10.2012

Sabiq YAP-çı deputat Gülər Əhmədova sosial şəbəkədə özü ilə bağlı son hadisələrə münasibət bildirib. Gülər Əhmədovanın münasibətini olduğu kimi təqdim edirik: “Mən 2 gün bundan öncə yaydığım rəsmi bəyanatda bildirmişdim ki, istintaqın gedişatına kömək etmək məqsədilə öz deputat mandatımdan imtina etdim. Istintaqda ifadəmi verdim. Bundan sonra KIV və ictimaiyyətə heç bir açıqlama verməmək barədə vəd verdim.
Ancaq daha sonrakı müşahidələrim göstərdi ki, bəzi həmkarlarım mənim barəmdə təhqir, şər və iftira yağdırmağa başladılar. Hər gün bu təhqirlər mənə ünvanlanmağa başladı. Bununla həmin insanlar istintaqın gedişatına mane olur, istintaqın istiqamətini yanlış yönə çevirməyə çalışırlar. Mən barəmdə səslənən təhqirlərə dözmək fikrində deyiləm və həmin insanlara üzümü tutub deyirəm ki, mənim ağzımı açdırmasınlar. Mən danışsam, həmin təhqirləri yağdıran insanlar çox peşman olacaqlar.
Sonda Cənab Prezidentə müraciət edirəm ki, Sizin nəzarətinizdə olan istintaq prosesi bitməmiş, Sizin sədr olduğunuz partiyanın üzvləri mənim barəmdə təhqir dolu açıqlamalar səsləndirir. Və məni doğma partiyamdan xaric etməklə hədələyirlər. Mən artıq millət vəkili deyiləm. Bir qadın və ana olaraq, məni və ailəmi bu mənəvi və fiziki repressiyalardan qorumağınızı sizdən rica edirəm.
Hörmətlə, Gülər Əhmədova”.

Mübariz Qurbanlı Gülər Əhmədovanı parazit adlandırdı

YAP-ın Siyasi Şurasının üzvü, deputat Mübariz Qurbanlı isə “modern.az”a açıqlamasında Gülər Əhmədovanın dediklərini qəbul etməyərək ona qarşı hər hansı təhqidə yol verilmədiyini bildirib. “Yeni Azərbaycan Partiyası üzvlərinin Gülər Əhmədova haqqında səsləndirdikləri fikirlərdə hər hansı təhqiramiz fikilər olmayıb. Sadəcə Gülər Əhmədovanın hərəkətinə və fəaliyyətinə qiymət verib tənqid ediblər. Tənqidlərdə deputatın satqınlığı ilə bağlı fikirlərə rast gəlməmişəm. Sadəcə YAP üzvləri onun haqda tənqidi fikirlərini bildiriblər”, – deyə Mübariz Qurbanlı əlavə edib.
Lakin YAP rəsmisi “Obyektiv TV”yə müsahibəsində Gülər Əhmədovanı təhqir edib: “YAP-ın icraçı katibi Əli Əhmədov baş verənlərə və partiya nümayəndəsinin parlamentdə ləyaqətsiz hərəkətlərinə obyektiv qiymət verib və bununla da məsələyə nöqtə qoyulub. Hər nöqteyi-nəzərdən imkanları olan Azərbaycan yetişmiş almaya bənzəyir ki, ona mütləq qurd düşər. Bir parazit üzündən meyvəni atmayacağıq ki”.

Gülər Əhmədovanın əri işdən çıxdı

Bu arada məlumat yayılıb ki, Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov AzTV-dəki işindən çıxarılıb. AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım “modern.az”a bildirib ki,  dövlət televiziyasında reklam şöbəsinin müdiri olmuş F.Əhmədovun işdən gedişi könüllü olub. “Fikrət Əhmədovun AzTV-dən ayrılması onun öz istəyi ilə həyata keçib. Telekanal rəhbərliyi onu işdən uzaqlaşdırmayıb. Sadəcə, Fikrət Əhmədov bu yaxınlarda özü rəhbərliyə ərizə ilə müraciət edərək, işdən çıxmaq istədiyini bildirib. Səbəbini də bilmirik. Onun hazırda nə işlə məşğul olması barəsində heç bir məlumat yoxdur”,- deyə Xatirə Qasım qeyd edib.
Fikrət Əhmədov 1995-ci ildən AzTV telekanalında reklam şöbəsinin müdiri kimi çalışıb. Modern.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Fikrət Əhmədov ağır xəstəlikdən əziyyət çəkdiyi üçün bir müddət öncə əməliyyat olunub və buna görə də işdən ayrılıb.
Gülər Əhmədovanın oğlanlarına çağırış vərəqəsi göndərilibmi?
Dünən həmçinin məlumat yayılıb ki, Gülər Əhmədovanın oğlanları hərbi xidmətə çağırılıb. Məlumatda bildirilir ki, sabiq deputatın oğlanları 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov və 1989-cu il təvəllüdlü Əkbər Fikrət oğlu Əhmədov hərbi xidmətdən yayınıbmışlar.
Lakin xəbər təsdiqlənməyib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon Idarəsindən “modern.az”a verilən məlumata görə, adı çəkilən şəxslərə çağırış vərəqəsi göndərilməyib. “Çünki onlar hələ ali təhsillərini bitirməyiblər”, – deyə idarədən bildirilib.

