AKP aldadıb ər tutmağı kimdən öyrəndi?

Anar Niftəliyev

Türkiyədəki parlament seçimləri öncəsi YAP öz mövqeyini əməlli-başlı ortaya qoyub: Əli Əhmədov qardaş ölkədəki seçkilərdə AKP-ni dəstəklədiklərini bəyan edir, YAP-çı millət vəkilləri AKP-nin təbliğat kampaniyasında iştirak üçün Türkiyəyə yollanır; bəh-bəh, nə gözəldir: bülbül cəh-cəhlə gülə qonub, gül ilhama gəlib!

Belə görünür ki, artıq qardaş ölkələrin iqtidarları arasında soyuq münasibətlər arxada qalıb. Hətta Əli Əhmədov deyir ki, YAP AKP ilə birgə «mütəmadi olaraq müxtəlif səviyyələrdə toplantılar təşkil edir, müzakirələr, fikir mübadiləsi aparır».

Mən də neçə müddətdir çaşıb qalmışdım ki, əcəba, bu Ərdoğan Türkiyənin başına açdığı oyunları hardan öyrənib?

Demə, «fikir mübadiləsi» aparırlarmış, təcrübə keçirlərmiş. Məhz bunun nəticəsində Ərdoğan nələr öyrənsə yaxşıdır?

1.  Gizli yolla çəkilmiş intim səhnələri yaymaqla rəqibləri vurmağı;

  1. Bütün millətçiləri «siyasi çevriliş» şousuyla içəri doldurmağı;
  2. İnsan haqlarını vecinə almadan hamının telefon danışığına qulaq asmağı;
  3. Üzdə Ermənistanla siyasi münasibətləri qurmadığını söyləyib, qeyri-rəsmi ticari əlaqələri inkişaf etdirməyi, 2 min erməni cocuğunu himayəyə götürməyi və ölkədə qeyri-qanuni çalışan 70 min erməni miqranta toxunmamağı;
  4. Siyasi rəqiblərin maliyyə imkanlarını bütün vasitələrlə əlindən alıb onları bir xoruza yük etməyi;
  5. Media qurumlarını satın almaq və öz təbliğatçısına çevirməyi;
  6. Siyasi maraqlara uyğun olmayan jurnalistləri cəzalandırmağı;
  7. Narazı kəsimi Cinayət Məcəlləsinin istənilən maddəsi ilə suçlayıb həbs etməyi;
  8. Millətçilərdən «xoxan» obrazı düzəldib bir türk ölkəsini qeyri-türklərin idarəetməsinə verməyi;
  9. Bütün bunların fonunda iqtisadi inkişaf, tikinti-quruculuq işləri, xalqın rifahının yaxşılaşması, «İnkişafın Türkiyə modeli» nağılları ilə əhalini yuxuya verməyi və s.

Zatən, bu dediklərimizin Azərbaycanda böyük ənənəsi var: müxalifəti sıradan çıxarmağın ən eybəcər üsullarından tutmuş hakimiyyətdə qalmağın min bir yoluna qədər hər siyasi oyun Azərbaycanda sınaqdan keçirilib. O ki qaldı «düşmən-düşmən» oyununa, bunu da Azərbaycandan öyrəndiklərinə şübhə yoxdur: Ermənistanla müharibə şəraitində ola-ola bu ölkəyə Gürcüstan üzərindən neft sata bilirik, Türkiyə çit-çülük sata bilməz? Bakıda 30 min erməni ailəsini himayə edirik, Türkiyə 70 min qeyri-qanuni erməni miqrantı ölkəsində bəsləyə bilməz?

Əlbəttə, eləyə bilər. Sadəcə, Türkiyə elədiklərini açıq-aşkar deyirdi. AKP-YAP siyasi məsləhətləşmələrində onları başa saldıq ki, belə zadları səsə salmayın.

İndi AKP iqtidarında xeyli irəliləmə var, püxtələşiblər, öyrəniblər: əgər hakimiyyətdə qalmaq üçün Türkiyənin federallaşması tələb olunsa, AKP-nin bu addımı da tərəddüdsüz atacağına heç bir şübhə ola bilməz. Azərbaycan təcrübəsi var axı; Qarabağın itirilməsi hakimiyyətin qarantı olmadımı?

Digər tərəfdən, islam əxlaqından danışan, namaz qılıb oruc tutan, içki içməyən, xanımlarını çadraya bürüyən bir iqtidar soydaşının intim görüntülərini yaymağı özünə sığışdırırsa, artıq onun hansı siyasi əxlaqa sahib olduğu bəs-bəlli!

Beləcə, Ərdoğan AKP-si Əliyev YAP-ından öyrənə-öyrənə Türkiyəni Azərbaycanlaşdırmağa doğru sürətlə irəliləyir. Artıq Türkiyədə ölülərin adlarının bülletenə salınması təcrübəsi də yaranmaqdadır. Əli Əhmədovun dediyi kimi, YAP-AKP siyasi müzakirələri bir azacıq da inkişaf etsə və Məzahir Pənahov 3-cə günlüyə Türkiyəyə ayağını qoysa, vəssalam, Ərdoğanın bütün narahatlığı birdəfəlik tarixin arxivinə gömüləcək: 78 faizlə qələbə çalacaq və iqtidarını təkbaşına sürdürə-sürdürə Türkiyəni sürüdəcək.

Necə ki, Azərbaycan xoşbəxt gələcəyə doğru uçuruma sürüklənir.

“Xural” qəzeti,

İl: 9, sayı: 022 (430), 12-18 iyun 2011-ci il


Əlaqəli məqalələr

1 şərh

  1. İnsafın olsun. Bu qədər də iftiramı olar? MHP-nin videosunu Erdoğanın təşkil etdiyini deyirsən, əlində bu iddianı sübut eliyəsi hansısa sübutun varmı? Əlbəttə yox, iş bu halda sənin elədiyin hansı vicdana sığır? Sənin elədiyin “palçıq at, özü qalmasa da izi qalsın” prinsipidir. Əgər sivil ölkə olsaydıq, sənin bu axmaq iftirana qarşılıq çoxdan iş həyatına xitam verilmişdi..
    Görünür milliyyətçisən, videoların yayımlanmasını tənqid edirsən. Yaxşı videosu çıxmış üzdəniraq “millətçilərə” nə deyirsən?
    Videoları yayımlayan əxlaqsızdır, namussuzdur amma videosu çıxan qeyrətli oğlandır eləmi.? Gördük “millətçilərinin” millətə olan hörmətini.
    O ki qaldı erməni məsələsinə, lazım deyil Türkiyə nümunəsi, gəl lap isiyirsən bərabər gedək Rusiya bazarlarına, gör orada sənin millətinlə ermənilər necə sülh içində çiyin-çiyinə ticarət edir…
    Niyə öz millətində olmayanı Türkiyədən gözləyirsən.?
    O torpaqların necə verildiyini sən də bilirsən mən də bilirəm. Torpaq davası olan millət, Fələstin kimi olur… Qeyri sözə nə hacət…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button