AKP-nin tənəzzülü: hakim partiya 3 yerə bölünür

Şahin Cəfərli,
politoloq

 

Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyası (AKP) sıralarından istefa verdi. Gözlənilən olsa da, Türkiyə siyasəti üçün əhəmiyyətli hadisədir, çünki söhbət sıradan siyasətçidən yox, yaxın tarixdə iqtidar partiyasının lideri və ölkənin baş naziri olmuş şəxsdən gedir. Şübhəsiz ki, bu addımın Türkiyədə siyasi proseslərin bundan sonrakı inkişafına təsiri olacaq.

Ə.Davudoğlu hələ aprel ayında geniş manifest açıqlayaraq AKP-nin və Türkiyənin durumunu tənqid ruhunda təhlil etmiş və çıxış yollarına dair öz vizyonunu ortaya qoymuşdu. Bu barədə Abzas.org-da dərc olunan yazımızda qeyd etmişdik ki, Davudoğlu təcrübəli siyasətçi kimi çox yaxşı bilir ki, səsləndirdiyi tənqidlər və irəli sürdüyü təkliflər prezident Ərdoğan tərəfindən diqqətə alınmayacaq, hətta bu mövqeyinə görə hücumlara, həqarətlərə məruz qalacaq. Sadəcə olaraq, birdən-birə AKP-dən istefa verərək yeni siyasi partiya quruculuğuna başlamağı AKP-nin üzv və tərəfdarı olan mühafizəkarlara izah etmək, bu addımı əsaslandırmaq çətin olardı. İctimai rəyi əvvəlcədən buna hazırlamaq lazım idi. Davudoğlu nümayiş etdirməliydi ki, partiya daxilində kifayət qədər mübarizə aparıb, amma irad və təklifləri nəzərə alınmadığı üçün AKP-dən ayrılmaqdan başqa yolu qalmayıb…

Belə də oldu. Partiyanın keçmiş liderinin mövqeyi nəinki nəzərə alınmadı, bir müddət sonra onun və ətrafındakı şəxslərin AKP-dən xaric olunması məsələsi qaldırıldı. Nəticədə Davudoğlu xaricetmə qərarını gözləmədən 13 sentyabr 2019-cu il, cümə günü mətbuat konfransı keçirərək öz komandası ilə birlikdə AKP-dən istefa verdiyini açıqladı. O, “yeni siyasi hərəkat inşa etmək və yeni bir yola çıxmaq bizim üçün həm tarixi məsuliyyətdir, həm də millətimiz qarşısındakı öhdəliyimizin tələbidir” sözləri ilə yeni siyasi partiya yaratmağa başladığını ilk dəfə açıq şəkildə bəyan etdi.

Davudoğlu insanı mərkəzə qoyan, insan haqları və ləyaqətinə hörmətlə yanaşan, bəşəri dəyərləri yaşadan, qadağalara, korrupsiyaya qarşı mübarizə aparan, düşüncə, vicdan azadlıqlarının məhdudlaşdırılmadığı, demokratik hüquqi dövlət prinsiplərinin işlədiyi, dövlət-xalq malına əl uzadılmadığı, nepotizmin olmadığı bir düzən qurmaq istədiklərini vurğulayaraq partiyasının proqram tezislərini də diqqətə çatdırmış oldu.

Davudoğlu ilə bərabər 100-ə yaxın keçmiş millət vəkili və AKP-nin keçmiş yerli təşkilat rəhbərləri də istefa verib. Bu sırada AKP-nin İstanbul və Ankara təşkilatlarının sabiq sədrlərini ayrıca qeyd etmək lazımdır.

Yeni partiyalar qurularkən lider və vitrinlə yanaşı, təşkilatçılıq qabiliyyətinə və təcrübəsinə sahib şəxslərin olması da böyük əhəmiyyət daşıyır. Çünki yerlərdə əhalinin əhval-ruhiyyəsini, siyasi baxışlarını, sadə dildə desək, kimin kim olduğunu liderlər yox, məhz bu şəxslər yaxşı bilir. Təkcə üst qurumun cazibəsi uğur qazanmaq üçün yetərli deyil, bunun üçün bütün ölkə boyu şaxələnmiş təşkilati struktur qurmaq vacib şərtdir. Ona görə də AKP-nin sabiq təşkilat rəhbərlərini öz sıralarına cəlb etmək yeni partiya(lar) üçün böyük önəm daşımaqla yanaşı, hakim partiya üçün ən azı tanınmış siyasətçilərin istefası qədər zərbə deməkdir.