Gülər Əhmədova qaçmaq istəyib?

Gülər Əhmədova barəsində yayılan xəbərlərdən biri də onun Azərbaycandan qaçmağa cəhd etməsi barədədir. Bu xəbəri “AzəeriNews.org” saytı yayıb. Məlumatda deyilir ki, G. Əhmədova oktyabrın 10-u gecə saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Sabiq deputat hava limanında otaqlardan birinə aparılaraq sorğu-suala tutulub. Gülər Əhmədova vəziyyətdən çıxmaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına hava limanında yaxın qohumunu qarşılamağa gəldiyini bildirib. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Gülər Əhmədovanı avtomobilə əyləşdirərək öz evinə aparıblar.

Siyavuş Novruzovun Gülər Əhmədova barədə yalanı

YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov növbəti dəfə “Gülər Əhmədova olayı”na münasibət bildirib. Siyavuş Novruzov “Bizim Yol” qəzetinə müsahibəsində G.Əhmədovanın Elşad Abdullayevlə yüksək vəzifəlilər arasında vasitəçi olması barədə fikirləri təkzib edib: “Qəti şəkildə bu belə deyil. Gülər Əhmədova sadəcə bu prosesdə öz maraqlarını müdafiə edib. Mən bir faktı xatırlatmaq istərdim. YAP son parlament seçkilərində Gülər Əhmədovanın namizədliyinin irəli sürülməsində tərəddüd edirdi. Müəyyən müzakirələr aparılırdı ki, onun namizədliyi irəli sürülərsə, ictimai dəstək necə olacaq. Hətta onun dairəsi bir dəfə dəyişdirildi. Yəni onun özünün deputatlığı sual altında idi. Özünün namizədliyi barədə tərəddüdlər olan adam başqasına necə mandat ala bilər”.
Göründüyü kimi, Siyavuş Novruzov YAP-ın son parlament seçkilərində Gülər Əhmədovanın namizədliyini irəli sürməyə tərəddüd göstərdiyini iddia edib. Bununla YAP rəsmisi növbəti dəfə yalan danışıb. Məsələ burasındadır ki, Gülər Əhmədovanın namizəd olduğu dairənin dəyişdirilməsi YAP-ın onun namizədliyi ilə bağlı tərəddüdlərindən irəli gəlmirdi. YAP Gülər Əhmədovanın namizədliyini 15 saylı Yasamal seçki dairəsindən irəli sürmüşdü. Sonradan Müsavat başqanı Isa Qəmbərin də həmin dairədən namizədliyini irəli sürəcəyi bəlli olanda YAP Gülər Əhmədovanın dairəsini dəyişdi. Çünki YAP-ın namizədi Isa Qəmbərlə rəqabət aparcaq gücdə deyildi. Gülər Əhmədovanın özü də bunun fərqində idi və dairəsinin dəyişdirilməsini istəyirdi. YAP isə bu addımı atmaqla Gülər Əhmədovaya kömək etmiş oldu. Əgər YAP-ın Gülər Əhmədovanın namizədliyi ilə bağlı tərəddüdləri var idisə, nədən ona yardım edirdi? Siyavuş Novruzov indi belə danışa bilər. Lakin fakt ondan ibarətdir ki, Gülər Əhmədova YAP-ın tanınmış simalarından olub və hakim partiyada heç zaman onun barəsində hər hansı tərəddüd ola bilməzdi. Sadəcə indi Gülər Əhmədovanın öz əməlilə YAP-ın və bütövlükdə hakimiyyətin mahiyyətini açması, parlamentin siyahı və rüşvət müqabilində formalaşdırıldığını əyani şəkildə nümayiş etdirməsi hakim partiya təmsilçilərini hiddətləndirib.

http://www.azadliq.az/index.php?option=com_content&view=article&id=22278:guelr-hmdova-hakimiyyti-antaj-etdi&catid=293:syas&Itemid=457

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button