Ailəsi Ruben Vardanyanın aclıq aksiyasını dayandırdığını deyir

Yayımlandı: 26 Aprel 2024 14:50

Keçmiş “dövlət katibi” ailəsi ilə telefonla danışıb

Bakı İstintaq Təcridxanasında saxlanılan Dağlıq Qarabağdakı keçmiş separatçı rejimin “dövlət katibi” olmuş Ruben Vardanyan aclıq aksiyasını dayandırıb.

Onun aprelin 5-dən Bakı həbsxanasında aclıq aksiyasına başladığı bildirilirdi.

“Reuters” yazır ki, Ruben Vardanyanın aclıq aksiyasına başlaması və onu bitirməsi ilə bağlı məlumatı ailəsi verib.

Bildiriblər ki, onun səhhəti və saxlanma şəraiti pis olduğu üçün aclıq aksiyasını dayandırmağa razı sala biliblər.

55 yaşlı Vardanyan 2023-cü ilin sentyabrında Ermənistana keçməyə cəhd edərkən Qarabağın bir neçə digər yüksək vəzifəli məmuru ilə birlikdə Azərbaycan qüvvələri tərəfindən həbs edilib.

Ailəsinin yaydığı bəyanatda bildirilir ki, Vardanyan saxlanılandan sonra ilk dəfə həyat yoldaşı ilə danışa bilib. Açıqlamada deyilir ki, aprelin 5-də aclıq aksiyasına başlayacağını elan edəndən sonra ona iki dəfə zəng etməyə icazə verilib.

“Biz Azərbaycana açıqladıq ki, dünyanın diqqəti erməni məhbuslarının, o cümlədən atamın taleyinə yönəlib”, – Vardanyanın oğlu David bəyanatında bildirib.

Əlavə edib ki, bütün dünyada bu həbslərə artan maraq onun və digərlərinin azadlığa buraxılmasına səbəb olacaq.

Azərbaycan Ermənistan arasındakı Qarabağ problemi 1990-cı illərin əvvəllərində iki ölkə arasında toqquşmalara səbəb olub. Əvvəlcə Ermənistan Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edib.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.
Bakı ötən il sentyabrın 19-20-də Qarabağda “lokal anti-terror tədbirlər” elan edib. Yerevan bunu “etnik təmizləmə” kimi dəyərləndirib.

Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələ ki, sülh sazişi imzalanmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button