AKP üçün təhlükə mənbəyi təkcə Davudoğlu və çevrəsinin partiyalaşması olsaydı, bu prosesdən nisbətən az zərərlə çıxmaq mümkün olardı. Çünki Davudoğlu mühafizəkar elektorat arasında müəyyən nüfuza malik olsa da, ölkə miqyasında yüksək reytinq sahibi deyil. Xüsusən Suriya siyasəti və bunun nəticəsində ölkəyə milyonlarla qaçqının axışmasına görə çoxları məhz Davudoğlunun məsuliyyət daşıdığını düşünür. Ərdoğanın “neoosmanizm” xəyalına əsaslanan müdaxiləçi xarici siyasətinin memarı məhz Davudoğludur. Sabiq hökumət başçısının siyasi baqajı onun siyasətdə yenidən irəliləməsinə əngəl törədəcək yük kimi görünür. Müstəqil siyasi layihəyə başlayan digər siyasi xadimin isə bu cür keçmişi yoxdur və onun perspektivi daha parlaq görünür: söhbət AKP-nin qurucularından olan Əli Babacandan gedir.

Keçmiş baş nazir müavini-iqtisadiyyat naziri, AKP-nin ilk dönəmlərindəki iqtisadi inkişafın müəlliflərindən olan, təkcə mühafizəkarlar deyil, ən müxtəlif təbəqələr tərəfindən də qəbul edilən Əli Babacanın yaradacağı partiya Ərdoğan və AKP üçün daha böyük təhdid kimi qiymətləndirilir. O, Davudoğlundan daha əvvəl – iyul ayında AKP-dən istefa verib və keçmiş prezident Abdulla Gülün dəstəyi ilə yeni partiyanın formalaşdırılmasına başlayıb. Yaxın həftələrdə həm Davudoğlunun, həm də Babacanın partiyaları təsis edilmiş olacaq. Yeni partiyaların öz adları, vitrinləri, proqramları ilə hüquqi şəxs olaraq ictimaiyyətin qarşısına çıxmasından sonra hakim partiyadan qopmaların daha da sürətlənəcəyini, bu sıraya hazırkı bəzi AKP millət vəkillərinin də qoşulacağını söyləmək olar. 2018-ci ilin iyulundan bu ilin eyni dövrünə qədər 788 min AKP üzvü partiyadan çıxıb. Son rəy sorğusuna əsasən AKP-nin reytinqi 30,6%-ə enib. Bu sorğunu hökumətə yaxın ORC sosioloji araşdırma şirkətinin keçirməsi belə gümanlara əsas verir ki, AKP-nin real reytinqi əslində 30%-dən aşağı ola bilər. İstənilən halda, AKP-nin geriləmə trendinə daxil olması göz önündədir və inkarolunmaz həqiqətdir. Rəcəb Tayyib Ərdoğanın şəxsi nüfuzu və xarizması artıq əvvəlki kimi cəlbedici deyil. Son bələdiyyə seçkiləri, xüsusən 23 iyun axşamı İstanbuldakı nəticə Ərdoğanın məğlubedilməz lider imicini sarsıtdı.

Şübhəsiz ki, Ərdoğanın və AKP-nin tənəzzülündə ölkədəki iqtisadi böhranın ciddi rolu var. Əhalinin rifah səviyyəsi aşağı düşür, alıcılıq qabiliyyəti azalır, işsizlik artır. Hökumət böhranın qarşısını almaq üçün hələ də ciddi və ümidverici proqram ortaya qoya bilməyib. Prezidentin ölkə iqtisadiyyatının idarəçiliyini öz kürəkəninə tapşırması hətta AKP üzvləri arasında da narazılıq doğurur. Suriyalı qaçqınların yükünü daşımaq böhran şəraitində daha da çətinləşib və onların mövcudluğu yerli əhalini qıcıqlandırmağa başlayıb. Xalqın böyük qismi mövcud iqtidarın bu qədər problemin öhdəsindən gələ biləcəyinə inanmır.

Bir sözlə, Türkiyədə növbəti hakimiyyət dəyişikliyi üçün şərtlər yetişməkdədir. Əgər müxalifət ciddi xətalara yol verməyib, bələdiyyə seçkilərindəki ağıllı strategiyasını davam etdirsə və onun sıralarından qarşı tərəfə – Cumhur İttifaqına keçidlər olmasa (iqtidar tərəfindən belə cəhdlər edilir), növbəti seçkilərdə hakimiyyət dəyişikliyinin baş verməsi ehtimalı kifayət qədər yüksək görünür.

 

abzas.net

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button