Akademiya kimi adam – Çapay Sultanov

Əvəz Zeynallı

əvəz

Onu tanıyalı təxminən 10 ildir. “Xural”ın axarlı-baxarlı zamanlarında Çapay müəllimin kitablarını alırdım. Özü göndərirdi. Kitabların daşıdığı mahiyyəti, ehtiva olunan mövzular məni hər zaman heyrətləndirirdi. Açığı, belə adamları Türkiyədə çox görmüşdüm. Oralarda belə adamların olması çox normaldı, amma burada – istedadlara qarşı səlib yürüşünün olduğu bir məmləkətdə bu tip adamlarla qarşılaşanda hər zaman heyrətlənmişəm. Bu adamlar gecə-gündüz demədən çalışıblar. Yorulmadan, usanmadan, bezmədən…

İndi dəbdir. Yerdən yenicə boy atan gəncəcik cavanlar onu oxumağın üçün əlini əlinin üstünə qoymurlar. Dünya umurlarında deyil. Yaşlılar da elədir. Bəziləri hətta onun gül camalını tanımaqda 2-3 saniyəlik gecikməni belə adama bağışlamırlar. İticidir Azərbaycan siyasi-ədəbi-mətbu elitası bu baxımdan. Amma Çapay Sultanov fərqli adamdır. O, özünü oxudur və bunun üçün yoruldum demədən çalışır.

Girişdə kitablarını özünün göndərdiyini yazmışdım. Təsadüfən elə yazmadım. Heç kimlə müqayisə etmədən deyə bilərəm ki, Çapay Sultanov bu ölkədə qarşılaşdığım yeganə adamlardandır ki, medianın nə olduğunu, nə demək olduğunu ən azı media işçiləri qədər bilir, anlayır və onlarla elə də davranır. Heç kimə təəccüblü gəlməsin. Mən çox adamlar görmüşəm…

Çapay Sultanov

Mən Türkiyə “Dərin Dövlət”inin ixtiyarlarından Müzəffər Özdağla illər boyu dostluq etmişəm. Onun 75 yaşını keçəndə dil öyrəndiyinin şahidiyəm. Yanımda Türkiyə Genelkurmayının 4 ulduzlu generalları telefon edib bilgi alıblar, partiya sədrlərinin ayaqda durub ayağına getdiyi generalların üstünə qışqırıb Müzəffər Özdağ “Azərbaycanı küsdürmək olmaz!” deyə. Heç mənə də “bayırda gözlə” deməyib. Yanımdaca danışıb.

75 yaşını haqlayan Səlahəddin Kılıç vardı. Bir gün “ixtiyarın” baqqalına getmişdim. Onu ciddi-cəhdlə oxuyan gördüm. “Hocam, nə edirsiniz?” dedim. Məlum oldu ki, Səlahəddin bəy gürcü dilini öyrənməyə qərar verib. Quruyub qaldım, səbəbini soruşdum, “Gürcüstan yaxın dönəmlərdə önəmli strateji mövqeyə yüksələcək, dilini öyrənmək lazım” dedi. Heyrətlənməyin, Səlahəddin Kılıç bunu deyəndə heç Saakaşvilinin “S”-si belə yox idi. Hər Gürcüstanın mövqeyinin gücləndiyinin şahidi olduqca Səlahəddin Kılıçı xatırladım – 75 yaşında gürcü dilini öyrənməyə qərar verən, gecə-gündüz çalışan bir dövlət adamı…

Nədənsə, Çapay Sultanovdan danışanda bu adamlar – Müzəffər Özdağ, Səlahəddin Kılıç yadıma düşdü. Çapay müəllim də mənə onları xatırladır. Bu haqda bir dəfə onun özünə də demişəm. Təxminən 6 il əvvəl Çapay müəllimin evində olanda Müzəffər Özdağı xatırlamışdım. Müzəffər bəyin də evi elə idi – muzey kimi…

Bax elə işləyir Çapay Sultanov. Yaşı artdıqca, məsuliyyəti də artır. Məhsuldarlıq da artır. Kitabların sanbalı, həcmi, sayı da artır. Onun yazıları, araşdırmaları, onun ortaya çıxardığı analizləri bəlkə də ayrıca bir institut, bir akademiya işləməlidir. Amma tarixin cilvəsinə baxın, institutlar, akademiyalar yatarkən, ayrıca adamlar – Çapay Sultanov kimi adamlar dayanmadan çalışırlar.

Bu səmimi, təvazökar, yorulmaq bilmədən çalışan adamın – Çapay Sultanovun martın 5-də, bir neçə saatdan sonra 80 yaşı tamam olur. Onu təbrik edirəm. Nə yaxşı ki, bu ölkədə belə adamlar hələ də var.

Bir Akademiya kimi adamlar. Bir İnstitut kimi adamlar. Dövlət kimi adamlar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button