Akif Muradverdiyev yenidən saxlanıldı

akif muradverdiyev20.06.2013

İyunun 20-də Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş rəhbəri Akif Muradverdiyev Beynəlxalq hava limanında saxlanıb.

“Akif Muradverdiyev barəsində Səbayel rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə  2 ay müddətinə həbs qətimkan tədbiri seçilib”.  Bunu A. Muradverdiyevin vəkili Fuad Ağayev APA-ya deyib.

Vəkilin məlumatına görə, A.Muradverdiyev səhər saatlarında Səbayel rayon Polis İdarəsində və ya məhkəməsində olub. 

Vəkil deyib ki, A. Muradverdiyev qaçaqmalçılıqda ittiham olunur.

Akif Muradverdiyev hava limanının gömrük və sərhəd xidmətlərini keçib neytral zonaya daxil olanda saxlanılıb. Onun çantasında 18 min manat dəyəri olan  10-luq qızıllar olduğu iddia edilir. A. Muradverdiyev Moskvaya uçurmuş.

F.  Ağayev bildirib ki, A. Muradverdiyev xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun həbs müddətində də Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılmasına qərar verilib.

Vəkil məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib.

A.Muradverdiyev 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşlara hazırlıq ittihamı ilə həbs edilmişdi. Sonradan bu ittiham iqtisadi ittihamla əvəz olunub və 6 il həbsə məhkum edilib.

Muradverdiyev 2008-ci il yanvarın 15-də Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunmaqla cəzası şərti hesab edilərək, azadlığa buraxılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button