Akif Çovdarovun himayə etdiyi “iş adamı” həbs olundu

““Arko” MMC ilə “Badu Kubə” arasında uzun illərə dayanan qalmaqal davam edir. Torpaq və tikinti üstündə başlayan bu qalmaqalın tarixi 2005-ci ildən başlayır. “Arko” MMC-nin sahibi Asif Əsədullazadə bina tikintisi üçün qanuni icazə alsa da, bir müddət sonra tək bu işi başa vura bilməyəcəyini görüb “Badu Kubə” MTK ilə müqavilə bağlayır. Müqaviləyə görə, “Badu Kubə” MTK evi tikməli, bunun qarşılığında Asif Əsədullazadəyə həm 8.000 kvadrat metr mənzil, həm də qeyri-yaşayış yeri verməli idi.

2007-2008-ci ilə qədər işlər yolunda gedərkən, Ədalət Qəmbərov adlı bir adam “Badu Kubə” MTK-ya sədr keçir və anlaşılmazlıq da buradan başlayır. O zamandan davam edən narazılıq əvvəlcə xırda mübahisələrə, zamanla isə düşmənçiliyə çevrilir. Dünya malı münasibətləri o həddə gətirir ki, iş adamı Asif Əsədullazadənin oğlu üzərinə gələn insanlarla silah dilində danışır və nəticədə Ədalət Qəmbərovun adamlarından biri dünyasını dəyişir. Türkel həbs və məhkum olunur” – dekabr ayının 9-da xural.com-un dərc etdiyi bu xəbərdən sonra hadisədə gəlişmələr var.

Asif Əsədullazadənin yaxınlarından aldığımız məlumata görə, artıq Ədalət Qəmbərov həbs olunub. Nəhayət ki, haqq-ədalət öz yerini tapdı. Daha dəqiq desək, haqq öz yerini tapdı, Ədalət də öz “yerini”. Bu, həmin o Ədalətdir ki, saxta yollarla “Badu-kubə” MTK-ya sədr keçərək 10 il ərzində vətəndaşların mənzillərini iki, üç, hətta dörd adama sataraq külli-miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsədi. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 2005-ci ildə təməli qoyulan binanı iflic vəziyyətinə saldı. 7 adamın həbsinə, üç nəfərin ölümünə səbəb olan Ədalət Qəmbərov dövlətə “atmağı” da yaddan çıxarmadı. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində özünə “krışa” tapan bu adam, illərdən bəri vergidən nə az, nə çox, düz 1.100.000 manat yayınmasına baxmayaraq, bir kəsin hünəri çatmırdı ki, ona “gözün üstə qaşın var” desin. İnşa olunan binada 322 mənzili 500 yaxın vətəndaşa satan Ədalət Qəmbərov, Yasamal məhkəməsinin 25 yanvar 2017-ci il tarixli həbs qətimkan qərarı ilə Kürdəxanı həbsxanasında öz əməllərinin cəzasını çəkir. Vergilər Nazirliyinin Vergi cinayətlərinin ibtidai araşdırmalar idarəsində iki ilə yaxın gedən cinayət işi nəhayət ki, tamamlandı və Ə.Qəmbərovun vergidən külli-miqdarda yayınma faktı öz təsdiqini tapdı. Bundan əlavə, bir neçə orqanda onun dələduzluq əməlləri, habelə Akif Çovdarovla iş birliyi qurması faktları barədə də cinayət işləri gedir.

Asif Əsədullazadənin özü ilə əlaqə saxladıq və baş verənləri o da təsdiqlədi: “Bütün bunlar yaxşı haldır. Bütün cinayətlərin üstü gec-tez açılır və günahkarlar cəzalanır. Məni başqa bir məqam daha çox düşündürür. Görəsən, Ədalət Qəmbərov kimi dələduza inanaraq pullarını verib mənzil alaraq, sonradan aldadılğını bilən vətəndaşların taleyi necə olacaq? Binanın tikintisini kim tamamlayacaq? Əhaliyə vurulan ziyan kimlər tərəfindən ödəniləcək?”

xural.com-da dərc olunan əvvəlki yazını və iş adamı Asif Əsədullazadənin başına gələnlərin videosunun da yer aldığı məqaləni bu linkdən oxuya bilərsiniz:

İş adamı Asif Əsədullazadədən şok iddia:”Akif Çovdarov həbsdə olsa da, hələ də ondan qorxurlar”-VİDEO

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button